Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5102/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5102/2023 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(008)- 2683/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də direktor müavini vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 587 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Gülməmmədova (Məlikova) Samirə Asif qızı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərildiyi) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 587 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə cavabdehdən xeyrinə əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbini belə əsaslandırmışdır ki, o, xeyli müddətdir cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləmiş və xx.xx.2022-ci il tarixli, 491K saylı əmrə əsasən şirkətin direktor müavini vəzifəsinə təyin edilmişdir. Gəncə şəhərində ali təhsil alması ilə bağlı Cavabdeh MMC-nin Bakıda yerləşən “Grandmart” şəbəkəsindən Gəncə şəhərindəki Bolmart mağazasına köçürülmüşdür. İşlədiyi dövr ərzində nümunəvi işçi olmuş, bu müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən heç bir nöqsanı olmamışdır, əksinə dəfələrlə kollektiv arasında təriflənmişdir. Bütün bunlara baxmayaraq, 2022-ci ilin noyabr ayından şirkətdə olan bəzi mənfur şəxslərin gözügötürməzliyi nəticəsində, ona qarşı qaralama kampaniyası başladılmışdır. Bununla bağlı dəfələrlə şirkətin rəhbər şəxslərinin qəbulunda olub onunla bağlı bütün məsələlərə aydınlıq gətirmiş və hər dəfə dinlənildikdən sonra ona işinin davam etdirilməsi bildirilmişdir. Sonuncu dəfə isə ona deyilmişdir ki, onunla bağlı məsələyə yaxın zamanlarda aydınlıq gətiriləcək, bu səbəbdən işə gəlməməsi, gözləməsi bildirilmişdir. İşə gəlsə də, xx.xx.2022-ci il tarixdən onu heç bir rəsmi əsas olmadan işə buraxmamışlar. Hüquqlarını müdafiə etmək, ona qarşı böhtan xarakterli kampaniyaya son qoyulmaq üçün bütün rəhbər şəxslərə şifahi və rəsmi müraciətlər etmişdir. Hətta tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə də rəsmi müraciət ünvanlamışdır. Şirkətin özbaşınalığı o həddə çatmışdır ki, cavabdeh şirkət rəsmi dövlət orqanına tələb olunan sənədləri təqdim etməmişdir. Nəhayət, Cavabdeh MMC-in xx.xx.2022-ci il tarixli, 104 saylı məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdən 587 saylı əmrlə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilməklə işdən azad olunmuşdur. Buna aydınlıq gətirilməsi, qanunsuz əmrin qərəzli və ədalətsiz olması səbəbindən ləğv olunmasını tələb etsə də, cəhdləri heç bir müsbət nəticə verməmişdir. Cavabdeh MMC-yə mediasiya təklifi barədə məktub göndərmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlmədikdə Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Hüquqlarının işəgötürən tərəfindən pozulmasının qarşısını almaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, tərəfindən işdən azad olunmasına səbəb ola bilən heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh şirkət onu işə qərəzli olaraq, hədə-qorxu gələrək buraxmamışdır. Bununla bağlı onun istər işəgötürənə, istərsə də, səlahiyyətli dövlət təşkilatına müraciətləri, həmçinin şahidləri var. Hesab edir ki, onun işdən azad olunması tamamilə qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. İşəgötürən tərəfindən, qanunla nəzərdə tutulmuş işdən azad olunma haqqında qaydalar kobud şəkildə pozulmuşdur. İşəgötürən tərəfindən qanunsuz olaraq işdən azad olunması nəticəsində o, qazanc mənbəyini itirmişdir, ailəsinə maddi dəstək ola bilmir. Beləliklə, heç bir əsas olmadan, qanunvericiliyin, habelə tərəflər arasında bağlanılmış əmək müqaviləsinin tələblərinə zidd olaraq, onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Cavabdeh qeyd olunanlara əsasən, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Gəncə şəhərində iddiaçı ilə eyni ixtisas üzrə təhsil alır, yəni qrup yoldaşıdırlar. İddiaçı universitetdə hazırkı məsələ barədə onunla söhbət etmişdir. Gəncə şəhərində yerləşən “Bolmart” mağazasında bölgə müdirinin qəbuluna iddiaçı ilə birlikdə getmişlər. Söhbət əsnasında, iddiaçıya başqa işçisinin kartından pul çıxardığı bildirilmiş, lakin iddiaçı pulu qəsdən çəkmədiyini demişdir. Həmçinin iddiaçı işə buraxılmamış, ona işinin dondurulduğu bildirilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(008)- 2683/2023 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia ərizəsi təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdilər ki, iddiaçı daha öncə Grandmart mağaza şəbəkəsinin Həzi Aslanov filialında direktor müavini vəzifəsində çalışmış, ikinci təhsili ilə əlaqədar olaraq Gəncə rayonuna köçmüşdür. Orada da ən yaxşı mağazaya- Bolmart mağazasına köçürüldü. Orada işləyərkən maaş kartı ola-ola başqasının maaş kartını verib, demişlər ki, bu kart sənindir, o, dəfələrlə özünün kartının olmasını və bu kartın əlavə ikinci kart olduğunu bildirmişdir, şirkətin özünün xəbəri belə yox idi ki, maaş kartlarının müddəti bitmədən başqa bir kart veriblər, bu kart əslində başqasının adına olan bir kart imiş. Pulu çıxardıqdan sonra mağaza rəhbərinə bildirdi ki, kartına artıq pul yatıb, onda kartın özünə aid olmadığını bilmirdi, rəhbərlikdən bildirdilər ki, hər halda yerdəyişməyi ilə əlaqədar olan son haqq-hesaba görədir. Dedilər ki, işinə davam etsin, ancaq o, işə qayıdanda demişlər ki, sizin iş dondurulub, qayıdın. Dəfələrlə işə getsə də, işə buraxılmamışdır. Onu işə buraxmadıqlarnı təsdiq edən video-görüntü flashkartda var. Qarşı tərəfin əməkdaşları bir tərəfdən işə buraxmırlar, digər tərəfdən məktublar göndərirlər ki, işə getsin. Əmək müfəttişliyinə də müraciət edib. Dəfələrlə işə getsə də onu buraxmayıblar. İşlədiyi müddətdə nümunəvi işçi olmuşdur, kartla bağlı mübahisəyə görə əmrdə iddiaçının işdən azad edilməsi əsası kimi heç nə qeyd edilməmişdir. İş materiallarından da aydın görünür ki, o, işə getsə də işə buraxılmamış və aidiyyatı üzrə DSMF-nin Əmək Müfəttişliyi Xidmətinə, işəgötürənə, daha sonra isə məhkəməyə müraciət etmişdir. 13.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, kartla bağlı məsələ mübahisəyə çevrilmədiyinə görə iddiaçının işdən çıxarılması barədə əmrdə öz əksini tapmamışdır, mübahisə olsaydı bununla bağlı hal da əmrdə öz əksini tapardı. İşçi sırf işə gəlmədiyinə görə işdən azad olunmuşdur. Dəfələrlə qarşı tərəfə şirkət tərəfindən həm şifahi, həm də yazılı şəkildə xəbərdarlıq edilmiş, işə gəlməsi tələb olunmuş və ya hansısa üzrlü səbəbdən gələ bilmirsə, səbəbini bildirməsi barədə məktublar göndərilmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Ancaq iddiaçıya güzəşt edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əvəzinə iddiaçının öz ərizəsinə əsasən işdən azad edilməsi əsasına razıdırlar.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
15. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
17. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
18. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
19. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən l əğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
28. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 491K №-li əmrə əsasən Cavabdeh MMC-yə müdir müavini vəzifəsinə qəbul edilmişdir.
29. Həmin əmək kitabçasının surətindən və Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 587K №-li əmrdən məlum olur ki, İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
30. İşdə olan, Cavabdeh MMC-nin direktoru tərəfindən iddiaçıya ünvanlanmış müraciətlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin üzrlü səbəbi barədə sənəd təqdim olunması, əks halda onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, lakin işçinin cavab müraciətində göstərdiyi faktlar təsdiqini tapmadığından, barəsində çıxarılmış əmr diqqətinə çatdırılmışdır.
31. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, işəgötürən tərəfindəndən tələb olunan sənədlər təqdim edilmədiyindən iddiaçının müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. (i.v.13).
32. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, Cavabdeh MMC-nin Gəncə şəhərində yerləşən mağazasında müdir müavini vəzifəsində işləyən Gülməmmədova (Məlikova) Samirə Asif qızı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, xx.xx.2022-ci il tarixdən işə gəlməmiş və bunun üzrlü halı barədə təsdiqedici sənədi işəgötürənə təqdim edə bilməmiş, bununla da əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bu səbəbdən işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının hazırki tələbləri əsassız olmuşdur.
33. Kollegiya hesab edir ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə mübahisənin həlli ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olmadığını vurğulayaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilməsinə hüquqi zəmin olmamışdır.
35. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Qanunvericiliyin yuxarıda qeyd olunan mənasina görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
38. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
39. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin 587K nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə Cavabdeh bölməsində “müdir müavini” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cavabdeh işçinin əmək vəzifələrinin kobud şəkildə pozuntusu kimi onun xx.xx.2022-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə gəlməməsinə əsaslanmışdır. Halbuki, MMC tərəfindən iddiaçıya (işçiyə) göndərilmiş xx.xx.2022-ci il tarixli ilkin xəbərdarlıq məktubundan sonra iddiaçı dəfələrlə cavab məktubları ünvanlayaraq işə gəlməməsinin səbəbləri barədə açıqlamalar vermiş, işi buraxmasının özünün səhlənkarlığı ucbatından deyil, işəgötürən tərəfindən işə buraxılmağa icazənin verilməməsindən dolayı baş verdiyini bildirmiş və əmək funksiyalarının yerinə yetirilməsi üçün iş yerinə buraxılmasına şərait yaradılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı bu dövrdə AR ƏƏSMN yanında X4 Xidmətinə də müraciətlər edərək MMC-nin əməlləri barəsində məlumat vermiş və əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmək istəsə də, işəgötürən tərəfindən buna imkan verilmədiyini billdirmişdir.
40. Kollegiya işin hallarını tam ətraflı araşdıraraq belə qənaətə gəlir ki, iddiaçıya istinad olunan pozuntu (xx.xx.2022-ci il tarixdən işə gəlməməsi) İddiaçı iradəsi xaricində olmuşdur. Belə ki, iş materialları ilə mübahisəsiz qaydada müəyyən olundu ki, Cavabdeh MMC bir tərəfdən İddiaçı qeyd olunan tarixdən işə gəlməməsinin səbəblərinə dair sənəd təqdim etməsi ilə bağlı təkliflər vermiş, əks halda əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq etmiş, bir tərəfdən də işçinin mövcud vəziyyətə aydınlıq gətirilməsi, izahatlarının alınması məqsədilə qəbulunu həyata keçirməyərək, işə buraxılmasına, əmək funksiyalarının icrasına şərait yaratmamışdır. AR ƏƏSMN yanında X4 Xidmətinin iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərinə cavab məktubundan görünür ki, araşdırılma aparılması üçün Cavabdeh MMC-dən işçiyə aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuş, lakin müəssisə tərəfindən sənədlərin təqdim olunması təmin olunmamışdır. Nəticədə iddiaçının müraciətlərinə baxmaq mümkün olmamışdır. İşin qeyd olunan faktiki halları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilə biləcək hər hansı pozuntuya yol verməsindən bəhs etmək mümkün deyildir.
41. Beləliklə, sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərilmiş hallar hazırki iş materialları ilə öz təsdiqini tapmır.
42. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
43. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
45. Qeyd olunanlar kontekstində Kollegiyanın gəldiyi qənaətə görə, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə “AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən” yazılmaqla kifayətlənilərək işçi tərəfindən hansı öhdəliklərin yerinə yetirilmədiyi, ümumiyyətlə, göstərilməmiş, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbləri pozularaq iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsi tələb edilməmiş, ehtimal edilən nöqsan barədə fikri dinlənilməmiş, onun cavabdeh təşkilatda işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməməsi, şəxsiyyəti və peşəkarlıq səviyyəsi kimi hallar nəzərə alınmamışdır.
46. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
47. Bununla belə kollegiya birinci instansiya məhkəməsinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə dair mövqeyi ilə razılşaraq qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.20232-cü il tarixli arayışından göründüyü kimi, İddiaçı hazırkı tələblə mediasiyanın təklifi barədə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, ərizənin dəlilləri əsassız olmaqla, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(008)- 2683/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 587K nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də “müdir müavini” vəzifəsinə bərpa edilsin. 23 dekabr 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova