Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5104/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Ramana ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə yerləşən 341 saylı evin iki otağına onun və iki azyaşlı övladının köçürülməsi və həmin evin həyətyanı sahəsinin yarısının onların istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, ərizə ilə müraciət edərək, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını və işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə, onunla əsaslandırılmışdır ki, sözügedən qətnamənin qəbul edildiyi ərəfələrdə iddiaçı ilə münasibətləri qaydasına düşdüyündən qətnamənin surətini məhkəmədən tələb etməmişdir. Sonradan isə münasibətləri yenidən pisləşmiş, Sabunçu Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan olan uşaqları onun yanında saxlanılmışdır. Bir müddət sonra İcra şöbəsinə çağırılaraq bildirilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 26.08.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçı ona məxsus mənzilə köçürülməlidir. Lakin iddiaçı ilə bir evdə yaşamaları mümkün deyil, həmin qətnamə qəbul olunarkən azyaşlı uşaqları iddiaçının himayəsində olsalar da, hazırda onun yanındadırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh, şikayət verərək, həmin qərardadın ləğv, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, 05 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını, iddiaçı isə, şikayətə etiraz edərək, təmin olunmamasını və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə iddiaçı tərəfindən qətnamənin ləğv edilməsinə dair ərizənin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmamalı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. İşdə olan sənədlərdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 26.08.2010-cu il tarixli qətnaməsi hər iki tərəfin iştirak etdiyi məhkəmə iclasında elan olunmaqla 01.09.2010-cu il tarixli məktubla tərəflərə, o cümlədən Cavabdeh göndərilmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 01.02.2011-ci il tarixdə İddiaçı ərizəsinə əsasən icra sənədi icra edilmədən geri qaytarılmış, 05.11.2020-ci il tarixdə isə onun ərizəsi əsasında yenidən icraya yönəldilmişdir. Cavbadeh 02.02.2020-ci il tarixdə sözügedən qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməklə, müddətin buraxılmasının səbəbi kimi qətnamənin qəbul edilməsindən sonra iddiaçı ilə münasibətləri normallaşdığına görə şikayət vermək niyyəti olmadığından qətnaməni rəsmi qaydada əldə etməməsini, hazırda isə münasibətlərinin yenidən pisləşməsini göstərmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, işdən görünür ki, iddiaçı eyni iddia tələbi (evə köçürülmə) ilə cavabdehə qarşı iddia ilə yenidən məhkəməyə mürcaiət etmiş və Sabunçu Rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 15.07.2019-cu il tarixli qərardadı ilə rayon məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, Sabunçu Rayon Məhkəməsinin 26.08.2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin keçməsi Cavabdeh iradəsindən asılı olmayan hallarla əlaqəli deyil. Başqa sözlə, cavabdeh, həmin qətnamədən xəbərdar olmasına baxmayaraq, ondan apellyasiya şikayəti vermək niyyəti olmamış və qanunla müəyyən edilmiş müddətdi ötürmüşdür. Sonradan cavabdehdə bu niyyətin formalaşmasına səbəb olmuş şəraitin dəyişməsi isə buraxılmış müddətin bərpası üçün üzrlü səbəb hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsinin müddətin bərpasının rədd edilməsinə dair qərardadı əsaslıdır. Bu qənaətə gələrkən, Kollegiya şikayətin digər dəlllərinə (tərəflərin bir evdə yaşamasının mümkün olmaması və birgə nikahdan olmuş uşaqların cavabdehin himayəsinə qalmasına dair) münasibətdə vurğulayır ki, mübahisənin mahiyyətinə aid olmaqla qətnamədən şikayət vermək üçün ötürülmüş müddətin üzrlü sayılması barədə ərizənin həllinə təsir edən hal deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2196/2010 nömrəli, 18 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5104/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5104/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver