Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5107/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2734/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1211/2019 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilərək Cavabdeh aşağıda qeyd olunan əşyalar, onlar mövcud olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi:, Cavabdeh birgə nikah dövründə əldə edilmiş dəyəri 1000 manat olan LSD televizor, dəyəri 1200 manat olan künc divan, dəyəri 600 manat olan sobanın yarı dəyəri alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə Cavabdeh ½ (ikidə bir) hissədə, İddiaçı – ½ (ikidə bir) hissədə payları müəyyən edilməklə aralarında bərabər paylara bölünməsi qət edilmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1012/2022 saylı, 18 may 2022ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı birgə borclu kimi ödənilmiş vəsaitin tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2 (103)-5225/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1012/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 7807 (yeddi min səkkiz yüz yeddi) manat alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
4. Bakı şəhəri Nərimanov Ryaon Məhkəməsinin 8(005)-459/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 nömrəli icra sənədinin icrasının təmini məqsədilə borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır.
6. AZEMİS elektron sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzili ********* qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı mülkiyyətindədir.
7. Hazırda İddiaçı cavadehlə paylı mülkiyyətində olan mənzilə köçürülməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 2 nömrəli mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-157/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə qeydə alınmış xx.xx.2005ci il tarixli nikahın pozulması qət edilmişdir. Qeyd etmək istəyir ki, cavabdehlə birgə nikah dövründə "xxxx" ASC-nin Mərkəzi filialı ilə müqavilə imzalayaraq ilkin ödəniş olaraq 16.700 manat ödəniş edib, bankdan 50.000 manat kredit götürməklə, ümumi dəyəri 66.700 manat olan ünvan 2 ünvanında yerləşən mənzili ipoteka ilə almışlar. AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzil cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2019 №li xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə ½ (ikidə bir) hissədə onun payı, ½ (ikidə bir) hissədə cavabdehin payı müəyyən edilməklə bərabər paylara bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12341/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh onu mənzilə buraxmır. Nəticədə mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2734/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 2 nömrəli mənzilinə köçürülməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil ½ hissədə iddiaçıya məxsus olduğundan, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, və 29-cu maddəsinin İİ bəndinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17ci maddəsi, “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi , «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini təmin etməklə, Bakı şəhəri,Yasamal rayon məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(004)- 2734/2024 qətnaməsini ləğv edib,iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən ipoteka krediti üzrə nikah pozulduqdan sonra heç bir ödəniş edilməmişdir,lakin Yasamal Rayon Məhkəməsi bu faktı nəzərə almamış, cavabdehin mülkiyyət hüququnu əldə etməsinə baxmayaraq,mənzilə köçürülməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ünvan 4 ünvanında yaşayır və onun daimi yaşayış yeri var,lakin Yasamal Rayon Məhkəməsi öz qətnaməsində bu xüsusatları araşdırmamış və nəticədə onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Tərəfindən təqdim olunmuş sübutlara Yasamal Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş,sübutlar araşdırılmamışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. Cavabdeh çıxış edərək bildirir ki, 1 ildir ki, qarşı tərəfdən pulun tutulması barədə qətnamə icra olunmur, icra məmuru da qətnamənin icrasını yerinə yetirmir. Ələt qəsəbəsində iddiaçıya mənzil vermişdir. Hazırda qızını öyrədiblər deyə onu görə bilmir. Oğlunu isə tez-tez görür. Mənzilə 1/2 hissədə iddiaçıya pay müəyyən edilib, ona etiraz etmir. Lakin, iddiaçı borcunu ödəməlidir ki, hüququ yaransın. İddiaçı ilə birlikdə yaşaya bilməz. Onunla danışmır, sənədlərini də oğurlatdırıb. Qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İddiaçı paylı mülkiyyətindən olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 2 nömrəli mənzilinə köçürülməsini xahiş edir.
26. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1211/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzilinə Cavabdeh ½ hissədə, İddiaçı – ½ hissədə payları müəyyən edilməklə aralarında bərabər paylara bölünməsi qət edilmişdir.
27. Məhkəmə işlərinin X1 araşdırma zamanı müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzili ********* qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı mülkiyyətindədir.
28. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzil ilə bağlı İddiaçı – ½ (ikidə bir) hissədə pay hüququ müəyyən edilmiş, bu hüquq daşınmaz əmlakla bağlı hüquqların reyestrində qeydiyyata alınmışdır.
29. Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (Maddə 157.2)
30. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 31.Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 nömrəli qətnaməsi ilə İddiaçı 7807 manat alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir, cavabdehin mülkiyyətində ünvan 1 saylı mənzil mövcuddur.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının mülkiyyətində başqa əmlakın olması ona paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 2 saylı mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olmur.
33. O cümlədən, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-459/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-5225/2022 nömrəli icra sənədinin icrasının təmini məqsədilə borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2734/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev