Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5113/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(001)-825/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı 22.08.2014-cü il tarixdə cavabdehin oğlu İrşad Məmmədovla faktiki ailə qurmuş, həmin vaxtdan Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 10 ünvanında yerləşən 20 saylı evə köçərək əri ilə birlikdə orada yaşamışdır. 05.03.2015-ci il tarixdə onların nikahları rəsmi qeydə alınmışdır. Bu nikahdan 20.08.2015-ci il tarixdə Dilbər adlı qızları doğulmuşdur. 28.07.2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmiş, bundan sonra həmin evdə yaşaması ilə bağlı cavabdehlə mübahisələri yaranmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 20.08.2015-ci il təvəllüdlü övladı X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı evə köçürülmələri və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 20 saylı ev özbaşına tikili olmaqla onun nikaha daxil olmasından iki il əvvəl alınmış, evin alınmasını gözləmək üçün iki il nişanlı qalmış, Cavabdeh heç vaxt həmin evdə yaşamamış, Lerik rayonunda işləyərək Şəmkir rayonunda yaşamış, yalnız qonaq kimi oğlunun evinə gəlib-getmişdir. 28.07.2018-ci il tarixdə əri İrşad Məmmədov elektrik cərəyanının vurması nəticəsində iş başında həlak olmuş, ərinin dəfn mərasimi Şəmkir rayonunda yerləşən ata evində təşkil olunduğundan Şəmkirə gedərək dəfn mərasimində iştirak etmişlər. Dəfndən sonra yaşadıqları Binəqədi rayonu, Gülüstan küçəsi 10 ünvanında yerləşən 20 saylı fərdi yaşayış evlərinə qayıdanda qayınanası Cavabdeh onu azyaşlı qızı ilə birlikdə yaşadıqları evdən qovmuş və bir daha həmin evə buraxmamışdır. Başqa yaşayış yerləri yoxdur və hesab edir ki, evə köçürülməli, qayınanasının ona yaratdığı maneələr aradan qaldırılmalıdır. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək (o cümlədən məhkəmə iclasında) bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2006-cı ildə onun tərəfindən əldə edilmiş və sənədlər onun adınadır. Həmin torpaq sahəsinin üzərində olan 2 otaqlı yaşayış evini isə o, həyat yoldaşı Aydın Məmmədovla birlikdə 2004-2006-cı illərdə inşa etmişlər. İddiaçı həmin illərdə halhazırda daimi qeydiyyatda olduğu İmişli şəhəri Meliorator qəsəbəsi 14 saylı evin 3 saylı mənzilində öz valideyinləri ilə birlikdə yaşamışdır. İddiaçı 05.03.2015-ci il tarixdə onun mərhum X5 ilə rəsmi nikaha daxil olmuşdur. O, oğluna ailəsi ilə birlikdə ünvan 2in bir otağında müvəqqəti yaşamaq üçün icazə vermişdir. X5 28.07.2018-ci il tarixdə faciəli şəkildə vəfat etmişdir. Həmin gündən iddiaçı körpə uşağı ilə birlikdə İmişli şəhəri Meliorator qəsəbəsi 14 saylı evin 3 saylı mənzilində yaşayır. ünvan 1, 20 saylı evdə yerləşən bütün əşyalar ona məxsusdur. O, mülkiyyətində olan yaşayış evini mərhum X5na və iddiaçıya satmamış, bağışlamamışdır. O, iddiaçının evsiz-eşiksiz qalmasını istəmir. Nəvəsi 20.08.2015-ci il təvəllüdlü X7 öz himayəsinə qəbul edib saxlamağa razıdır. İddiaçı yaşca cavandır, onun həyatı hələ qarşıdadır və o, sərbəst bir insan kimi gələcəkdə istədiyi vaxt yeni ailə qurmaqda haqlıdır. Bu isə, övladı faciəli surətdə həlak olmuş bir ana kimi nə ona, nədə ki, digər ailə üzvlərinə rahatlıq verməyəcəkdir. O, 38 ildir müəllimə işləyir. Son iş yeri Lerik rayonunda yerləşir. Şəmkir rayonunda da özünə məxsus fərdi yaşayış evi və təsərrüfatı vardır. ünvan 2ini o, qocalanda yaşaması üçün inşa etmişdir. O, nəvəsinə görə iddiaçı üçün də şərait yarada bilər. Belə ki, iddiaçının doğulub, böyüyüb başa çatdığı ata yurdu olan İmişli şəhərində mənzil ala və ya 20.000 manat pul vəsaiti verə bilər. Lakin iddiaçının uşağı ilə birlikdə ünvan 2ə köçüb yaşamasına razı deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(001)-825/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh etirazını Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 10, 20 saylı fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması ilə əsaslandırsa da, evin onun tərəfindən inşa olunmasına, evə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının himayəsində olan uşağı ilə birlikdə ünvan 1, 20 saylı fərdi yaşayış evində yaşaması, bu yaşayış sahəsinin sonuncuların yeganə yaşayış sahəsi olması, bu evə dair hüquq müəyyənedici sənədi olmayan cavabdehin iddiaçıya yeganə yaşayış sahəsində yaşamasına maneələr yaratması öz təsdiqini tapdığından iddia əsaslıdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-ci il tarixli, 2(103)-12190/19 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və yaxud onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1955/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli evin cavabdehin mülkiyyətində olması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin işə apellyasiya qaydasında baxılarkən cavabdeh evin onun mülkiyyətində olmasına dair məhkəmə kollegiyasına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təqdim etmiş və məhkəmə kollegiyası başlıca sübut kimi həmin Reyestrdən Çıxarışa əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Evdən istifadəyə dair mübahisəli hüquq münasibətinin yarandığı dövrdə ev özbaşına tikili olduğundan və belə tikililərdən istifadə ilə bağlı hüquq münasibətləri qüvvədə olan mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, qanunun analogiyasından istifadə olunmaqla mübahisənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həlli imkanı müzakirə olunmalı idi. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5712/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əvvəla, iddiaçının köçürülməsini istədiyi ev ünvan 3 ünvanında yerləşən 20 saylı ev olduğu halda, cavabdehin adına 11.12.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə qeydə alınmış ev həmin ünvandakı 18B saylı evdir; ikincisi isə, cavabdeh, əgər bu evlər eyni evlərdirsə, o zaman müvafiq sübutu hansı səbəblə birinci instansiya məhkəməsinə təqdim etməmiş olduğunu ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bundan əlavə, tərəflər arasında münasibətlərin yarandığı, yəni iddiaçının mənzilə köçdüyü 2014-cü ildə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdı, eləcə də iddiaçı məhz həmin ildən mənzilə köçərək orada ailəsi ilə birlikdə yaşamışdır. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hətta mübahisəsi gedən ev üzərində 2018-ci ilin dekabr ayında cavabdehin mülkiyyət hüququnun qeydə alınmış olduğu qəbul edilsə belə, bu hal tərəflər arasında 2015-ci ildən yaranmış hüquq münasibətlərinə tətbiq olunacaq normanın dəyişməsinə əsas verə bilməz. Hazırkı mübahisəyə qanunun analogiyasından istifadə olunmaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları tətbiq oluna bilər – bu maddəyə görə isə, “...sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar” Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasında məhkəmə tərəflərə qeyri-bərabər münasibət bəsləmiş, 15 dəqiqə çəkən iclasda hakim 12 dəqiqə iddiaçı tərəfə vaxt ayırmış, cavabdeh tərəfə çıxış üçün kifayət qədər vaxt verməmiş, mövqeyini əsaslandırmasına, Ali Məhkəmənin qərarında qoyduğu məsələlər münasibət bildirməsinə imkan verməmiş, həmin halları, o cümlədən, Çıxarışı nə üçün birinci instansiya məhkəməsinə təqdim edə bilməməsini, İddiaçı Cavabdeh evinə gəlin köçmədiyini, onun evində cehizlərinin olmadığım təsdiq edən diski və digər sübutları qəbul etməmişdir. Halbuki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib işi yeni baxışa qaytararkən Cavabdeh evə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışının birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbələrinin araşdırılmasını və Çıxarışın sübut kimi qəbul edilib-edilməməsi məsələsinə qiymət verilməsini şərt kimi qeyd etmişdir. Lakin, yeni baxışda Apellyasiya instansiyası Cavabdeh Çıxarışı nə üçün Binəqədi Rayon Məhkəməsində təqdim etməməsini araşdırmamış və Çıxarışı sübut kimi qəbul edibetmədiyinə münasibət bildirməmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-1007/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5712/20 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsiniə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı, 2014-cü ildən mərhum əri ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı evə köçürülməsini və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Belə olan halda, mübahisəli mənzilin hüquqi statusu, iddiaçının həmin evə münasibətdə hər hansı əmlak hüququ və buna müvafiq tələbin qanuni əsası müəyyən edilməlidir. Apellyasiya məhkəməsi iddianı haqlı sayarkən mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında münasibətlərin yarandığı, yəni iddiaçının mənzilə köçdüyü 2014-cü ildə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdı, eləcə də iddiaçı məhz həmin ildən mənzilə köçərək orada ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə maddi hüquq norması kimi özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci və sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid münasibətləri nizamlayan Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad etmişdir (§ 13, 19-20, 23-24). Kollegiya bildirir ki, mənzillə bağlı mübahisə həll edilərkən həm münasibətlərin yarandığı, həm də ondan sonrakı dövrdə daşınmaz əşyanın hüquqi statusuna, əşya üzərindəki hüquqlara (mülkiyyət hüququ, mənzildə yaşamaq istəyən şəxslərin əmlak-ailə hüquqları və s.) dair qanunvericilik nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçı mübahisəli mənzilə köçdüyü zaman həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçının oraya köçməsinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 68-ci maddəsinin nəzərdən keçirilməsi mümkün olsa da, diqqətdən qaçırılmamalıdır ki, sonradan, yəni 11.12.2018-ci ildə daşınmaz əşyanın hüquqi statusunda dəyişiklik olmuş, mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Kollegiya vurğulayır ki, daşınmaz əşyaya dair mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə üçün həmin əşyanın hüquqi statusu müəyyən olmalıdır. Çünki, tərəflərin hüquq və vəzifələrinin yaranması və ya xitamı üçün bu hal mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 02.09.2019-cu il tarixdən apellyasiya məhkəməsinə daxil olmuş iş üzrə mənzilin 11.12.2018-ci ildən dəyişmiş statusunun müəyyən edilməməsi, bu barədə zəruri sübutların məhz cavabdeh tərəfindən təqdim edilməməsinə görə həmin mənzilə özbaşına tikili və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid normaların tətbiqi doğru yanaşma sayıla bilməz. Odur ki, mənzilə dair mübahisə onun mövcud hüquqi statusu nəzərə alınmaqla həll edilməlidir. Kollegiya bildirir ki, qanuni əsas və məqsəd olmadan, formal mülahizələrlə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı). Hazırkı iş üzrə mübahisəli mənzilin 11.12.2018-ci ildən cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınması həmin mənzilə dair yeni hüquq münasibətlərinin yaranmasına dəlalət edir. Başqa sözlə, həmin andan mənzildən istifadə etmək istəyən şəxslərin hüquqları mülkiyyətçiyə münasibətdə mövcud qanunvericiliyə əsasən müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyəformasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyi əsas götürüldükdə mənzilə dair cavabdehin mülkiyyət hüququnun qeydə alındığı 11.12.2018-ci il tarixdə iddiaçının mənzildə yaşayış hüququna qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından qiymət verilməlidir. Həmin normaya görə mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (§ 21-22). Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Bundan əlavə, apellyasiya məhkəməsinin qətnaməsində iddiaçının tələbində göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən 20 saylı mənzillə, cavabdehin adına verilmiş mülkiyyət şəhadətnaməsində qeyd olunan həmin ünvan üzrə 18B nömrəli mənzilin eyni olubolmaması faktı qeyri-müəyyən qalmışdır. Halbuki, işin düzgün həlli üçün bu halın dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də, mənzilin nömrəsi ilə bağlı araşdırma aparılmaqla ziddiyyətli məlumatlar aydınlaşdırılmalıdır. Əgər qeyd olunan mənzillər fərqlidirsə iddia tələbi əşyanın hüquqi statusu və qanunvericliyə uyğun həll edilməlidir. Əgər eyni mənzildirsə iddiaçının ailə qanunvericiliyinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququna malik olub-olmaması yoxlanılmalı və nəticəsindən asılı olaraq mübahisəyə yekun hüquqi qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi heç bir hüquqi qüvvəsi olmayan və sənəd hesab edilməyən 11.08.2018-ci il tarixli akta, eləcə də ümumiyyətlə həmin ərazidə yaşamayan, rəsmi qeydiyyat yeri başqa olan şahid ifadələrinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, güya İddiaçı yeganə yaşayış yeri mübahisəli evdir. Eyni zamanda məhkəmə qətnaməsindən də görünür ki, nəvəsi X9 atasının qeydiyyatda olduğu Şəmkir şəhəri, Səttərxan küçəsi ev 92-də qeydiyyatdadır. O da məhkəmə baxışı zamanı onların Şəmkir rayonu, Səttarxan küçəsi ev 92-də yaşamasına etirazının olmadığını, iddiaçının valideyinləri yaşadığı İmişli rayonunda 2 otaqlı ev və ya 20000 manat maddi köməklik (nəvəsinin xatirəsinə görə) təklif etsə də, iddiaçı bunları qəbul etməmişdir. Əgər iddiaçı yeganə yaşayış yeri istəyirsə etdiyi bu cür təkliflərə razı olmaması, onun yeganə yaşayış yerinin cavabdehin evi olmadığı öz təsdiqini tapır və məhkəmənin də əsassız qətnamə qəbul etməsini sübut edir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya icraatı iştirakçılarının izahatları: Cavabdeh hazırki apelyasiya icraatında verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirdi ki, mübahisələndirilən yaşayış sahəsi onun əri və özü tərəfindən 2004-2006-cı illərdə tikilmiş, iddiaçı oğlu ilə ailə qurduqdaq sonra həmin evin bir otağını yaşamaq üçün onlara vermis, oğlu rəhmətə gedəndən sonra 2018-ci ildən iddiaçı könüllü olaraq çıxıb İmişli Rayonunda olan ata evinə getmişdir. İddiaçı ilə rəhmətə gedən oğlunun nikah münasibətlərinə xitam verildiyindən, iddiaçı onun ailə üzvü hesab edilmir, ev özünün xüsusi mülkiyyətində olduğundan, iddiaçının köçürülməsinə etiraz edir. İddiaçı iddia ərizəsində 20 saylı evə köçürülməsini qeyd etsə də, əslində ona məxsus 18 “B” saylı evə köçürülməsini istəyir. 20 saylı ev isə başqa şəxsə məxsusdur. Ona görə də qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X12 hazırki apelyasiya icraatında verdiyi izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini qeyd edərək, eyni zamanda göstərdi ki, mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətində olduğundan və cavabdehin iddiaçını ailə qanunvericiliyinə uyğun olaraq saxlama öhdəliyi olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı hazırki apelyasiya icraatının birinci iclasında verdiyi izahatında apelyasiya şikayətinə etiraz etdiyini qeyd edərək, göstərmişdir ki, iddiaçı mübahisəli mənzilə köçərkən ev özbaşına tikili olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, Mənzil Məcəlləsinin 68-ci maddələrinin tələblərinə əsasən həmin yaşayış sahəsinə hüququ yaranmış, ona görə də iddia əsaslı olduğundan, qətnamə qüvvədə saxlanılmaqla, apelyasiya şikayəti təmin olunmamalıdır. İddiaçı eyni zamanda bildirdi ki, iddia ərizəsində mübahisəli mənzilin nömrəsini 20 saylı qeyd etsə də, əslində cavabdehə məxsus mübahisəli mənzilə (gəlin köçüb yaşadığı evə) köçmək istəyir. İş materiallarındakı sübutlar: İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.03.2015-ci il tarixli AZ-İİ № 034527 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 ilə X11 05.03.2015-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 514 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Şəmkir rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.10.2015-ci il tarixli AZ-İİİ № 618416 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 20.08.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2149 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası İddiaçı qızıdır. İş materiallarında olan X1, X14, X3 tərtib etdikləri 11.08.2018-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı 2014-cü il tarixdən ünvan 4 ünvanına gəlin köçmüş və əri X13 və azyaşlı qızı ilə birlikdə yaşamışdır. İş materiallarından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 saylı 31.10.2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Cavabdeh istifadəsinə 400 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Binəqədi rayon İcra və probasiya şöbəsinin 04.12.2018-ci il tarixli aktından müəyyən olunur ki, icra sənədi üzrə borclu Cavabdeh Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 10, 20 saylı evdə olan cehiz əşyalarının çölə tökülməsi kimi hərəkətlərin edilməsi qadağan edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamı ilə Binəqədi qəsəbə ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alqısatqı qaydasında mülkiyyətinə ayrılmış və Binəqədi qəsəbə Bələdiyyəsi ilə Cavabdeh arasında torpaqların alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, iddiaçının sifarişi əsasında “xxxx” MMC tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsi hazırlanmışdır. İş materiallarında olan 11.12.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşə, ümumi sahəsi 138,1 kv.m olan fərdi yaşayış evi və 0,026 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Bhlul qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş cavabda bildirmişdir ki, ünvan 7 ünvanı Cavabdeh (Çıxarış Seriya 1433810) məxsusdur. ünvan 8 ünvanı mərhum X4 aid olub, evin ev dəftəri var, göstərilən ünvanda mərhumun ailəsi qeydiyyatda olaraq yaşayır. Hüquqi dəyərləndirmə: Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, bütövlükdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən birinci apelyasiya icraatı zamanı təqdim edilmiş mübahisəli evin hüquqi statusu ilə bağlı sənədlər və hazırki apelyasiya icraatı zamanı məhkəmənin sorğusuna əsasən alınmış, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış da sübut kimi qəbul edilib, dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 05.03.2015-ci ildə cavabdehin X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, sonra ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək X13 ilə birlikdə orada yaşamağa başlamış və ümumi təsərrüfat aparmışdır. Tərəflərin birgə nikahından 20.08.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. 28.07.2018-ci il tarixdə X13 bədbəxt hadisə nəticəsində vəfat etmiş və İddiaçı həmin tarixdən yaşadığı evi tərk etmişdir. Həmin vaxt və hazırkı iddia irəli sürülən zaman mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi və maneələrin aradan qaldırılması tələblərini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi 2006-cı ildə onun tərəfindən əldə edilmiş və sənədlər onun adınadır. Həmin torpaq sahəsinin üzərində olan 2 otaqlı yaşayış evini isə o, əri Aydın Məmmədovla birlikdə 2004- 2006-cı illərdə inşa etmişlər. İddiaçı həmin illərdə hal-hazırda daimi qeydiyyatda olduğu İmişli şəhəri, Meliorator qəsəbəsi, 14 saylı evin 3 saylı mənzilində öz valideynləri ilə birlikdə yaşamışdır. O, oğluna ailəsi ilə birlikdə mübahisəli evin bir otağında müvəqqəti yaşamaq üçün icazə vermişdir. Oğlunun vəfat etdiyi gündən iddiaçı körpə uşağı ilə birlikdə İmişli şəhərində yaşayır. O, nəvəsinə görə iddiaçı üçün də şərait yarada bilər. Lakin iddiaçının uşağı ilə birlikdə mübahisəli evə köçüb yaşamasına razı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı mübahisəli evə köçdüyü vaxt və hazırkı iddianı irəli sürüldüyü zaman həmin ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilirdi. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçməmiş və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və yaxud onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu hallara ümumiyyətlə istinad etməmiş və heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamı ilə Binəqədi qəsəbə ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alqı-satqı qaydasında mülkiyyətinə ayrılmış və Binəqədi qəsəbə Bələdiyyəsi ilə Cavabdeh arasında torpaqların alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçının sifarişi əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 10 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsi hazırlanmışdır. Hazırkı iddia qaldırılmamışdan əvvəl, yəni 18.09.2018-ci il tarixdə iddiaçı həmin fərdi yaşayış evinin layihə əsasında sənədləşdirilməsinə köməklik göstərilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş və təqdim olunmuş layihə təsdiqlənərək iddiaçıya qaytarılmışdır. 11.12.2018-ci il tarixdə isə ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 138,1 kv.m olan fərdi yaşayış evi və 0.026 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi hazırda mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi də Cavabdeh xüsusi mülkiyyətindədir. Kollegiya hazırki apelyasiya icraatı zamanı mübahisəli mənzilin nömrəsinin 20 və ya 18”B” olması halını tərəflərin iştirakı ilə aydınlaşdırmış və eyni zamanda İcra Hakimiyyəti tərəfindən verilmiş rəsmi sənədlə müəyyən etmişdir ki, iddiaçının köçmək istədiyi mübahisəli mənzil cavabdehin mülkiyyətində olan 18”B” saylı mənzildir. Yuxarıda da qeyd edildiyi kimi, həmin mənzil cavabdehin mülkiyyətindədir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə görə hazırkı mübahisəyə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə iddiaçının mübahisəli evə istifadə hüququnun yaranması istisna olunur. Ona görə də, iddiaçının öz uşağı ilə birgə həmin evə köçürülməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-825/2019 saylı mülki iş üzrə qəbul etdiyi 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 20.08.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 10, 20 saylı evə köçürülmələri və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5113/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5113/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver