Məhkəmə qərarları › İş №2(103)-5113/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5113/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5113/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən PX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 155.9 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına 22 iyun 2012-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı və xx.xx.2018-ci il tarixli, 181 saylı Sərəncamlarına əsasən "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 03 saylı müraciəti nəzərə alınmış, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi məqsədi ilə 3.20 ha torpaq sahəsi "xxxx" MMCnin istifadəsinə verilməsi; ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi qərara alınmışdır.

3. ünvan 2 ünvanda yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli akta əsasən Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, DövlətŞəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə ünvan 1 saylı binaya həmin tarixdə texniki baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yuxarıda göstərilən bina 1955-ci ildə inşa olunmuş, iki mərtəbəli, 4 mənzilli, bəzi hissələrdə çatlar, yükdaşıyıcı konstruksiyalarda aşınmalar, qəzalı vəziyyətdə olmuş, istismar müddəti bitmiş, texniki vəziyyəti qeyriqənaətbəxş olmuş, şəhərsalma və tikinti normalarına cavab verməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 saylı evin 1-ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 3 ünvanda MMC tərəfindən inşa edilən 5 saylı binanın 1-i ci mərtəbəsində yerləşən sahəsi 155.9 kv.m olan tam təmirli qeyri-yaşayış sahəsi MMC tərəfindən bir ay müddətinə ona təhvil verilməsi, cavabdeh X2 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 59 saylı evin 8 saylı, 2 otaqlı, sahəsi 61.9 kv.m olan mənzilindən çıxarılması, ünvan 3 ünvanda MMC tərəfindən inşa edilən 5 saylı binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 75 kv.m, 2 otaqlı 6 saylı tam təmirli mənzilin üç ay müddətinə MMC tərəfindən ona təhvil verilməsi və cavabdehlər yeni mənzilə və qeyri-yaşayış sahəsinə köçdükdən sonra ünvan 2 saylı binanın sökülməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, Cavabdeh ünvan 2 saylı evin 1-ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyriyaşayış sahəsindən çıxarılması, ünvan 3 ünvanda MMC tərəfindən inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 175 kv.m olan tam təmirli qeyri-yaşayış sahəsinin MMC tərəfindən bir ay müddətinə ona təhvil verilməsi və cavabdeh yeni qeyriyaşayış sahəsinə köçdükdən sonra ünvan 2 saylı binanın sökülməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, MMC cavabdeh X4 ilə razılığa gələrək, onunla 2 mart 2022-ci il tarixli müqavilə imzalandığından cavabdeh X3 dair iddia tələblərindən imtina etməklərini nəzərə alaraq ona aid hissədə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər-Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar "xxxx" MMC Bakı şəhərinin Nizami rayonu ərazisində istismar müddəti bitən, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir tələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirmişdir. Həmin qərara əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində 1779 mənzildən ibarət 131 yaşayış binası, o cümlədən ünvan 4 ünvanda yerləşən iki mərtəbəli, qəzalı vəziyyətdə olan binanın sökülməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, həmin ünvanda istismar müddəti bitən binalara baxış keçirilmiş, müvafiq aktlar tərtib olunmuş, cavabdehin mənzili olan binanın yerləşdiyi torpaq sahəsi müvafiq sərəncamla iddiaçının istifadəsinə verilmişdir ki, orada sözügedən bina sökülərək, yerində müasir tələblərə cavab verən tikinti işləri aparılsın. Cavabdeh mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə ona 175 kv.m ölçüdə tam təmirli qeyri-yaşayış sahəsi təklif edilsə də, o 200 kv.m qeyri-yaşayış sahəsinin verilməsini tələb etmişdir. Cavabdehə bir neçə təklif olsa da, verilən təklifləri qəbul etməmişdir. Həmin binada cavabdehdən başqa bütün sakinlər köçürülmüşdür. Mövcud praktikaya görə, köçürülən sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə 20 faiz əlavə olunmaqla yeni mənzillər verilir. Qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2430/2020 saylı qərarına əsasən həmin ərazidə digər sökülən binalardan köçürülən sakinlərə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşaması üçün hər ay 350 manat kirayə haqqı ödənilməklə ona tam təmirli, əvvəlki mənzilinin sahəsindən 20 faizdən artıq mənzil sahəsinin verilməsi və sakinlər köçürüləndən sonra qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının sökülməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı artıq icra olunmuşdur. Həmin ünvanda yerləşən binada mövcud olan mülkiyyətçilərin əksəriyyəti ilə MMC artıq müqavilə bağlamış və həmin sakinlər, artıq yaşadıqları mənzillərdən köçürülmüşdür. Həmin binalar söküldükdən sonra yerində abadlıq işləri görülməli idi. Lakin cavabdehin köçürülməsi yubandığdan bu işlərin görülməsi mümkün olmamış və nəticədə həmin ərazidə artıq tikintisi başa çatdırılan 4 və 5 saylı yaşayış binasında mənzil alan sakinlərin hüquqları pozulmuşdur. Həmin binalarda 250-dən artıq mənzil mülkiyyətçisi var. Mənzil mülkiyyətçilərinin bir qismi artıq öz yeni mənzillərində yaşamışlar. Cavabdehin yaşadığı qəzalı binanın sökülüb yerində abadlıq işlərinin aparılmaması səbəbindən həmin binaların həyətində antisanitariya vəziyyəti qalmaqda davam etmişdir. MMC cavabdehə artıq istismara qəbul edilən 2 saylı binanın 3cü mərtəbəsində tam təmirli, sahəsi 75 kv.m olan mənzil təklif etmişdir. Cavabdeh həmin mənzili heç bir səbəb göstərmədən qəbul etməkdən imtina etmişdir. Ona tikintisi başa çatan 4 saylı binadan iki otaqlı mənzil təklif edildikdə bu təklifi qəbul etmişdir. Sonradan bildirmişdir ki, anası hesab etmişdir ki, həmin mənzilin mərtəbəsi onlara uyğun deyil. Cavabdeh özü birinci mərtəbədə yaşasa da, 5 saylı binanın 2-ci mərtəbəsində ona təklif olunan mənzillərdən də mərtəbəni uyğun saymadığından imtina etmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1016/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7187/2022 nömrəli mülki iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1902/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7187/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

14. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

15. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

16. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

17. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

18. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddiadan imtina ərizəsinin qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir.

21. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı tərəfindən ona qarşı iddiadan imtinanın qəbul edilməsinə və icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı "xxxx" MMC-nin iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar