Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5114/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9548/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9548/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarını 31 may 2016-cı ildən 16 may 2021-ci il tarixinədək dayandırması göstərilsə də, NKA-nın aktiv olması səbəbindən MMC-nin vergi öhdəlikləri yaranmışdır. Ərizəçi tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2898/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-385/2021 saylı, 18 mart 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayəti ilə razılaşmayaraq "xxxx" MMC-nin hazırda hər hansı borcunun olmadığını bildirdi. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, həmin sənəddə "xxxx" MMC-nin (VÖEN: **********) 02.12.2019-cu il tarixə cəmi 52.696,93 manat vergi borcu olması barədə qeyd aparılmışdır. 04.06.2018-ci il tarixli **********1 saylı Bildirişdən görünür ki, həmin sənəddə vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 50,846.76 manat, o cümlədən vergilər üzrə 38,673.77 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 12,132.99 manat vergi borcunu 5 gün ərzində ödəməli olduğu Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bildirilməsi barədə qeyd aparılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9250/2016 saylı 01.08.2016-cı il tarixli qətnaməsi ilə vergi ödəyicisi "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9250/2016 saylı 15.08.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququna qoyulan müvəqqəti məhdudlaşdırılmanın götürülməsi qət edilmişdir. Həmçinin həmin qətnamədən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9250/2016 saylı 15.08.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin 04.08.2016-cı il tarixə dövlət büdcəsinə borcunun olmaması, onun vergi borcunu tam olaraq ödəməsi müəyyən olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin "xxxx" MMC-yə ünvanlanan uçota dair arayışdan görünür ki, "xxxx" MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək dayandırılmışdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarın ləğv edilməsi barədə 20.02.2017-ci il tarixli **********081960 saylı Qərarı ilə "xxxx" MMC (VÖEN: **********) üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 31.08.2016-cı il tarixli **********038232 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İnzibati şikayətin təmin edilməsi haqqında 02.08.2016-cı il tarixli **********829900 saylı qərarından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) 2016-cı ilin 1-ci rübü üçün mənfəət vergisi üzrə əlavə hesablanmış 26770,36 manat cari vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayətlərinin tam təmin edilməsi, "xxxx" MMC-yə kameral vergi yoxlaması ilə 2016-cı ilin 1ci rübü üçün mənfəət vergisi üzrə əlavə hesablanmış 26770,36 manat cari vergi məbləğinin azaldılması qərara alınmışdır. 084003 saylı vəsiqədən görünür ki, Maraqlı şəxs İ dərəcəli Qarabağ əlilidir. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02 fevral 2021-ci il tarixli Müraciətə baxılması haqqında məktubuna əsasən "xxxx" MMC-nin 01 fevral 2021-ci il tarixə dövlət büdcəsinə 12.10 manat ödənilməmiş borcu olduğu göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 24 iyun 2021-ci il tarixli sorğuya İdarə tərəfindən cavab verilərək vergi ödəyicisinin 12 iyul 2021-ci il tarixə dövlət büdcəsinə borcu olmadığı bildirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə təkrar apellyasiya qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-385/2021 saylı, 18 mart 2021-ci il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-385/2021 saylı, 18 mart 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr əsassız olaraq borcun mövcudluğuna dair sübutların olmamasına, iş materiallarında olan sübutların ərizəsinin təmin edilməsini mümkün etməməsinə və 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək MMC-nin fəaliyyətinin dayandırılmasına istinad edərək ərizəni təmin etməmiş, eləcə də vergi ödəyicisinə 26.07.2018-ci il tarixdə göndərilmiş **********938900 nömrəli “Xəbərdarlıqbildiriş” nəzərə alınmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı Apellyasoya Məhkəməsi vergi ödəyicisinin vergi borcunun olub-olmamasının müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24 iyun 2021-ci il tarixdə sorğu ilə müraciət etmiş, İdarə tərəfindən sorğuya cavab olaraq göndərilən 13 iyul 2021-ci il tarixli məktubda vergi ödəyicisinin 12 iyul 2021-ci il tarixə dövlət büdcəsinə hər hansı borcunun olmaması qeyd olunmuşdur. Belə olan halda məlum olur ki, hazırkı iş üzrə ərizəçinin vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə 52696,95 manat məbləğində vergi borcunun olmasına əsaslanmaqla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9548/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5114/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5114/2021
14.07.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver