Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5115/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun bərpa edilməsi, azyaşlı uşağı ilə onlara məxsus əşyaları ilə birlikdə evə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1551/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı ilə birlikdə Cavabdeh1 məxsus cavabdehlərin ümumi istifadəsində olan Bakl şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Bağları yaşayış massivi, Sahil Göyüşov küçəsində yerləşən qaynatasına məxsus 6 otaqlı, kürsülü yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə onlara məxsus əşyaları ilə birlikdə evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh3 xx xxxx 2013-cü ildə rəsmi nikah daxil olmaqla, ailə qurmuş və onların birgə nikahından xx xxxxxxxx 2013-cü il təvəllüdlü Fatimə adlı övladları var. Lakin onların arasında bağlanmış nikahı pozulmuşdur. Ağstafa rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Sərxandan uşağın saxlanması üçün 154 manat məbləğində aliment və müalicə xərci üçün 30 manat tutulmuşdur. O, Cavabdeh3la ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış massivi, Sahil Göyüşov küçəsində yerləşən qaynatası olan Cavabdeh1 məxsus 6 otaqlı, kürsülü yaşayış evinə gəlin köçmüş və ona məxsus cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Lakin 2018-ci ildə Cavabdeh3 ayrıldıqdan sonra uşağın xəstəliklərə başı qarışan bir vaxtda cavabdehlər ona məxsus cehiz əşyalarını onun razılığı olmadan atası evinə göndərmişlər. Övladı Fatimə autizm xəstəsidir və daimi olaraq müayinə və müalicə olunmalı xəstəlikdir. Fatimə bio və kimyəvi müalicələrlə yanaşı loqopedik, psixoloji müayinə və müalicə olunmalıdır ki, bu müalicələr Bakı şəhərində mümkündür. Bu səbəbdən o, Cavabdeh3la birgə nikah dövründə yaşadıqları evə köçürülməsini istəyir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1551/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh3 ilə birgə nikah dövründə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Zığ bağları yaşayış massivi Sahil Göyüşov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili 2009-cu il tarixdə almış və iddiaçı onun oğlu ilə ailə həyatı qurduqdan sonra 2013-cü il tarixdə həmin evə gəlin köçmüşdür. Sonra iddiaçı ilə onun oğlu arasındaki nikah pozulduqdan sonra o ata evinə qayıtmışdır. Biirinci instansiya məhkəməsi bu halları nəzərə almadan əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnamənin iddia tələbinin qismən təmin olunuş hissəsində ləğvinə yönəldiyi aydın olur. Buna görə də kollegiya qətnamənin əsaslılığını iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1551/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında xx xxxx 2013cü ildə bağlanmış nikah pozulmuş və Ağstafa rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(015)-1289/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh3 xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X1 müalicə xərci üçün hər ay əlavə olaraq 30 manat pul İddiaçı xeyrinə tutulmuşdur. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 “uşaq autizmi, motor funksiyalarının inkişafının spesifik pozuntuları, aromatik aminturşu mübadiləsinin pozğunluqları xəstəliyi” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından kollegiyanın qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya iddiaçının 2013-cü ildən mübahisəsi gedən evdə yaşadığını nəzərə almaqla hesab edir ki, mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsini tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə Cavabdeh3 arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmiş və beləliklə də onunla evdən yaşayış sahəsi kimi istifadə edən cavabdehlər arasındakı ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı ilə cavabdehlər arasında, iddiaçının mübahisəsi gedən evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququ həmin dövrdən itirilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, İddiaçı mübahisəsi gedən evə sahiblik edən şəxslərdən (Cavabdeh3 valideynlərindən) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də, kollegiya hesab edir ki iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1551/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - yəni “İddiaçı xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh3 ilə birgə nikah dövründə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Zığ bağları yaşayış massivi Sahil Göyüşov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5115/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5115/2020
24.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver