Məhkəmə qərarları › İş №2(103)-5117/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5117/2024

03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5117/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və onun iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən fərdi yaşayış evindən (apellyasiya icraatı zamanı müəyyən edildi ki, hazırda həmin ünvan ünvan 1 11 “Q” saylı ev və 11 “B” saylı evdir) cavabdehlərin çıxarılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 330 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri Sabunçu bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evin tikintisi üçün Sabunçu qəsəbəsi, Anaşkin küçəsində 200 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmasınını xahiş etmişdir. Bələdiyyə, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 1/757 nömrəli məktubunu və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq fərdi yaşayış evi tikintisi üçün iddiaçıya Sabunçu qəsəbəsində, yuxarıda qeyd edilən ünvanda yerləşən 200 kv.metr ölçülü torpaq sahəsini alğı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmasını qərara almışdır. İddiaçı həmin sahədə bir mərtəbəli tikili inşa etmişdir. O, şəxsi işləri ilə əlaqədar mütəmadi olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi üçün torpaq sahəsinə daima nəzarətdə saxlaya bilməmiş və bundan istifadə etmiş cavabdehlər həmin sahəni və sahənin üzərində inşa edilmiş tikilini zəbt etmişlər. İddiaçı, cavabdehlərdən həmin sahədən və tikilidən çıxmalarını xahiş etsə də, cavabdehlər buna etiraz etmişlər. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardım almaq, hüquqi yardım almaq üçün 350 manat məbləğində xərc çəkmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 100 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb və o, torpağın mülkiyyətçisi deyil, sonuncunun belə bir iddia elə çıxış etməsi üçün əsaslar yaranmamışdır. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, işin faktiki hallarının məhkəmənin gəldiyi nəticələrə uyğun olmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən tam qanunsuz və əsassızdır. d) apellyasiya icraatı zamanı iş üzrə icraata qismən xitam verilməsi barədə məlumat

7. İşə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, cavabdehlərdən biri olan X2 xx.xx.2019-cu il tarixdə, yəni iddia ərizəsi Rayon Məhkəməsinə verilənə qədər ölmüşdür.

8. Bunu nəzərə almış Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən, yəni hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş iddianın Cavabdeh3 aid hissəsinin həll edilməsi hissəsində ləğv edilməsini və Cavabdeh3 aid hissədə iş üzrə icraata xitam verilməsini qərara almışdır. Çünki iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman Cavabdeh3 təxminən 4 il əvvəl vəfat etmişdir. Belə olan halda müəyyən edilir ki, o, hazırkı iş üzrə tərəf olmamış və tərəf kimi sıradan çıxmamışdır. e) apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinə əlavənin” və “apellyasiya şikayətinə əlavənin” qaytarılması barədə məlumat

9. Apellyasiya baxışı iclasında iddiaçı tərəfindən Məhkəməyə “iddia ərizəsinə əlavə” və “apellyasiya şikayətinə əlavə” verilmişdir. Onlar əlavə olaraq bildirmişlər ki, iddiaçı, torpaq sahəsinin ona ayrılmasına və onun tərəfindən həmin sahədə bir mərtəbəli tikilinin inşa edilməsinə baxmayaraq, şəxsi işləri ilə əlaqədar mütəmadi olaraq Rusiya Federasiyasında olduğu üçün torpaq sahəsi və tikili üzərində hüquqlarını qeydiyyata alınması üçün müvafiq orqana müraciət edə bilməmişdir.

10. “Apellyasiya şikayətinə əlavədə” və “iddia ərizəsinə əlavədə” iddiaçı birinci instansiya məhkəməsində işə baxılması zamanı iş üzrə cavabdeh olmayan şəxslərə (Cavabdeh3 və Cavabdeh2 ailə üzvlərinə) qarşı “torpaq sahəsinin boşaldılması tələbi barədə” iddia irəli sürmüşdür.

11. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla “apellyasiya şikayətinə əlavənin” və “iddia ərizəsinə əlavənin” qəbulundan imtina etmişdir. Çünki iddiaçının təklif etdiyi kimi həmin şəxslərin apellyasiya icraatı zamanı işə cavabdeh qismində cəlb edilməsi həmin şəxslərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Birinci instansiya məhkəməsində icraat” adlı İİ Bölməsində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnəcək. Bundan başqa “apellyasiya şikayətinə əlavədə” və “iddia ərizəsinə əlavədə” ifadə olunmuş tələblərə diqqət yetirdikdə müəyyən edilir ki, iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin baxışına təqdim etdiyi iddianın hüquqi əsasını dəyişməmiş, yeni tələb irəli sürmüşdür. Bu hala MPM-in “Apellyasiya instansiya məhkəməsində işə baxılmanın hədləri” adlı 372-ci maddəsinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, “apellyasiya şikayətinə əlavə” və “iddia ərizəsinə əlavə” apellyasiya icraatına qəbul edilə bilməz. f) apellyasiya baxışının predmeti barədə məlumat

12. Hazırkı qətnamənin 7 və 8-ci bəndlərində göstərilənlərə əsasən müəyyən edilir ki, iddianın Cavabdeh3 aid hissəsi apellyasiya baxışının predmetini təşkil etmir.

13. Apellyasiya baxışın predmetini iddianın Cavabdeh2 aid hissəsi təşkil edir. g) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

14. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

15. Cavabdeh2 apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

16. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, Sabunçu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 nömrəli “Fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamdan” görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 200 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə iddiaçıya ayrılmışdır.

19. “Torpaqların alğı-satqısına dair aktdan” görünür ki, iddiaçı, torpaq sahəsi almaq məqsədi ilə Sabunçu bələdiyyəsinə müraciət etmiş, nəticədə Sabunçu qəsəbəsində 0,02 ha torpaq sahəsi satılması barədə həmin Bələdiyyə tərəfindən xx.xx.2005-ci il tarixdə 08 nömrəli qərar qəbul edilmişdir.

20. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2024cü il tarixli, 49-1/2-7-1559 nömrəli məktubundan görünür ki, həmin məktubla iddiaçıya izah olunmuşdur ki, Sabunçu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 175 nömrəli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsində inşa etdiyi yaşayış evinin naməlum şəxslər tərəfindən zəbt edilməsi məsələsi mülki hüquqi xarakter daşıyır və bununla bağlı o, müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir.

21. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, o, iddiaçının qonşusudur, kirayəçilərdən kirayə haqqını alıb, iddiaçıya verirdi. Ev iddiaçıya məxsusdur, cavabdehlər torpağı zəbt ediblər.

22. Göstərilənlərə və iş üzrə iddiaçı tərəfindən məhkəmələrə verilmiş məlumatlara əsasən müəyyən edilir ki, Sabunçu bələdiyyəsi tərəfindən iddiaçıya Sabunçu qəsəbəsi, Anaşkin küçəsində 200 kv.m torpaq sahəsi yuxarıda qeyd edilən qərarla ayrılmışdır. Buna baxmayaraq iddiaçı torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata alınması üçün müvafiq orqana müraciət etməmişdir.

23. İddiaçı torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması iddiası ilə çıxış edir və iddiasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinin tələbləri ilə əsaslandırır.

24. Həmin maddələrin tələblərinə görə isə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.).

25. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin apellyasiya baxışında qalmış hissəsi əsaslı hesab edilə bilməz.

26. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (maddə 66; bənd 2.). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67; bənd 4.). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68.).

28. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

29. Mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir. İddiaçının mübahisəli torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığı üçün o, torpağın mülkiyyətçisi deyil. Odur ki, iddiaçının iddia ərizəsində ifadə olunmuş və apellyasiya baxışında qalmış tələb ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır.

30. Hazırkı qətnamənin 18-ci bəndində qeyd edilən Sabunçu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 nömrəli “Fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncama” gəldikdə isə qeyd edilməlidir ki, həmin sərəncam iddiaçının iddia ərizəsində ifadə olunmuş və apellyasiya baxışında qalmış tələb ilə çıxış etməsi üçün əsas kimi götürülmüş olsa idi belə, iddianın apellyasiya baxışında qalmış hissəsi təmin edilə bilməzdir.

31. Belə ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsi işləri ilə əlaqədar mütəmadi olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi üçün torpaq sahəsinə daima nəzarətdə saxlaya bilməmiş və bundan istifadə etmiş Cavabdeh2 həmin sahəni və sahənin üzərində inşa edilmiş tikilini zəbt etmişdir.

32. İş materiallarından görünür ki, iddiaçı, Cavabdeh2 mübahisəli ünvanda yaşamasını, oranı zəbt etməsini təsdiq edə biləcək sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir. İddiaçı tərəfindən Rayon Məhkəməsinə şahid qismində təqdim edilmiş X4 da Rayon Məhkəməsinə verdiyi ifadədə həmin torpaq sahəsinin və torpaq sahəsinin məhz Cavabdeh2 tərəfindən zəbt edilməsini Rayon Məhkəməsinə bildirməmişdir.

33. Bundan fərqli olaraq apellyasiya icraatı zamanı iddiaçı, Sabunçu RİH başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli, 5-18-9/2-2137/2024 saylı arayışı Məhkəməyə təqdim etmişdir.

34. Həmin arayışdan görünür ki, Cavabdeh2 mübahisəli tikilidə (11 “B” saylı evdə) qeydiyyatdadır.

35. İddiaçı bu kimi sübutun onun tərəfindən işə baxmış Rayon Məhkəməsinə təqdim edilməməsini inkar etmir.

36. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

37. Mülki prosessual qanunvericiliyin tələblərindən işin müzakirə edilən halına yanaşaraq Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı, həmin arayışı Rayon Məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməmədiyindən və bunun ondan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandırılmadığından həmin arayış yeni sübut kimi qiymətləndirməlidir. Həmin sübut apellyasiya instansiya məhkəməsində qəbul edilə və digər sübutlarla yanaşı qiymətləndirilə bilməz.

38. Göründüyü kimi apellyasiya baxışının predmetini təşkil edən tələb qeyd edilənlərə görə də təmin edilə bilməz. g) apellyasiya baxışının nəticəsi

39. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmetində qalan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmetində qalan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

43. Məhkəmə həmçinin bildirir ki, Cavabdeh2 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki ona qarşı yönəlmiş tələbin rədd edilməsi hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, iddiaçı, MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmetində qalan hissədə, yəni iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh2 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar