Məhkəmə qərarları › İş №2(103)-5117/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5117/2025

26.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5117/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1270/2025 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Xaçmaz rayonu Hacıəlibəyli kəndində yerləşən 1,35 ha torpaq sahəsi ilə bağlıdır (bundan sonra – torpaq sahəsi). 2.Torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin - Xalidə Məmmədova, Qədir Məmmədov, İlahə Məmmədova və Azad Məmmədovun ümumi mülkiyyətində olub (iş v. 181). 3.Torpaq sahəsi kreditin təminatı kimi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilib. Kredit öhdəliyi pozulduğuna görə, "xxxx" QSC-nin iddiası əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(067)-644/2009 nömrəli qətnaməsi ilə torpaq sahəsinə tutma yönəldilməsi qət olunub (iş v. 8). Bundan sonra torpaq sahəsi hərraca çıxarılıb. 4.Hərrac "xxxx" MMC tərəfindən keçirilib və hərracın baş tutmaması barədə xx.xx.2012 və xx.xx.2012-ci il tarixli protokollar tərtib edilib (iş v. 103). Xaçmaz Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2012-ci il tarixli aktına görə, torpaq sahəsi hərraca çıxarılmış, lakin alıcı olmamış, ona görə də torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən, tələbkar Cavabdeh1 QSC-yə təklif edilmiş, QSC isə torpaq sahəsini borcun əvəzinə almağa razı olduğunu bildirmişdir (iş v. 22). Tələbkar torpaq sahəsinin balansa götürülməsi barədə xx.xx.2012-ci il tarixli qərar qəbul edib (iş v. 102). Torpaq sahəsi üzərində Cavabdeh1 QSC-nin mülkiyyət hüququ xx.xx.2012-ci ildə qeydə alınıb (iş v. 99). 5.Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubuna görə, torpaq sahəsi Cavabdeh1 QSC ilə həmin PHŞ-in arasında bağlanmış xx.xx.2024-cü il tarixli 004 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdə Mərkəz tərəfindən keçirilmiş açıq hərracda satılmışdır. (iş v. 148). DƏDKR PHŞ-in məktubuna görə, torpaq sahəsi “X1” PHŞ-in xx.xx.2024-cü il tarixli 22/05 nömrəli hərrac protokoluna əsasən, Cavabdeh2 adına özgəninkiləşdirilib və onun mülkiyyət hüququna dair xx.xx.2024-cü il tarixli reyestr çıxarışı verilib (iş v. 60). Həmin hərracın protokolu (iş v. 185) və reyestr çıxarışı (iş v. 180) iş materiallarına əlavə edilib. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC-yə təhvil verilməsi barədə Xaçmaz Rayon İcra Şöbəsinin xx.xx.2012-ci il tarixli aktı ləğv edilsin; 2) bu akta əsasən, torpaq sahəsinə dair Cavabdeh1 QSC-nin adına verilmiş xx.xx.2012-ci il tarixli reyestr çıxarışı ləğv edilsin; 3) Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X1” PHŞ-in xx.xx.2024-cü il tarixli 22/05 nömrəli hərrac protokolu etibarsız hesab edilsin; 4) torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli reyestr çıxarışı ləğv edilsin 7.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilib və qət olunub: 1) torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC-yə təhvil verilməsi barədə Xaçmaz Rayon İcra Şöbəsinin xx.xx.2012-ci il tarixli aktı ləğv edilsin; 2) həmin akta əsasən, torpaq sahəsinin Cavabdeh1 QSC-nin mülkiyyətinə keçməsi barədə xx.xx.2012-ci il tarixli reyestr çıxarışı ləğv edilsin; 3) Əmlak Məsələləri Dövlət Xidmətinin tabelyində “X1” PHŞ-in xx.xx.2024-cü il tarixli 22/05 nömrəli hərrac protokolu etibarsız hesab edilsin; 4) torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsi barədə xx.xx.2024-cü il tarixli reyestr çıxarışı ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 10.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.İddiaya cavab verməli olan şəxslər - Xaçmaz Rayon İcra Şöbəsi, "xxxx" MMC və “X1” PHŞ hazırkı işdə cavabdeh kimi göstərilməyib. 12.Belə ki, Cavabdeh1 QSC torpaq sahəsinə mülkiyyət hüququnu icra sənədi üzrə icraatın daxilində əldə edib. Yəni ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilməsi barədə qətnamə icraya yönəldildikdən sonra Xaçmaz Rayon İcra Şöbəsinin icra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilib. Lakin hərrac baş tutmadığına görə, icra məmuru torpaq sahəsini tələbkar Cavabdeh1 QSC-yə təklif edib, tələbkar isə təklifi qəbul edib. İddianın əsaslandığı hallardan görünür ki, iddiaçı həm hərracı, həm də icra məmurunun təklifini qanuna zidd hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin həmin zaman qüvvədə olmuş redaksiyasında isə qeyd olunmuşdur ki, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Nəzərə alınmalıdır ki, hərracın qanunsuzluğuna görə "xxxx" MMC, icra məmurunun təklifinin qanunsuzluğuna görə isə icra məmuru cavabdehlik daşıyır. Lakin "xxxx" MMC və Xaçmaz Rayon İcra Şöbəsi iddia ərizəsində cavabdeh kimi göstərilməyib. Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidmətinin tabelyində “X1” PHŞ-in keçirdiyi hərracın protokolunun etibarsız sayılması tələb olunsa da, həmin PHŞ-də iddia ərizəsində cavabdeh kimi göstərilməyib. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3 və 149.2.2-ci maddələrinə görə, iş üzrə cavabdehi müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. "xxxx" MMC və Xaçmaz Rayon İcra Şöbəsinə qarşı iddia verilmədiyinə görə, məhkəmə həmin MMC-nin keçirdiyi hərracın, habelə icra məmurunun təklifinin etibarsız olduğunu qət edə bilməz. Bu səbəbdən məhkəmə Cavabdeh1 QSC-nin mülkiyyət hüququna dair reyestr qeydini və reyestr çıxarışını ləğv edə bilməz. Həmin qeyd və çıxarış ləğv edilmədən “X1” PHŞ-in hərrac protokolu etibarsız hesab edilə, habelə Cavabdeh2 mülkiyyət hüququna dair reyestr qeydi və reyestr çıxarışı ləğv edilə bilməz. Belə ki, həmin sənədlər Cavabdeh1 QSC-nin mülkiyyət hüququna dair reyesr qeydinin həqiqiliyinə əsaslanır. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 14.Beləliklə, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1270/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar