Məhkəmə qərarları › İş №2(103)-5121/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5121/2022

27.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5121/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızının, onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1139/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 136 saylı əmək müqaviləsi ilə "xxxx" MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 3/21 saylı əmrlə 305 günlük və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 339/20-01 saylı əmrlə 176 günlük qismən ödənişli sosial məzuniyyət və xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2022-ci il tarixinədək 639/21-01 saylı əmrlə 504 günlük sosial məzuniyyət verilmişdir. Öhdəlikləri olmadan tərəflərindən cavabdehin hesabına xx.xx.2020-ci il tarixində (yanvar əmək haqqı) 212,73 manat, xx.xx.2020-ci il tarixində (mart əmək haqqı) 585,34 manat, xx.xx.2020-ci il tarixində (aprel əmək haqqı) 414,98 manat, xx.xx.2020-ci il tarixində (may əmək haqqı) 542,97 manat, xx.xx.2020-ci il tarixində (iyun əmək haqqı) 585,34 manat, xx.xx.2020-ci il tarixində (avqust əmək haqqı) 585,34 manat, xx.xx.2020-ci il tarixində (sentyabr əmək haqqı) 585,34 manat, xx.xx.2020- ci il tarixində (oktyabr əmək haqqı) 585,34 manat, xx.xx.2020-ci il tarixində (noyabr əmək haqqı) 585,34 manat, xx.xx.2020-ci il tarixində (dekabr əmək haqqı) 321,65 manat, ümumilikdə isə 5004,37 manat məbləğində artıq vəsait ödənilmişdir. Cavabdeh isə fərqli səbəblər gətirərək artıq ödənilmiş məbləği geri ödənəkdan imtina etmişdir. Cavabdehə ödənilmiş məbləğ öhdəlikləri olmadığı təqdirdə ödənilmiş məbləğdir. Cavabdeh ilə aralarında mövcud olan yeganə müqavilənin - əmək müqaviləsi olduğunu və həmin müqavilənin 1.3 bəndinə əsasən tərəflər arasında yaranmış məsələlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq iddia edilən məbləğ iddiaçının heç bir öhdəliyi olmadanödənilmiş məbləğdir. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla da, cavabdeh ödənilmiş artıq məbləğ onun əsassız varlanmasına gətirib çıxarmışdır. Ərizəyə əlavə olunan sənədlərdən də göründüyü kimi, bütün ödənişlər tərəflərindən cavabdehin hesabına köçürülmüşdür. Qeyd edilənlərə əsasən öhdəlikləri olmadığı təqdirdə Cavabdeh tərəflərindən ödənilmiş 5004,37 manat miqdarında vəsaitin cavabdehdən xeyirlərinə tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1139/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əsassız varlanma ilə bağlı normaları tətbiq edərkən səhvə yol vermişdir. Belə ki, cavabdeh Quliyeva (Əhmədova) Sarvinaz Tariyel qızı İddiaçı MMC arasında 05 aprel 2019-cu il tarixli 136 saylı əmək müqaviləsi bağlanılmış və cavabdeh qeyd etdiyim MMC-də işə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehdən tələb olunun 5004,37 manat pul vəsaiti iddiaçı və cavabdeh arasında qeyd etdiyim əmək müqaviləsi qüvvədə olduğu müddət ərzinə düşür. Bu halı iddiaçı özü öz iddia ərisəsində də qeyd etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinə 25 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçının dediyinə görə cavabdehə artıq 5004,37 manat ödədiyi pul vəsaiti 2020-ci ilin müxtəlif aylara düşür, eyni zamanda ödədiyi pul vəsaitlərin bir hissəsi də pandemiya dövrünə düşür. Bu hal iddiaçı tərəfindən təqdim edilən çıxarışdan da görünür. Apellyasiya instansiya məhkəməsində iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiış etdilər. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməmisini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arsaında bağlanmış xx.xx.2019cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixinədək 8 ay müddətinə bağlanmışdır. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 359/20-01 saylı qismən ödənişli Sosial Məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, cəmiyyətdə satış təmsilçisi vəzifəsində çalışan Əhmədova Sərvinaz Tariyel qızına qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021ci il tarixdən işə başlamaqla 305 təqvim günü uzadılmışdır. Əsas: işçinin ərizəsi və Əmək Məcəlləsinin 127-ci maddəsi. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 3/21 saylı qismən ödənişli Sosial Məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, cəmiyyətdə satış təmsilçisi vəzifəsində çalışan Sərvinaz Əhmədovaya qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən işə başlamaqla 176 təqvim günü uzadılmışdır. Əsas: işçinin ərizəsi və Əmək Məcəlləsinin 127-ci maddəsi. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 639/21-01 saylı Sosial Məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, cəmiyyətdə satış təmsilçisi vəzifəsində çalışan Əhmədova Sərvinaz Tariyel qızına sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixdən işə başlamaqla 504 təqvim günü uzadılmışdır. Əsas: işçinin ərizəsi və Əmək Məcəlləsinin 127-ci maddəsi. Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə (yanvar) 212,73 manat, xx.xx.2020-ci il tarixdə (mart) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (aprel) 414,98 manat, xx.xx.2020-ci il tarixdə (may) 542,97 manat, xx.xx.2020-ci il tarixdə (iyun) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (avqust) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (sentyabr) 585,34 manat, 02 noyabr 2020- ci il tarixdə (oktyabr) 585,34 manat, 01 dekabr 2020-ci il tarixdə (noyabr) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (dekabr) 321,65 manat əmək haqqı mədaxil edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən işə başlamaqla 305 təqvim gün qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli 3/21 saylı əmrlə cavabdehə verilmiş qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən işə başlamaqla 176 təqvim günü uzadılmışdır. Bundan sonra İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 639/21-01 saylı əmri ilə cavabdehə verilmiş sosial (uşağa qulluğa görə) məzuniyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixdən işə başlamaqla 504 təqvim günü uzadılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh sosial məzuniyyətdə olmasına baxmayaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə (yanvar) 212,73 manat, xx.xx.2020-ci il tarixdə (mart) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (aprel) 414,98 manat, xx.xx.2020-ci il tarixdə (may) 542,97 manat, xx.xx.2020-ci il tarixdə (iyun) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (avqust) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (sentyabr) 585,34 manat, 02 noyabr 2020-ci il tarixdə (oktyabr) 585,34 manat, 01 dekabr 2020-ci il tarixdə (noyabr) 585,34 manat, xx.xx.2020-ci il tarixdə (dekabr) 321,65 manat əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus hesaba xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqı kimi ümumilikdə 5004,37 manat pul ödənilmiş, halbuki həmin müddət ərzində cavabdeh sosial məzuniyyətdə olmuşdur. Bu səbəbdən bu hal cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan iddaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməli və cavabdeh əldə etdiyi və iddiaçıya məxsus olan pulu ona qaytarmalıdır. Kollegiya hesab edir ki, birinci instaniya məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, tərəflər arasında yaranan mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. Bu halda həmin münasibətlərə əmək qanunvericiliyinin normaları tətbiq olunmaldır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.3-cü maddəsinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə əmək haqqı xx.xx.2020-ci il tarixdə ödənilsə də, artıq ödənilmiş əmək haqqının geri tələb edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı tərəf artıq ödənilmiş əmək haqqının tələb etmə hüququnu əmək qanunvericiliyin tələblərinə əsasən itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(005)-638/2020 saylı iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar