Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5122/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə məcburi payın müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçının vəkili (nümayəndəsi) iddiaçının adından cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının anası X2 vəfatından sonra miras qalmış, bundan sonra isə iddiaçı tərəfindən faktiki qəbul edilmiş və Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, ev 13-də yerləşən 16 saylı mənzildən iddiaçının qanun üzrə vərəsəlik zamanı çatası məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 ilə anası X6 birgə nikahda olduqları dövrdə yuxarıda qeyd edilən mənzili əldə etmişlər. İddiaçı, onun valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış həmin mənzili və digər əşyaları, o cümlədən qızıl-zinət əşyalarını miras əmlak kimi qəbul etmiş, onlara yiyələnmişdir. Buna baxmayaraq iddiaçının qardaşı olan və mənzildə yaşayan Cavabdeh1 iddiaçını mənzilə buraxmır. Halbuki, Cavabdeh1 özünün həmin mənzildə yaşamağa haqqı yoxdur. Çünki Cavabdeh1 anaları vəfat etməmişdən bir neçə il əvvəl onların anasını döyərək, evdən qovmuş, bu səbəbdən də anaları vəfat edənə qədər iddiaçının yanında yaşamışdır. İddiaçı, xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı Şəhəri 5 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş anasından miras qalmış əmlaka dair ona “Vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsini xahiş etmiş, lakin Notariat Ofisinin Notariusu İ.A.Məmmədov xx.xx.2024-cü il tarixli, 532 saylı məktubla iddiaçıya cavab verərək, bildirmişdir ki, bu mümkün deyil, çünki miras əmlakla bağlı vərəsələr arasında mülki mübahisə var və mübahisəyə məhkəmə tərəfindən baxılır. Bu səbəbdən də iddiaçı, vərəsələr arasında miras əmlak ilə bağlı mübahisə olduğundan məhkəməyə müraciət etməli oldu. İddiaçı bildirir ki, anası sağ ikən xx.xx.2013-cü il tarixdə öz nəticəsi – Cavabdeh2 vəsiyyət etmiş və vəsiyyət şahidləri olaraq X7 və X1 iştirak etmiş və vəsiyyətnamənin məzmununu imzaları ilə təsdiq etmişlər. Mübahisəli mənzil anasının xüsusi mülkiyyəti kimi xx.xx.1996-cı il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Göründüyü kimi, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum anasından miras qalmış və iddiaçı tərəfindən faktiki qəbul edilmiş mənzildən iddiaçıya qanun üzrə vərəsəlik zamanı çatası məcburi payının müəyyən edilməsi, həmin payın naturada ayrılması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməli, mənzil açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti vəsiyyət üzrə vərəsə Cavabdeh2, məcburi pay hüququ olan Cavabdeh1 və iddiaçı arasında paylara uyğun olaraq bölünməlidir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Cavabdeh1 vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək, miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilmədiyinə istinad edərək iddianın təmin edilməməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
5. İş üzrə digər Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi, mirasın predmeti olan mübahisəli mənzilə münasibətdə iddiaçının məcburi payını 1/4 hissədə müəyyən edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras almağa çağırıla biləcək qanun üzrə birinci növbə vərəsələrin hamısı və mübahisə predmeti olan mənzilin Cavabdeh2 vəsiyyət edilməsi nəzərə alındıqda müəyyən edilir ki, mənzil Cavabdeh1 və iddiaçıya mərhumun vərəsələr kimi düşən 1/2 hissə payın yarısı (1/2 : 2 =) 1/4 hissəsində məcburi payları var. d) apellyasiya şikayəti və etiraz barədə məlumat
8. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı nəzərə almamışdır ki, iddiaçı miras əmlakı nə qanun üzrə, nə də ki faktiki qaydada qəbul etməmişdir. İddiaçı, iddia tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutlara malik deyil. Məhkəmə iclasında iddiaçının vəkili üzərində üzük taxılmış kimə məxsus olduğu bilinməyən barmaq şəklini göstərərək iddiaçının mirası qəbul etdiyi bildirmişdir. Bundan başqa iddiaçının vəkili, hansısa xalçanın iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsini bildirsə də, həmin xalçanın mövcudluğuna dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Apellyatorun - Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.
12. İş üzrə digər Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iş üzrə iddiaçı Cavabdeh1 bacısı, iş üzrə digər Cavabdeh2 isə Cavabdeh1 nəvəsidir. İddiaçı ilə Cavabdeh1 valideynləri Əhməd Axundov və Adilə Axundova birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, ev 13-də yerləşən 16 saylı mənzili almışlar. Əhməd Axundov daha əvvəl, Adilə Axundova isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Əhməd Axundovun vəfatından sonra mənzil Adilə Axundovanın mülkiyyətinə keçmiş və o vəfat edənə qədər onun mülkiyyətində olmuşdur.
15. Bakı Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən 2V/01 reyestr nömrə altında xx.xx.2013-cü il tarixdə qeydə alınmış “Vəsiyyətnamədən” görünür ki, Adilə Axundova ölən günədək ona məxsus olan harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını iş üzrə nəticəsi Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X7 və X1 tərəfindən də imzalanmışdır.
16. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, həmin vəsiyyətnamənin etibarlılığı hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, onu iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(004)- 2132/2024) ilə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(103)-4587/2024) ilə apellyasiya şikayətinin təmin edilməməsini və Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh1 verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli qərarla (iş № 2(102)-4155/2024) ilə kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
17. Hazırda, iddiaçı, qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin tələbinə əsaslanaraq miras əmlak olan mənzildən onun məcburi payının müəyyən edilməsini xahiş edir.
18. Cavabdeh2 bu tələbə dair münasibətini ümumiyyətlə bildirməsə də, Cavabdeh1 iddiaçının tələbini əsassız hesab edir və etirazını onunla əsaslandırır ki, iddiaçı miras əmlakı nə qanun üzrə, nə də ki faktiki qaydada qəbul etməmişdir.
19. İşə baxmış Rayon Məhkəməsi yuxarıda artıq qeyd edildiyi kimi iddia tələbini əsaslı hesab edərək, təmin etmişdir.
20. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir (maddə 1193.). Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir (maddə 1202.2.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.
22. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama (Mülki Məcəllə; maddə 1200.)) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırmalıdır. Əgər verilibsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.
23. Məhkəmə iddiaçının mirası faktiki qəbul edilməsi ilə bağlı bildirir ki, mübahisə predmeti olan əmlak (mənzil) cavabdehin faktiki yaşayış yeri, iddiaçının isə ata evidir. İddiaçı isə ailə həyatı quraraq həmin mənzildən getmişdir. Miras əmlakın faktiki qəbulu ilə bağlı mülki hüquq normaların məzmunundan da aydın olur ki, mirasın faktiki qəbulu üçün miras əmlakda yaşamaq yeganə şərt deyil. Miras qoyanın daşınar əşyalarına sahiblənməyi göstərən hərəkətlər də miras əmlakın faktiki qəbulu üçün kifayət sayılır. Hazırkı işin hallarından bu hal görsənir.
24. Bu baxımdan qəbul edilməlidir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi bunu nəzərə alaraq iddianı təmin etməkdə haqlı olmuşdur.
25. Bundan başqa Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1202.1-ci maddəsinin tələbinə görə, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
26. Odur ki, Cavabdeh1 apellyasiya şikayətində ifadə edilmiş dəlillərinə Mülki Məcəllənin 1202.1-ci maddəsinin tələbindən yanaşdıqda müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən və Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanıldığından Cavabdeh1 hazırkı qətnamədən kassasiya şikayəti verə bilər, lakin iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Həmçinin Cavabdeh2 də hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz, çünki o, Rayon Məhkəməsinin qətnaməsindən apaelyasiya şikayəti verməmişdir.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.