Məhkəmə qərarları › İş №2(103)-5129/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5129/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5129/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qətnaməsindən ikin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 13.12.2004cü il təvəllüdlü Cavabdeh2 və 23.06.2011-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhəri, Xətai rayonunun, General Mehmandarov küçəsində yerləşən 76 nömrəli evin 68 nömrəli mənzilinə köçürülmələri və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən qeydiyyatdan çıxarılma” barədə ilkin iddiasına məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı - cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə ilkin iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X4 qarşı - iddiaçı ilə övladları 13.12.2004-cü il təvəllüdlü Cavabdeh2 və 23.06.2011-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhəri, Xətai rayonunun, General Mehmandarov küçəsində yerləşən 76 nömrəli evin 68 nömrəli mənzilinə köçürülmələrinin və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, bu qətnamənin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı X6 ilə 08.01.2003-cü ildə nikah münasibətinə daxil olaraq ailə qurmuş və nikahları 28.03.2006-cı ildə Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində 321 №-ilə qeyd etdirmişlər. Birgə nikahdan 13.12.2004-cü il təvəllüdlü Cavabdeh2 və 23.06.2011-ci il təvəllüdlü Cavabdeh3 adlı iki uşaqları var. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(011)-2233/2020 saylı qətnaməsi ilə iddiaçı ilə Hüseynov Rizvan arasında nkahın pozulması, birgə nikahdan doğulmuş uşaqlarının iddiaçının yanında saxlanması və cavabdehdən uşaqların saxlanması üçün cəmi 340 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh İddiaçıya və iki övladına Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin iddiasını qəbul etmir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Çünki, cavabdehlər iddiaçını və iki övladlarını qeydiyyatda olduğu və gəlin köçdüyü ünvan 1 ünvanından qovmuşlar, mənzildən istifadə qaydalarına maneçilik törətmişlər. İddiaçı isə onların ürəklərinə rəhm gələcəyini, bir qədər mülayimləşməsini gözləyərək, müvəqqəti olaraq iddiaçı uşaqları ilə kirayədə yaşayır, hansı ki, iddiaçı xadimə işləyərək çətinliklə ailəsini dolandırmağa, həmçinin kirayə pulunu ödəməyə məcbur olmuşdur. Hazırda pandemiya ilə əlaqədar iddiaçı işləmədiyinə görə kirayə pulunu ödəyə bilmir və məcbur olub qeydiyyatda olduğu mənzilə köçmək fikrindədir. Hal-hazırda iki uşaqla kirayədə qalır. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 vəkili kimi təqdim edən Vəkil tərəfindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə baxışının təxirə salınması barədə teleqram daxil olmuş, lakin sonuncu iştirak edə bilməmənin səbəbləri barədə məlumatı müraciətinə əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisəli Bakı şəhəri, Xətai rayonunun, General Mehmandarov küçəsindəki 76 saylı yaşayış evinin 68 saylı mənzil ilk İddiaçı mülkiyyətindədir. Qarşılıqlı iddiaçı Cavabdeh1 keçmiş qayınanası İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə 2006-cı ildə gəlin olaraq köçmüş, 2020-ci ildə qarşılıqlı cavabdeh Rizvan Hüseynovla nikahları pozulduqdan sonra mənzildən iki azyaşlı uşaqları ilə birlikdə köçmüşdür. Məhkəmə həm ilk iddiaya, həm də qarşılıqlı iddiaya hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 mübahisələndirilən mənzildə qeydiyyatda olması onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmasının göstəricisi və həmin mənzilə köçürülməsi üçün əsas kimi qəbul edilməməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin bu cür halında mövcud iddia tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də konkret işlərə baxılaraq, məhkəmələr üçün preyudisial əhəmiyyət daşıyan qərarlar qəbul edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Həmçinin, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh1 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, digər ailə üzvlərinin (arvadın) köçürülməsinə isə yalnız mülkiyyətçinin yazılı notariat qaydasında bağlanan razılığı ilə yol verildiyindən, bununla da Cavabdeh1 qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, həmçinin yetkinlik yaşına çatmayanlar Cavabdeh2 və Cavabdeh3 analarının yanında saxlandıqlarından və onların yaşayış yeri Cavabdeh1 yeri sayıldığından, ilk iddia tələbi onun və qızlarının mənzilə istifadə hüququnun itirilməsi hissəsində və qarşılıqı iddia onun və qızlarının mənzilə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsinə dair hissələrdə əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən ilk cavabdehin və uşaqların mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin ilk iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin nəticə hissəsinin üçüncü abzasının ləğv edilməsi üçün əsas olsa da, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin dəyişdirilərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin elməsi göstərilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi və qətnamənin cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsas olması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki(faktiki hallar) əsası qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qətnamənin nəticə hissəsinin üçüncü abzası istisna olmaqla düzgün olmuşdur. Əvvəla, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli və mübahisə də Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Belə ki, qarşılıqlı iddiaçının köçmək istədiyi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 76 nömrəli evin 68 nömrəli mənzili İddiaçı adına 19.12.1995-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş və dövlət reyestrində qeydə alınmışdır. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə qarşılıqlı iddiaçının yaxud onunla rəsmi nikahda olmuş, ilk iddiaçının oğlu Rizvan Hüseynovun hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qarşılıqlı iddiaçının mübahisəli mənzilə dair ilk iddiaçı ilə yaxud hər hansı şəxslə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona və rəsmi nikahda olduğu Rizvan Hüseynova məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar qarşılıqlı iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, qarşılıqlı iddiaçının ilk İddiaçı məxsus mənzildə müvəqqəti yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Belə ki, qarşılıqlı iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı qıznın ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, qarşılıqlı iddiaçının bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti, mahiyyət etibarı ilə düzgün olmuşdur. Lakin məhkəmənin qətnamənin üçüncü abzasında “Bu qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır” göstərməsi iş üzrə ziddiyyətli vəziyyət yaratmışdır. Çünki, məhkəmə bir tərəfdən özünün 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qərardadı ilə iddia tələbinin “mənzildən qeydiyyatdan çıxarılma” hissəsinə məhkəmədə baxılmalı olmadığından xitam vermiş və göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyindən, mövcud iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Digər tərəfdən isə qətnamənin nəticə hissəsinin üçüncü abzasında qeyd olunan formada bir qərar vermişdir. Düzdür, qətnamənin əsaslandırıcı hissəsində bu məsələyə qiymət verərək göstərmişdir ki, “hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən ilk cavabdehin və uşaqların mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin ilk iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir”. Ancaq bu cür əsaslandırma da qətnamənin həmin hissəsinin əsaslı olduğuna dəlalət etmir. Çünki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Daxili İşlər Nazirliyinin səlahiyyətinə aiddirsə, yəqin ki, qanunun göstərişi də həmin orqana bəllidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-3014/2021 nömrəli qətnaməsi qismən, yəni “Bu qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır” hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)- 3014/2021 nömrəli qətnaməsi qismən, yəni “Bu qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin, 68 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır” hissəsində ləğv edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar