Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-513/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 qızından ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı"xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00653 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2022ci il tarixinə - 2019/00653 nömrəli kredit üzrə ümumi 33.412,38 manat məbləğində (21.586,26 manat əsas borc, 4.113,12 manat faiz borcu və 7.713 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 190 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m ibarət olan 9 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına - 2019/00653 nömrəli kredit üzrə ümumi 33412,38 manat məbləğində (21 586.26 manat əsas borc, 4 113,12 manat faiz borcu və 7.713 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 190 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predimetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00653 nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə şəxsi məqsədləri üçün 32 faiz olmaqla, 36 ay müddətinə 25.000 manat məbləğində kredit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m ibarət olan 9 nömrəli mənzil ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə xx.xx.2019-cu il tarixli, 2019/00653-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bununla əlaqədar BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx.xx.2022-ci il tarixinə 2019/00653 nömrəli kredit üzrə ümumi 33.412,38 manat məbləğində (21.586,26 manat əsas borc, 4.113,12 manat faiz borcu və 7.713 manat dəbbə pulu) borc yaranmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8241 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə onun "xxxx" BOKT MMC-yə 20.226,19 manat əsas, 2.517,04 manat faiz borcu vardır. xx.xx.2023-cü il tarixli, 9/8241 saylı ekspert rəyi ilə müəyyən edilən əsas borc və faiz borcu real borcu əks etdirmir. Çünki "xxxx" BOKT MMC onun ödədiyi məbləğlərinin çoxunu əsassız olaraq dəbbə pulunun və faizin silinməsinə yönəldildiyindən və əsas borc saxlanıldığından nəticədə bir müddətdən sonra faiz borcunun yenidən artmasına səbəb olmuşdur. Bununla da tərəfindən ödənilən məbləğlərin çoxu “havaya xərclənmiş” hesab olunurdu. Birinci instansiya məhkəməsində araşdırma zamanı ekspertiza təyin edilmişdir, lakin ekspert rəyində müəyyən olunan borc məbləğləri yenə də şişirdilmiş formada qalmaqdadır. Odur ki, artıq hesablanmış əsas borcun və faiz borcunun silinməsi üçün araşdırma aparılması onun əmlak və digər əsaslı mənafelərinin müdafiəsi baxımından önəm kəsb edir. Artıq qeyd edildiyi kimi onun "xxxx" BOKT MMC-yə ödədiyi məbləğlər əsassız olaraq dəbbə pulunun və faizin silinməsinə yönəldilmişdir və əsas borcdan məbləğlər silinmədiyindən faiz borcu və dəbbə pulu yenidən artmışdır. Görünür, bank tərəfindən edilən bu hərəkətlər məqsədli xarakter daşımışdır. Buna görə də hesab edir ki, kredit müqaviləsi üzrə onun xx.xx.2022-ci il tarixə olan əsas borc və faiz borcunun yenidən hesablanması üçün məhkəmə araşdırması zəruridir. Çünki şişirdilmiş borclar onu əlverişsiz vəziyyətdə qoyur və kredit borcunun daha da artırılmasına gətirib çıxarır.
Apelyasiya baxışı zamanı verilən izahatlar
6. İddiaçı "xxxx" MMC “AZEMİS” vasitəsilə ərizələr təqim edərək, cavabdehlə olan mübahisəni məhkəmədənkənar həlli tapldığını, bununla əlaqədar olaraq iddiadan imtina etdiyini qeyd edərək bu ərizənin qəbul edilməsini və onların iştirakı olmadan işə baxılıaraq icraata xitam verilməsini xahiş etmişdir.
7. Cavabdeh vəkili və nümayəndəsi Vəkil “AZEMİS” vasitəsilə ərizə təqdim edərək onların iştirakı olmadan işə baxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
9. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
10. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
11. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
12. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
13. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
14. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
15. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
16. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
17. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
18. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
20. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı və cavabdehin izahatlarının məzmunundan, eyni zamanda tərəflərin təqdim etdikləri ərizələrdən görünür ki, tərəflər arasında barışıq əldə olunmuşdur. İddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdehlərin isə apelyasiya şikayətini müdafiə etmədiyi müəyyən edilmişdir.
21. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova