Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5131/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: məcburi köçkünlərin məskunlaşması, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3954/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.1990-cı il tarixli, 472 nömrəli orderə əsasən Nümayəndə və arvadı X1 Bakı şəhəri, Yeni Əhmədli, keçid 829, kvartal 2980-81 (indiki Vunq Tau küçəsi) ünvanındakı yataqxanaya köçürülmüşlər.
2. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 01/1 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, 15 saylı evin, 811 nömrəli mənzilinə dair 3 nəfər ailə üzvü (özü, əri və oğlu) İddiaçı ilə daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 811 nömrəli mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
4. 118 saylı Mənzil Kommunal istismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, 15 saylı evin, 811 saylı mənzilində Ağdam şəhər sakinləri, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti qeydiyyatdadırlar.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzildən çıxarılması, mənzilin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər ona məxsus mənzildə məcburi köçkün kimi müvəqqət olaraq qeydiyyatdadırlar. Onların daimi yaşayış yerləri Ağdam şəhəri, Qaradağlı sahəsi 103-dür.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 3954/2025 nömrəli qətnaməsi ilə (hakim L.Ş.Şövkətli-Mənsimli) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, 15 saylı evin, 811 saylı mənzilindən çıxarılmaları və mənzilin cavabdehlər tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.
9. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. Odur ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcuddur.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərdən mənzildən çıxmalarını tələb etməsinə baxmayaraq, cavabdehlərin heç bir qanuni əsas olmadan mənzili ona təhvil verməməsi onun əmlak hüququnun pozulmasına səbəb olmuşdur.
11. Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin normalarından da göründüyü kimi məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və müstəqil olaraq müvəqqəti məskunlaşmaya o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
12. Hazırki halda da cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Odur ki, iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 139.1, 139-1.1, 139-1.1.11, 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 223.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının həmin mənzil ilə heç bir hüquqi bağlantısı yoxdur. Dəfələrlə bununla bağlı məhkəmədə iddia predmeti olan mənzil ilə bağlı verilmiş çıxarışın hansı hüquq müəyyənedici sənədlər əsasında iddiaçıya verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestr xidmətinə vəkil sorğusu göndərdiyini, həmin sorğuya cavab ala bilmədiyini və buna görə də, eyni məzmunlu sorğu ilə daşınmaz əmlakın dövlət reyestr xidmətinə sorğu göndərilməsini məhkəmədən xahiş etsə də, məhkəmə heç bir əsas gətirmədən yalnız iddiaçı tərəfin şifahi mülahizələrinə əsaslanaraq ədalətli məhkəmə araşdırılmasını tələb etmək hüququnu kobud şəkildə pozaraq tələmtələsik qətnamə qəbul etmişdir. Baxmayaraq ki, iş üzrə cavabdehlər Ağdam rayonundan məcbur köçkündürlər və ailə üzvləri ilə birlikdə mübahisə prdemeti olan mənzildə yaşayırlar. Eyni zamanda, mübahisə predmeti olan mənzil cavabdehin yeganə yaşayış yeri olmaqla həmin mənzil sonuncuya satılmış, habelə onun tərəfindən həmin mənzilə 15.000 manat civarında təmir-tikinti işləri görülmüşdür. Lakin qeyd olunan faktlardan heç birinə məhkəmə qəbul etdiyi qətnamədə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlər mənzili kirayə veriblər. Cavabdeh1 oğlu Cavabdeh3 ipoteka ilə mənzil almışdır. Cavabdeh1 adına əvvəl Nərimanov rayonunda mənzil olub, hal-hazırda Sumqayıtda mənzili var. Eyni zamanda, Cavabdeh2 mülkiyyətində bir neçə torpaq sahəsi var.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq, başqa məhkəmə proseslərində iştirakı ilə əlaqədar olaraq hazırkı iclasda iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu: Maddə 5. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”: Bənd 4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia təmin olunduğundan, qətnamə iş üzrə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız ona münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçının nümayandəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 811 nömrəli mənzilin mülkiyyətçisi iddiaçıdır. İddiaçı və onun əri xx.xx.1990-cı il tarixli, 472 nömrəli orderə əsasən həmin yaşayış sahəsinə köçürülmüşlər.
29. İddiaçının bildirdiyinə görə cavabdehlər ona məxsus mənzildə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışlar.
30. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, sözügedən mənzil onun ailə üzvləri ilə birlikdə yeganə yaşayış yeri olmaqla ona satılmış, habelə onun tərəfindən həmin mənzildə 15.000 manat civarında təmir-tikinti işləri görülmüş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
32. Bundan başqa, apellyasiya araşdırması zamanı “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh1 oğlu - digər Cavabdeh3 mülkiyyətində mənzilin olduğu müəyyən edilmişdir.
33. Belə olan halda, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzilində yaşamağa davam etməsi iddiaçının öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmasına, bununla da mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından iddiaçının iddia tələbi təmin olunmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3954/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.