Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5136/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" QSC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərrac protokollarının etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" QSC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e- 2(005)-1229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-06/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən, yəni Mövlаmоv Məhərrəm Mövlаm оğlunun mülkiyyətində оlаn İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən 1148,2 kv.m ümumi sаhədən ibаrət 2 mərtəbəli qeyri-yаşаyış sаhəsinin ilkin sаtış qiyməti 930000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin daşınmaz əmlakın likvid dəyəri 920000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2045/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Capitals Auction” MMC tərəfindən keçirilən hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 91 saylı protokolunun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, icra sənədinə əsasən AR ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışa əsasən yüklülüyü xx.xx.2012-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0.1148 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 2 mərtəbəli 1148.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 920000 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 105255/22- 45-2 saylı sifariş məktubu ilə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 91 nömrəli protokol əsasında real dəyərindən çox ucuz qiymətə dəyərləndirilmiş və satılmışdır. Hərracın keçirilməsinin yeri və vaxtı barəsində ona lazımi qaydada məlumat verilməmişdir. Hərracın təşkil olunması və keçirilməsi ilə bağlı zəruri olan qanuni prosedurlar düzgün aparılmamışdır. Heç kimin işitirakı olmadan qeyri-qanuni formada əmlakı ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Baxmayaraq ki, onun ödənilməli borcu ümumilikdə 289575 АBŞ dоllаrı, yəni 492277 manat olmuş, ipoteka saxlayana 586500 satılmışdır. Halbuki məhkəmənin qanuni qüvəyə minmiş qətnaməsi ilə onlara olan borcu ilə əmlakın dəyəri arasında olan 94000 manat pulu ayrıca hesaba qoymadan, bu barədə məlumat vermədən bir başa protokol tərtib edərək borcdan xeyli miqdarda artıq dəyərə malik olan əmlakını tələbkara vermiş, bu protokol əsasında əmlakı dəyəri ödənilmədən tələbkarın mülkiyyətinə keçmişdir. Halbuki tələbkar tələb olunan məbləği ödəməli və hüquqlarına hörmətlə yanaşmalı idi. Qeyd olunan məbləği ödəyə bilmədiyi halda qanunverciliklə nəzərdə tutulmuş qaydada imtina etməli idi.
5. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyaların dəyərinin az olması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyaların dəyəri müəyyən edilmiş və onların açıq hərracdan satılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanmışdır. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmlakın satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416-cı maddələri, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Nərimanov rayon Məhkəməsinin e-2(005)-1229/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbi Bakı şəhər Nərimanov rayon Məhkəməsində təmin edilməmiş və bu da onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə formal mülahizələrdən çıxış etmiş, işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə qətnaməsində dəfələrlə qeyd olunmuşdur ki, hərracın keçirilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixində onun tərəfindən guya şəxsən imzalanaraq qəbul edilmişdir. Halbuki həmin müddətdə o Naxçıvanda müalicə sanatoriyasında müalicədə olub, nə hərracın keçirilməsindən nə də bildirişlərdən xəbəri olmamışdır və həmin bildirişlərdə göstərilmiş imzalar isə ona məxsus deyildir. X10 borcu 289575 АBŞ dоllаrı, yəni 492277 manat olmuş, lakin hərrac təşkilatı qanun pozuntusu edərək, ona heç bir artıq qalan məbləği ödəmədən əmlakını ipoteka saxlayana 586500 satılmışdır. Məhkəmə proseslərində xüsusilə qeyd olunmuşdur ki, 94223 AZN ona verilməli olan pulun bank tərəfindən qanunsuz olaraq mənimsənilmiş və saxta yollarla rəsmiləşdirilərək cinayət yolu ilə ələ keçirilmişdir. Çünki onun mülkiyyətində olan daşınmaz əmlakın son hərrac qiyməti (586.000 manat) ilə məhkəmə tərəfindən qət edilən borcu (49227 manat) arasında 94223 manat onun hesabına ödəniləndən və ya depozitə qoyulandan sonra hərrac baş tuta bilərdi. Lakin məhkəmə bunu cavabdehlərdən tələb etsə də əmlakı bankın balansına keçdikdən sonra artıq qalmış və ona qaytarılmalı 94223 azn pul məbləği ilə bağlı hissəyə aydınlıq gətirmədən, açıq-aşkar edilmiş qanun pozuntusunu görməzlikdən gələrək bu haqsızlığı müdafiə etmiş və onun bir vətəndaş kimi hüquqlarının pozulmasında kobud səhvə yol verərək qətnamə qəbul etmişdir. Bununla da onun Azrərbaycan Respublikasının Konstitusiya və Qanunları ilə nəzərdə tutulan hüquqları və azadlıqları pozulmuşdur. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitutsion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün apellyasiya məhkəməsinə müraciət etmək qərarına gəlib. Birinci instansiya məhkəmə iclasında iştirak edərək iddiaçı olaraq o - X2 izahat verərək bildirmişdi ki, o heç bir yerdə heç bir sənədə imza atmayıb. Sonradan öyrənib bilib ki, onun adından hərrac bildirişlərinə imza edilmişdir. X10 borcu 289575 АBŞ dоllаrı, yəni 492277 manat olmuş, lakin hərrac təşkilatı qanun pozuntusu edərək, ona heç bir artıq qalan məbləği ödəmədən əmlakını ipoteka saxlayana 586500 satılmışdır. Məhkəmə proseslərində xüsusilə qeyd olunmuşdur ki, 94223 AZN ona verilməli olan pulun bank tərəfindən qanunsuz olaraq mənimsənilmiş və saxta yollarla rəsmiləşdirilərək cinayət yolu ilə ələ keçirilmişdir. Çünki onun mülkiyyətində olan daşınmz əmlakın son hərrac qiyməti (586.000 manat) ilə məhkəmə tərəfindən qət edilən borcu (49227manat) arasında 94223 manat onun hesabına ödəniləndən və ya depozitə qoyulandan sonra hərrac baş tuta bilərdi. Qanunun bu hissəsində də göstərildiyi kimi hərracın pozuntuları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və əsaslandırılmış formada olsa da iddia ərizəsi təmin edilməmişdir. Lakin məhkəmə bunu cavabdehlərdən tələb etsə də əmlakı bankın balansına keçdikdən sonra artıq qalmış və ona qaytarılmalı 94223 AZN pul məbləği ilə bağlı hissəyə aydınlıq gətirmədən, açıq aşkar edilmiş qanun pozuntusunu görməzlikdən gələrək bu haqsızlığı müdafiə etmiş və onun bir vətəndaş kimi hüquqlarının pozulmasında kobud səhvə yol verərək qətnamə qəbul etmişdir. Ona hərrac barədə sifarişli məktub ilə heç bir bildirş göndərilməmiş, əmlakın alış qiyməti tamailə ödənilməmişdir. Bundan başqa, daşınmaz əmlak ipoteka qoyulduqdan sonra ipoteka saxlayanın razılığı ilə yenidən qurma işləri aparılmış və bu konstruktiv dəyişikliyin ümumi həcmi 3086,76 kv.metr təşkil edir. Onun məhkəmədə verdiyi izahatlar, yəni imzanın saxtalaşdırılaraq çəkilməsi ilə bağlı dedikləri və ona verilməli olan hərracdan artıq qalan 94223 AZN pul əsas faktlar əsaslı formada araşdırılmamış qanunda da göstərildiyi kimi məhkəmə müstəqildir və hətta ekspert rəyinin təsdiq edilməsi məhkəmə üçün məcburi deyildir.
Apelдyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, yoldaşı onunla Naxçıvana müalicə almağa getməyib, amma bu bildirişlərin evə gəlmədiyini bildirir.
12. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iş materialları ilə tanış olub və iddiaçı ilə müzakirə etdikdə göndərilmiş hərracın keçirilməsi ilə bağlı bildirişlərin heç birinin iddiaçı tərəfindən alınmadığı məlum oldu. Orada olan xəbərnamələrdəki imzalar da ümumiyyətlə iddiaçıya aid deyil. Ona görə də biz məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət veriblər. Həmin xəbərnamələrin əsli "xxxx" MMC-dən alınsın və ekspertiza edilsin. Ümumiyyətlə, həmin bildirişlər şəxsin ünvanına-İsmayıllı rayonuna göndərilsə də, şəxsin özünə verilməyib. İddiaçı bildirir ki, o həmin vaxtı Naxçıvanda olmuş, bildirişi o qəbul etməmişdir. İddiaçı Naxçıvana müalicə üçün getmişdir. Onu demək istəyir ki, bu bildirişlər evə gətirilməyib.Tərəfə bildiriş göndərilməlidir. Poçt xəbərnaməsi onun üçündür ki, bilinsin ki, məktub ünvanına çatdırılıb. Xəbərnamədə yazılan qrafalar boşuna verilməyib, doldurulması üçün yazılıb. X1 adını yazıblar və onun adından imza çəkiblər. 2-ci xəbərnamədə avqust ayında göndəriləndə isə Ramin Mövsümova bildirişi təqdim ediblər. Ramin Mövsümov digər işdə müstəqil cavabdehdir, ona bildiriş göndərilməli idi və üstəlik Mövsümov Məhərrəmin də bildirişini ona veriblər. Hərrac bildirişi qanunvericiliyə əsasən iddiaçıya şəxsən təqdim edilməli idi. İddiaçının oğlu Ramin ilə iddiaçının ünvanı ayrı-ayrı yerlərdir. Ramini də dəvət edib bunu aydınlaşdırmaq olar. İddiaçı məhkəməyə həmin vaxt Naxçıvanda olması barədə arayış təqdim edib. Ramin Mövsümovla iddiaçı eyni ünvanda yaşamırlar. Poçtalyonun peşəsi ünvanı müəyyən etməkdir, o kənddə olan ünvanı tapmalı idi. Hərrac barədə 525-ci qəzetə elan verilib. Qanunda poçt xəbərnaməsi ilə bildiriş göndərilməsi göstərilib. Qanunun tələbini yerinə yetirməli idilər. 525-ci qəzet inanmır ki, İsmayıllının hər köşkündə satılsın.
13. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, hərrac barədə iddiaçının kifayət qədər məlumatı olub, banka yaxınlaşıb, alğı-satqıda da iştirak edib. İddiaçı işi uzadır. "xxxx" MMC-ni qarşı tərəflə heç bir qərəzliliyi yoxdur ki, iddiaçıya məktubu göndərməsin. Burada hərracın heç bir günahı yoxdur. Əgər poçt xəbərnaməsi ilə bağlı problem varsa, iddia qaldıra bilərdilər. Birinci instansiya məhkəməsində iş kifayət qədər araşdırılıb. İddiaçı dəfələrlə hərracın dayandırılması ilə bağlı məhkəməyə gəlmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
15. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4 İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iddiaçı hazırkı iddiasında İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən 0,1148,2 kv.m ümumi sаhədən ibаrət 2 mərtəbəli qeyri-yаşаyış sаhəsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsi olan xx.xx.2022-ci il tarixli, 91 saylı protokolunun ləğv olunmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
23. Qətnamədən şikayət verən iddiaçının apellyasiya şikayətinin dəlilləri odur ki, hərracın xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə təyin edilməsi ilə bağlı bildirişlər ona çatdırılmamış, bu səbəbdən hərracın keçirilməsi vaxtından xəbəri olmamışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bildirişdən görünür ki, İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 920000 manat müəyyən edilmişdir.
25. İş materiallarında olan xəbərnamənin sürətindən görünür ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bildirişi iddiaçı Mövlаmоv Məhərrəm Mövlаm оğlunun yaşayış yeri olan İsmayıllı rayonu, İsmayıllı kəndində olan ünvanına göndərilmiş, bildiriş ünvana çatdırılmışdır.
26. Həmçinin Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253- 1 nömrəli bildirişdən görünür ki, İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 782000 manat müəyyən edilmişdir.
27. Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253-1 nömrəli bildiriş iddiaçının ünvanına çatdırılmış, 12 avqust 2023-cü il tarixdə Mövlаmоv Ramil Məhərrəm оğlu (iddiaçının oğlu) tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.
28. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC tərəfindən keçirilən hərraclarla bağlı “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 124 (5930) nömrəli və xx.xx.2022-ci il tarixli, 139 (5945) nömrəli tirajlarında elan verilmişdir.
29. Apelyasiya şikayətinin dəlili odur ki, iddiaçı hərracın keçirildiyi dövrdə sanatoriyada olduğundan hərracın keçirilməsindən məlumatsız olmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, birinci bildiriş ünvana çatdırılmışdır. (səh 40)
31. Məhkəmə kollegiyası qeyd edir ki, həmin xəbərnamədə M.Məhərrəm qeyd edilərək imza çəkilmişdir. Apellyasiya baxışında iddiaçı tərəf həmin imzanın ona məxsus olmadığını bildrimiş və xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən isə vəsatət təmin edilməmişdir.
32. İcra sənədindən görünür ki, iddiaçının oğlu X4 da icra sənədi üzrə borclu olmuşdur. Ona da bildiriş göndərilmişdir.
33. O cümlədən, iş materialında olan xəbərnamə qəbzdən müəyyən olunur ki, ikinci bildiriş də ünvana çatdırılmışdır (səh 44). Qəbzdən müəyyən olunur ki, məktubu iddiaçının oğlu X4 qəbul etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki Cavabdeh1 MMC hərracın keçirilməsinə dair mediada elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubun ipoteka qoyan tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş və çatdırılmışdır.
35. İddiaçının şikayətinin digər dəlili odur ki, borcun 492277 manat olmasına baxmayaraq əmlak 586500 manata satılmış və qalıq pul bank tərəfindən ona qaytarılmamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, 2 sentyabr 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan müəyyən olunur ki, daşınmaz əmlakın ilkin satış qiyməti 920000 manat olmuşdur. Daşınmaz əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə 586500 manata satılmışdır. İpoteka saxlayan tərəfindən qiymət fərqinin iddiaçıya qaytarılmaması hərracın nəticələrin ləğv edilməsi üçün əsas ola bilməz.
37. Apellyasiya şikayətinin digər dəlili də odur ki, iddiaçı ipoteka saxlayanın razılığı ilə yenidənqurma işləri aparmışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi sonuncu dəlil də hərracın nəticələrin ləğv edilməsi üçün əsas ola bilməz.
39. Belə olan halda Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, bildiriş qəbzin iddiaçının oğlu tərəfindən imzalanaraq alındığı halda birinci instansiya məhkəməsinin qətnaməsində bildiriş qəbzin iddiaçı tərəfindən şəxsən alınması kimi göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilməməlidir.
41. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
42. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1229/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev