Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5136/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "MSM Transport” MMC-in Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək münasibətləri prosesində vurulan ziyan, işçinin tam maddi məsuliyyəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-in nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı MMC-in Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 3 ay müddətli 42/2022 saylı əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən "MSM Transport” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş, müqavilənin tərkib hissəsi olan “Cədvəl A” adlı Əlavədə işçinin əmək funksiyaları aşağıdakı şəkildə müəyyənləşdirilmişdir: Müəssisə tərəfindən təhkim olunmuş nəqliyyat vasitəsini təmiz, səliqəli və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək. Yük maşınlarını, furqonları və digər nəqliyyat vasitələrini yükləmək və boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərdə boşaltmaq. Reysdən əvvəl nəqliyyat vasitəsinə ümümi baxışın keçirilməsi (yağı, suyu, təkərin vəziyyəti, təzyiqi, maşının hərəkətli hissələrinin işlək vəziyyətdə olmağı və s.). Nəqliyyat vasitəsinin nasaz olması barədə rəhbərliyə dərhal məlumat vermək. Sürücü tərəfindən sürət limitinə yüklü 60km/saat və yüksüz 70 km/saat olmaqla riayət etmək. Nəqliyyat vasitəsinin idarə olunması dayanmadan 4 saat və ya 120 km-dən artıq olmamalıdır. Mütləq qaydada hər 4 saatda bir dəfə 15-20 dəqiqə istirahət edilməlidir. Nəqliyyat vasitəsinin maksimal idarə etmə imkanı 24 saat ərzində 10 saatdan çox olmamalıdır. Minimum istirahət vaxt 24 saat ərzində 8 saatdır. Daşımaları təhlükəsiz yerinə yetirmək, daşınacaq yüklərin daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və ya razılaşdırmaq (qəbul, yola salma, istehsal xətti üzrə tələblər, və s.). Təhlükəli materialların daşınması üçün müəyyən olunmuş qaydalara ciddi riayət etmək. Nəqliyyat vasitəsində GPS-in siqnalının itməsi və bütün təmir işlərini yalnız daşıyıcıya məxsus qarajda və ya şirkət tərəfindən təyin edilmiş yerdə təmir etmək. GPS-lə müəyyən edilmiş marşrutdan kənara çıxma aşkarlandığı zaman sürücü işəgötürənə bunu səbəbini iki gün ərzində yazılı sürətdə bildirməlidir(izahat). Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olmamasına nəzarət etmə və zəruri ehtiyat tədbirlərini həyata keçirmək. Yalnız İşəgötürənə məxsus olan və ya İşəgötürənin təyin etdiyi yükləri daşımaq. Gəlir əldə etmək və ya digər məqsədlərlə İşəgötürənin nəqliyyat vasitələrindən və digər əmlaklarından istifadə etməmək (özünə və digər şəxslərə məxsus yüklərin daşınması və s.) Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
2. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuşdur ki, əmək münasibətləri prosesində "İşçi” “İşəgötürən”in ona etibar edərək verdiyi əmlakının, maddi və digər sərvətlərinin saxlanması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməli, “İşəgötürənin” bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumalıdır. “İşçi” hərəkətləri (hərəkətsizliy) ilə yuxarıda qeyd olunan hallardan hər hansı birini pozduqda vurduğu ziyana, habelə “İşəgötürən”in şəxsiyyətini ləkəyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun sahibkarlıq faəliyyətinə və işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində vurduğu mənəvi ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş həcmdə tam maddi məsuliyyət daşıyır.
3. Cavabdeh 29 iyun 2022-ci il tarixdə saat 08:30 radələrində Əhmədbəyli- Füzuli-Şuşa (Zəfər Yolu) yolunun 73-cü kilometrliyində İddiaçı MMC-nə məxsus “DAF FT XF 105 Yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “Feldbinder Yarımqoşqu sement çən” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı qoşqu ilə hərəkətdə olarkən yük avtomobili aşmış, hadisə zamanı Cavabdeh xəsarət almışdır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktında göstərilmişdir ki, İddiaçı MMC-in rəhbərliyi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş “Yük və sərnişin, o cümlədən yüngül avtomobillərin istismarında sürücünün əməyinin mühafizəsinə dair 40 nömrəli təlimat”ın “3. Xəttə işləyərkən sürücünün borcudur.” Bölməsinin “a” bəndinin (Hərəkət zamanı həmin avtomobilin texniki göstəricilərinə uyğun yol şəraitini nəzərə almaqla hərəkət axımına riayət etməli) və “m” bəndinin (Bütün hallarda sürücü avtomobili o sürətlə idarə etməlidir ki, lazım olan vaxtda onu saxlaya bilsin...) tələblərinə riayət edilməməsi.
5. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində Xocavənd Rayon Polis şöbəsində İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli X8 protokol tərtib olunmuşdur.
6. Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş, HK-1/84-22 saylı materiallar üzrə xx.xx.2022-ci il tarixli qərarla, sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin başlanması rədd olunmuşdur.
7. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi və HK-1/84-22 nömrəli araşdırma materialının tam və hərtərəfli araşdırılma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.
8. Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla, HK-1/1-24 saylı materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, qərarda göstərilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 dekabr 2023-cü il tarixli 3-16-16/2- 8/3266-8/3318 nömrəli rəyinə əsasən, “DAF FTXF 105 yük” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktlara görə, “DAF” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və onun qoşqusu olan “Felbinder” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün cəmi 42 150 manat tələb olunur.
10. Cavabdeh İddiaçı MMC-in direktoru X3 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə xahiş etmişdir ki, onu öz istəyi ilə xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad etsinlər və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.
11. İddiaçı MMC-nin sürücüsü Cavabdeh əmək müqaviləsinə MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.
12. “İcbari Sığorta Bürosu”nun məktubunda göstərilmişdir ki, büronun informasiya sistemində axtarış zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş "DAF” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid PQA********** və "FELBİNDER” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid PQA********** nömrəli sığorta şəhadətnamələrinin qüvvədə olduğu aşkar edilmiş, büronun informasiya sistemində axtarış zamanı qeyd edilən hadisə tarixi və nəqliyyat vasitələri məlumatları üzrə sığorta ödənişinin icra olunub-olunmaması barədə məlumat aşkar olunmamışdır.
13. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə (xx.xx.2021-ci il tarixli) və həmin müqaviləyə xx.xx.2022-ci il tarixli QH**********/34 №-li əlavə”yə əsasən, Cavabdeh (sığortalı) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin ("sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı, Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi qismində 42 150 manat, habelə 216,5 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə "MSM Transport” MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan "Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında "Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus “DAF” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun qoşqusu olan “Felbinder” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə əmək funksiyalarını yerinə yetirərkən Xocavənd rayonu ərazisində təqsirli hərəkətləri nəticəsində qəza törətmiş, xx.xx.2022-ci il tarixli İXP4815686 saylı X8 Protokola əsasən cavabdehin qeyd edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmişdir. Əmək vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən "MSM Transport” MMC-yə 42 150 manat miqdarında maddi ziyan dəymişdir. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 205.2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər "Mediasiya Haqqında” AR Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sesiyasında iştirak tələb olunur. Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixinə mediasiya prossesi təyin edilmiş, lakin cavabdeh zərərin əvəzinin ödənilməsindən imtina etmişdir. Nəticədə mediator tərəfindən xx.xx.2023-cü il tarixdə arayış təqdim olunmuşdur. "MSM Transport” MMC-yə qeyd olunan məbləğdə maddi ziyanın vurulmasında cavabdehin təqsiri, həmçinin ziyanın vuruması ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcud olması cavabdehin yazdğı izahatla təsdiq olunur.
16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, izahatında həmçinin bildirmişdir ki, bütün işçilərlə, eləcə də cavabdehlə əmək müqaviləsinin bağlandığı gün eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə də imzalanır. Həmin müqavilənin cavabdehə sonradan xəstəxanada imzalatdırılması ilə bağlı cavabdeh tərəfin dəlilləri həqiqəti əks etdirməməklə, şirkətin heç bir əməkdaşının "kuryer” və ya "motosikletli əməkdaş” vasitəsilə tam maddi məsuliyyət müqaviləsini sonradan göndərib imzalatması mümkünsüzdür. Cavabdeh tam maddi məsuliyyət müqaviləsini işə daxil olan zaman imzalayıb. Yalnız həmin müqavilə imzalandıqdan sonra sürücüyə yol vərəqi verilir. Əgər cavabdeh müqaviləni imzalamasaydı ona yol vərəqi verilməzdi. Əmək müqaviləsinə əlavədə işçinin əmək funksiyaları əks etdirilmişdir. Təhqiqat aktı və iş üzrə cinayət işinin başlanmasının rəddi, eləcə də X8 qərarlardan görünür ki, hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən, belə halda işçi vurduğu maddi ziyanı tam şəkildə ödəməlidir.
17. İddiaçının məhkəmə iclasında iştirak edən digər nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı şirkət daşıyıcıdır, cavabdeh şirkətdə sürücü vəzifəsində işləyib. O, qəza törədib və şirkətə ziyan vurub. Hadisə iş vaxtı olub, bununla bağlı cavabdehin izahatı var, əmək münasibətlərinə xitam verilib, bununla bağlı cavabehin ərizəsi var. İşçilərin tibbi sığortası var, amma cavabdeh ondan istifadə etməyib. Şirkət cavabdehi iyul-yanvar ayları ərzində işdə saxlayıb, həmin müddət ərzində ona əmək haqqı ödənilib. Qəzada iddiaçı tərəfin heç bir səhvi olmayıb, əgər şirkətin səhvi olsaydı şirkət cərimə olunardı. Həmin qəza hadisəsi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti akt tərtib edib. Yük avtomobili qəzadan sonra təmir olunub, avtomobil ekspert rəyinin təqdim olunması üçün verilsə belə, avtomobilin qəza zamanı olan vəziyyəti müəyyən edilə bilməyəcək. Maşının qəzadan sonrakı şəkilləri Azərbaycan Respublikası Baş X11 İdarəsində var, oradan şəkilləri əldə etmək olar. İddiaçının tələb etdiyi məbləğ və rəydə göstərilən məbləğ arasında 400 manat fərq olsa da rəyə etirazları yoxdur, rəy ilə razıdırlar. Cavabdeh müqavilədə tam maddi məsuliyyətlidir. Cavabdehin izahatı var, tərəflər arasında əmək müqaviləsi bağlanıb, maşında nasazlıq olsaydı və ya maşın artıq yüklə yüklənsəydi cavabdeh bunu bildirməli idi, amma bunu bildirməyib. Maşına baxış keçirilib, sürücü ehtiyatsız olub.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, şirkətdə 3 ay sürücü işləyib, həmin vaxt ərzində işdə heç bir qüsuru olmayıb. Qəza Qarabağ bölgəsində Zəfər yolunda baş verib, həmin yollar təhlükəli yollardır, maşın idarə etmək təhlükəlidir. Qəzadan artıq 1 il keçir. Qəzadan 2 gün öncə maşın təmirə getmişdi. Maşının qoşqusu arxaya qoşulmuşdu. Maşın getdiyi yerdə yoldan çıxıb, sol tərəfə düşdü. Maşının təkəri partlayandan sonra maşın aşdı. Həmin maşınlarla 22 ton yük daşınır. Azərbaycan Respublikası X11inin əməkdaşlarının tərtib etdiyi protokolda da belə qeyd edilmişdir. Qəza zamanı ağır vəziyyətdə yaralanmışdı, bütün sümükləri sınmış, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada müalicə alan zaman şirkətin heç bir nümayəndəsi onunla maraqlanmayıb. Daha sonra şirkətin müdürü ona dedi ki, heç bir məsələyə görə narahat olma, bu müddət ərzində əmək haqqın ödəniləcək, amma ödənilmədi. Şirkətin əvvəlki müdiri Samir müəllim ona hər gün zəng edirdi. İddiaçının nümayəndəsi bildirir ki, guya o, könüllü şəkildə öz ərizəsi ilə işdən çıxmışdır, amma bu belə deyil. O, xəstəxanadan çıxdıqdan sonra şirkət ona dedi ki, "ya ərizəni yazıb işdən çıxacaqsan, ya da biz səni işdən çıxaracağıq. Əgər səni işdən çıxarsaq heç bir yerdə tapa bilməyəcəksən”. O da məcbur qalıb işdən çıxmaq ərizəsi yazmışdır. Vəziyyəti indi də yaxşı deyil, qəzadan sonra səhhətində problemlər yaranıb. Səhhətində problemlər olduğuna görə heç bir iş yeri onu işə götürmür. Onun 42 000 manat pulu olsaydı sürücü işləməzdi. Xəstəxanada ağır vəziyyətdə olduğundan X8 protokoldan şikayət verə bilməmişdir. İddiaçı tərəf protokoldan şikayət edib, şirkət həmin protokolun yazılmasına təzyiq göstərib. Şirkət əmək haqqını sonra ödədi, indi şirkətin ona əmək haqqı borcu yoxdur. Şirkət ona əmək haqqından başqa heç bir ödəniş etməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ona 1200 manat ödəyib. Sığortadan pul ala bilməyib, qəza olan zaman maşınla 21 600 kq yük daşıyırdı. Ekspert rəyi ilə razı deyil. Ağır qəza keçirdiyinə görə xəstəxanada müalicə almışdır. Xəstəxanada olan zaman şirkətin müdiri xəstəxanaya gəlmiş, demişdir ki, “narahat olma, sənə kömək ediləcək və sənə sığorta pulu ödəniləcək”. Ona maddi məsuliyyət müqaviləsini xəstə halında imzalatdırdı. Müqaviləni şərtlərini oxumadan imzalamışdır. İddiaçıya aid yük avtobilinin təkəri xarab idi. Şirkətin bu məsələdə təqsiri var. Qəza nəticəsində maşına ciddi ziyan dəyməyib, maşından hələ də istifadə edilir. Xəstəxanadan çıxdıqdan sonra müalicəni evdə davam etdirdi. Evdə müalicə alan zaman şirkətin əməkdaşı yayda onun evinə gəldi. O, həmin əməkdaşı tanıyır. Həmin əməkdaş şirkətdə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edirdi. Əməkdaş ona sənədlər təqdim edərək imzalamasını istədi. Əməkdaş sənədləri imzalayan zaman ona dedi ki, "sənədləri imzalamağın sənə xeyirdir”. O da həmin sözlərə inanaraq sənədləri imzaladı. Əməkdaş ona çoxlu və eyni sənədləri imzalatdırdı. Şirkət onun savadsızlığından istifadə edib. Hər ay onun üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəxanaya 143 manat ödənilib. İşə qəbul olan zaman tam maddi məsuliyyət müqaviləsini imzalamamışdır.
19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, cavabdeh Polis İdarəsində yazdığı ərizədə qəzada səhvinin olduğunu etiraf etmir. O, izahatında bildirib ki, maşının təkərlərindən səs gəlirdi, təkərlərin şporları yeyilmiş vəziyyətdə olub, cavabdeh maşını 21 ton yüklə yuxarı qaldırmağa çalışıb, sonra maşın sürünməyə başlayıb, qəza olan zaman inspektor hadisəni tam araşdırmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli Qərarına əsasən yük avtomobili 18 tondan artıq yük daşıya bilməz, qəzada cavabdehin heç bir təqsiri yoxdur. Cavabdeh maşını idarə edərkən sükan arxasında yatmayıb. Maşının təkəri partlayıb. Yük maşını ilə bağlı Komissiya rəyi olmalı idi, amma belə bir rəy yoxdur. Cavabdehin qəzada əli zədələnib, hal-hazırda işləmir, iddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Cavabdeh sığorta ödənişi almayıb, avtomobilə yox, oradakı mallara görə tam məsuliyyət daşıyır. Maşında nasazlıq olub və bununla bağlı fotoşəkillər və video var. İddiaçı tərəf cavabdehə avtomobilə dair tam maddi məsuliyyət haqqında müqaviləni imzaladıb. Əslində bu, düzgün deyil, çünki sürücü avtomobilə yox, daşıdığı mala görə məsuliyyət daşımalıdır. Avtomobil xarab vəziyyətdə idi, təkərləri yaxşı işləmirdi, həmin qəza hadisəsi olmasaydı belə avtomobil xarab olacaqdı, avtomobilin şəkilləri var, hətta avtomobilin aşan vəziyyətdə videosu var, avtomobilin təkərlərinə baxılmalıdır, şirkətin qəzada təqsiri var. Cavabdeh qəza nəticəsində çox ağır xəsarət alıb, aylarla xəstəxanada müalicə alıb, bir əli hal-hazırda işləmir. Məhkəməyə təqdim etdikləri şəkillərdə onun əlinin necə zədələndiyini görmək olar. Xəstəxanada müalicə alan zaman iddiaçı şirkətin keçmiş direktoru Samir müəllim cavabdehə deyib ki, heç bir problem olmayacaq, narahat olma. İndi isə cavabdehdən 42 150 manat tələb edirlər. Ekspert rəyi ilə razı deyil. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Xocavənd Rayon Polis Şöbəsinin 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilib və avto-texniki ekspertiza yenidən keçiriləcək. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin aktı əsas deyil. Cavabdehin təqsiri yoxdur, təhqiqatçı qəza hadisəsini araşdırarkən səhv edib, avtotexniki ekspertiza keçirilməyib, maşın həddindən artıq yüklə yüklənib. Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Xocavənd Rayon Polis X4 baş təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi qərarı ləğv edildi, həmin iş tam və hərtərəfli araşdırılması üçün prokurora göndərilib. Cavabdeh maddi məsuliyyət müqaviləsini evdə imzalayıb. O, qəzadan sonra ağır vəziyyətdə olub, müqaviləni imzalayan zaman müqavilənin şərtlərini anlamayıb. Buna görə də, dəymiş ziyana görə məsuliyyət daşıya bilməz. Maşına ziyan vurulmasına dair araşdırma aparılmayıb. Maşına vurulan ziyanın məbləği artıq hesablanıb. Qəzanın yaranmasında iddiaçının təqsiri var. İddiaçı tərəfindən cavabdehə verilən avtomobil texniki baxımdan yaxşı vəziyyətdə olmayıb. Cavabdeh əlildir, qəza nəticəsində əlil olub, onun iddiaçının tələb etdiyi məbləğdə pulu ödəməyə imkanı yoxdur. İddiaçının cavabdehə imzalatdırdığı tam maddi məsuliyyət müqaviləsi etibarsızdır. Çünki həmin müqavilə cavabdehin bildirdiyi kimi işə qəbul zamanı imzaladılmayıb, daha sonra imzaladılıb. Bu, xəttşünaslıq ekspertizasının keçirilməsi ilə təsdiq edilə bilər. İmzanın vaxtının müəyyən edilməsi üçün xəttşünaslıq ekspertizası keçirilməlidir.
20. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi iddia üzrə hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
21. Məhkəmənin şahid qismində dindirdiyi X5 ifadəsində bildirmişdir ki, cavabdehlə kirvədir, cavabdeh iddiaçı şirkətin yük maşınını idarə edərkən qəza olmuş, o bu qəzada ağır yaralanmışdı. Bir müddət xəstəxanada, daha sonra evdə müalicə alıb. Evdə müalicə alan zaman iddiaçı şirkətin əməkdaşı motorsikletlə evə gəlmiş, yanında sənədlər gətirmişdir. Həmin sənədləri nə cavabdeh, nə də özü oxumamış, şirkətin əməkdaşı cavabdehə bildirmişdir ki, “sənədlər sənin xeyrinədir. Bu sənədləri imzalasan əmək haqqı və pensiya alacaqsan”. Cavabdeh həmin sənədləri imzalayan zaman əməkdaş ona demişdir ki, "sən sənədləri imzala, hər şey yaxşı olacaq”. Cavabdeh də həmin sənədləri imzalamışdır. İmzalanan sənədin tam maddi məsuliyyət müqaviləsi olubolmadığını görməmişdir.
22. Məhkəmənin təynatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, “...nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. ...Nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı, "DAF" markalı, "105 XF" model, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 11 349,26 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 7519,26 manat; - təmir-bərpa işlərinin qiyməti - 3830,00 manat. 1999-cu il buraxılışlı, Felbinder markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı, Felbinder markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci təxminən 27 010,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 6460,00 manat; - təmir-bərpa işlərinin qiyməti - 20550,00 manat”.
23. Birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 38 359,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205,08 manat pul vəsaitinin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 manat hissəsinin cavabdehdən, 10 manat hissəsinin iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
24.1. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavədə - reysdən əvvəl nəqliyyat vasitəsinə ümumi baxışın keçirilməsi, nəqliyyat vəsaitəsinin nasaz olması barədə rəhbərliyə dərhal məlumat vermək; daşımaları təhlükəsiz yerinə yetirmək, daşınacaq yüklərin daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və ya razılaşdırmaq işçinin əmək funksiyalarına aid edilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, işçi işəgötürənin əmlakının, maddi və digər sərvətlərinin saxlanması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməlidir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, iddiaçıya məxsus olan və cavabdehə təhkim edilmiş “DAF” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və onun qoşqusu olan “Felbinder” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya maddi ziyan vurulmuşdur. 24.2. Baş vermiş hərəkətdə cavabdehin təqsiri iş materiallarına əlavə edilmiş "İnzibati tənbeh verə haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli Qərar, bədbəxt hadisənin təhqiqat materialları ilə təsdiq edilir. Bununla yanaşı Xocavənd rayon PŞ-in TQun baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş HK-1/1-24 saylı materiallar üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərara əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 1 dekabr 2023-cü il tarixli 3-16-16/2- 8/3266-8/3318 nömrəli rəyindən görünür ki, "DAF FTXF 105 yük” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 24.3. Cavabdeh baş vermiş hadisədə təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin maddi məsuliyyət müqaviləsinin hadisənin baş verməsindən sonra ona xəstəxanada imzalatdırılmasını əsaslandırma bilməmişdir. Məhkəmə bununla bağlı şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, şahidin özünün də qeyd etdiyi kimi, imzalanan sənədlərin nədən ibarət olmasını, onların maddi məsuliyyət barədə müqavilə olub-olmamasını görməmişdir. 24.4. Göründüyü kimi iddiaçı, cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair sübutları məhkəməyə təqdim etmişdir. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının sübuta yetirilməsini və tərəflər arasında tam maddi məsuliyyət müqaviləsinin bağlandığını və Əmək Məcəlləsinin 200.5-ci maddəsini əsas götürərək hesab edir ki, iddiaçı (zərər dəymiş əmlakın mülkiyyətçisi və qanuni sahibi) cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. 24.5. İşçinin vurduğu maddi zərərin məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan və cavabdeh iş materiallarına əlavə edilmiş "qüsur aktı”nı əsassız hesab etdiyi üçün məhkəmə tərəfindən işəgötürənin mülkiyyətində olan nəqliyyat vasitələrinə vurulmuş zərərin hesablanması məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, yük avtomobilinə və onun qoşqusuna dəymiş zərər ekspert rəyi əsasında cəmi 38 359.26 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən edilməli və vurulmuş ziyanın əvəzi olaraq 38359.26 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1099.1-ci, 1099.2-ci, Əmək Məcəlləsinin 191.1-ci, 192.1-ci, 194.1-ci, 198-ci, 199-cu, 200-cü, 201-ci, Mülki Prosessual məcəllənin 9.1-ci, 9.3-cü, 14.2-ci, 76.1-ci, 106.1-ci, 107-ci, 119.1-ci maddələrinə istinad etmişdir.
26. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandılrmaqla, məhkəmənin işi obyektiv araşdırmadığı, tam maddi məsuliyyət haqqında müqavilənin imzalanma tarixini müəyyən etmək üçün ekspertiza təyin etmədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdıramayaraq qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
27. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin qüvvədə saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
28. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
29. Apellyasiya baxışı zamanı İddiaçı MMC-nə məxsus “DAF FT XF 105 Yük” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “Feldbinder Yarımqoşqu sement çən” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı qoşqunun kasko sığortası növündə sığortalanıb-sığortalanmadığı, 29 iyun 2022-ci il tarixdə həmin avtomobili (qoşqunu) idarə etmiş Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə (qoşquya) dəymiş ziyana görə sığorta şirkətləri tərəfindən İddiaçı MMC-nə sığorta ödənişi (kasko sığortası üzrə) verilib-verilmədiyi barədə məlumat(lar) Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentindən və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən istənilmiş, Mərkəzi Bankın xx.xx.2024cü il tarixli cavab məktubunda həmin hadisəyə görə İddiaçı MMC-nə kasko sığorta ödənişi həyata keçirilmədiyi bildirilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
30. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
31. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
32. Maddə 192. (1-ci hissə). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
33. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
34. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
35. Maddə 200. (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
36. Maddə 200 (2-ci hissə). İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
37. Maddə 200 (5-ci hissə). Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
38. Maddə 201 (1-ci hissə). İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
39. Maddə 202 (1-ci hissə). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
40. Maddə 202 (2-ci hissə). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
41. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
59. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
60. “Tam maddi məsuliyyət haqqında müqavilə”nin ona sonradan imzalatdırılması ilə bağlı cavabdehin arqumentini inandırıcı hesab etməməklə bərabər kollegiya həmçinin qeyd edir ki, müvafiq müqavilə həm bilavasitə əmək müqaviləsi bağlanarkən, həm də əmək münasibətləri prosesində bağlana bilər.
61. “DAF FT XF 105 Yük” markalı yük avtomobilinə və “Feldbinder Yarımqoşqu sement çən” markalı qoşquya dəymiş ziyan məbləği ilə bağlı isə qeyd olunmalıdır ki, həmin məbləğ “MAN” markalı avtomobillərin rəsmi dileri tərəfindən müəyyənləşdirilmiş, məhkəmənin təyinatı əsasında təqdiqat aparan ekspert isə onu ağlabatan həddədək azaltmışdır.
62. Beləliklə, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-50/2024 saylı iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 38 359,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205,08 manat pul vəsaitinin tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məsrəfin 50 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov