Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5137/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yolun açılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(008)-1757/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinə sərbəst (piyada və avtomobil ilə) giriş-çıxış üçün cavabdehin istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması və bunun üçün cavabdeh tərəfindən həmin torpaq sahəsinin öz hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də fərdi ev tikintisi üçün Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə ona 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə yol plan-sxemə uyğun olaraq qonşunun-cavabdehin həyətindən keçir. Cavabdeh onun keçmiş arvadıdır, həmin yol onun tərəfindən zəbt edilmişdir, bu barədə cavabdehlə dəfələrlə danışsa da ondan imtina cavabı almışdır. Yolun açılması ilə bağlı İcra Hakimiyyətinə, Rayon Polis İdarəsinə müraciətlər etmiş, lakin nəticəsi olmamışır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(008)-1757/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m iddiçıya məxsus torpaq sahəsinə sərbəst girişçıxış (piyada və ya nəqliyyat vasitəsilə) üçün Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması, həmin yolun açılması üçün torpaq sahəsinin boşaldılmasının iddiaçının öz vəsaiti hesabına təmin edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, daha sonra apelyasiya baxışı zamanı apelyasiya şikayətində dəqiqləşdirmə verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının hazırki iddia tələbi uzun illər məhkəmə mübahisəsinin predmeti olmuş torpaq sahəsinə və evə dair dolayı yolla hüquqlarının tanınmasına yönəlmişdir. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarları nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh yolun açılmasına etiraz edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarında olan Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamından görünür ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı adına qanuniləşdirilmişdir. Həmin Sərəncamın 3.4-cü bəndinə görə ev tikintisi sxem əsasında verilən sahədə aparılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvana yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m iddiaçıya məxsus torpaq sahəsinə sərbəst giriş-çıxış (piyada və ya nəqliyyat vasitəsilə) üçün Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin arxa tərəfindən yolun açılması qeyri-mümkündür. Belə ki, həmin evin arxa tərəfindəki yol avtomobilin keçməsi üçün xeyli qısa və dar məsafəlidir, avtomobil həmin arxa yolun divarlarını cızmadan keçə bilmir. Ona görə də evin arxa tərəfindən deyil, ön tərəfindən yolun açılması daha məqsədəuyğundur. Məhkəmə iddianın qismən təmin edilməsi qənaəti gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-825/2015 saylı 05.03.2015-ci il tarixli qərarından müəyyən edilir ki, Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün İddiaçı adına rəsmiləşdirilməsinə qərar verilmişdir. Ayrılmış torpaq sahəsində tikili inşa edilmişdir və cavabdeh üç uşaqla birlikdə həmin tikilidə yaşayır. Lakin torpaq sahəsinin 1998-c ildə ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınmamışdır. Torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə, həmin sahədə tikinti işlərinin aparılmasına verilmiş müvafiq icazə və layihə sənədləri yoxdur. Hazırki apelyasiya baxışı zamanı təqdim edilmiş qanuni qüvvəyə minmiş qərarlardan müəyyən edilir ki, Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m torpaq sahəsində hazırki iş üzrə tərəflər birlikdə ev tikmiş və həmin evdə yaşamışlar. Belə olan halda Kollegiya qeyd edir ki, hazırda iddiaçı tərəfindən təqdim edilmiş plan-sxemdə göstərilən sərəncama əsasən nəzərdə tutulmuş torpaq sahəsinin mötəbərliyi şübhə doğurur. Belə ki, artıq qüvvədə olan məhkəmə aktları ilə Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə ayrılmış 1200 kv.m torpaq sahəsində tərəflərin ev tikdikləri müəyyən olunduğu halda, iddiaçının hazırki iddia ərizəsinə əlavə etdiyi Sabunçu RİHB-nin Zabrat qəsəbəsi üzrə nümayəndəsi və mühəndisi tərəfindən 18.01.2018-ci il tarixi ilə təsdiq olunmuş və məhz 30.04.1998-ci il tarixli 495 saylı sərəncam ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin plan-sxemində həmin sahə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən boş sahə kimi göstərilmişdir. Yəni, 30.04.1998-ci il tarixli 495 saylı sərəncamla iddiaçıya yalnız 1200 kv.m torpaq sahəsi ayrılmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə də həmin sahədə artıq tərəflərin ev tikdikləri müəyyən olunur, belə olan halda iddiaçının həmin sərancama əsasən ona ayrılmış 1200 kv.m topraq sahəsinin boş sahə kimi göstərilməsi başadüşülən deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılmasına etiraz edir. Hazırki iş üzrə təqdim edilmiş plan-sxemdən isə görünür ki, iddiaçının torpaq sahəsinə giriş-çıxış üçün yol mövcuddur (sxemdə daxili yol kimi qeyd olunmuşdur), ona görə də cavabdehin istifadəsində olan sahədən yolun açılmasına zərurət yoxdur. Kollegiya hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1757/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “yolun açılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5137/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5137/2021
07.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver