Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5137/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil3, üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Vüqar Qaracayevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 nömrəli kredit müqaviləsi ilə bağlıdır. Həmin müqavilə üzrə zamin (İddiaçı) kredit alanın (Cavabdeh) əvəzinə kedit verənə (“Bank VTB (Azərbaycan)” ASC-yə) hissəvi ödənişlər edib. İddiaçı (zamin) ödəniş etdiyini sübut etmək üçün məhkəməyə ödəniş sənədləri təqdim edib. Onların bir hissəsində iddiaçının adı ödəyici kimi qeyd olunub, bir hissəsində isə iddiaçının adı ödəyici kimi qeyd olunmayıb. İddiaçının adının ödəyici kimi qeyd olunduğu ödəniş sənədlərinin tarixi və məbləği aşağıdakı kimidir: 1) xx.xx.2015-ci ildə 9.230 ABŞ dolları; 2) xx.xx.2016-cı ildə 4.655,49 ABŞ dolları; 3) xx.xx.2016-cı ildə 7.840 manat; 4) xx.xx.2016-cı ildə 7.840 manat; 5) xx.xx.2017-ci ildə 7.835 manat; 6) xx.xx.2017-ci ildə 2.000 manat; 7) xx.xx.2017-ci ildə 2.000 manat; 8) xx.xx.2017-ci ildə 3.250 manat; 9) xx.xx.2018-ci ildə 3.250 manat; 10) xx.xx.2018-ci ildə 3.250 manat; 11) xx.xx.2022-ci ildə 2.500 manat; 12) xx.xx.2022-ci ildə 2.500 manat; 13) xx.xx.2022-ci ildə 2.500 manat; 14) xx.xx.2022-ci ildə 2.500 manat; 15) xx.xx.2022-ci ildə 2.500 manat; 16) xx.xx.2022-ci ildə 2.500 manat; 17) xx.xx.2022-ci ildə 2.500 manat; 18) xx.xx.2022-ci ildə 2.500 manat; 19) xx.xx.2022-ci ildə 2.500 manat. Bu ödənişlərin cəmi 13.885,49 ABŞ dolları və 59.765 manat təşkil edir. Lakin iddiaçı bildirir ki, daha çox ödəniş edib, ödəyici kimi adının qeyd edilmədiyi ödəniş sənədlərindəki ödənişlər də ona məxsus olan pul olub, kredit müqaviləsi üzrə 144.259,98 manat ödəyib, daha sonra bağlanmış barışıq sazişi üzrə 27.500 manat ödəyib, bundan başqa, gələcəkdə 178.000 manat ödəməlidir. Bu məbəğlərin cəmi 349.759,95 manat təşkil edir. xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 nömrəli kredit müqaviləsi üzrə tam icra hələ həyata keçirilməyib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, zaminin (iddiaçının) kredit alanın (cavabdehin) əvəzinə kedit verənə (“Bank VTB (Azərbaycan)” ASC-yə) kredit müqaviləsi üzrə ödədiyi ödənişin əvəzi kimi 144.259,98 manat, daha sonra barışıq sazişi üzrə ödədiyi ödənişin əvəzi kimi 27.500 manat və gələcəkdə ödəyəcəyi 178.000 manat, cəmi 349.759,95 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsassız olduğunu, üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Vüqar Qaracayev isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Qətnamənin yoxlanılması: Kreditorun hüquqlarının zaminə keçməsi ilə bağlı mübahisələr həll edilərkən 2 anlayış nəzərə alınmalıdır: 1) hüquqların keçmə həcmi; 2) hüquqları keçmə anı. 1-ci anlayış, yəni hüquqların keçmə həcmi ilə bağlı qanunvericilikdə qeyrimüəyyənlik yoxdur. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Yəni öhdəlik tam icra edilibsə hüquqlar tam, hissəvi icra edilibsə hüquqlar hissəvi keçir. 2-ci anlayış, hüquqları keçmə anı ilə bağlı məsələ qanunvericilikdə aydın tənzim olunmur. Belə ki, Mülki Məcəllənin 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə “zamin öhdəliyi icra etdikdən sonra” qeyd olunub, ancaq “icra” deyildikdə hansı icranın - tam və ya hissəvi icranın nəzərdə tutulduğu açıqlanmayıb. Həmin maddədə “icra” deyildikdə tam icra nəzərdə tutur. Əgər zamin öhdəliyi hissəvi icra edibsə, belə halda o, öhdəliyin qalan hissəsinin başqası (borclu, üçüncü şəxs və s.) tərəfindən tam icra edilməsini və ya öhdəliyin qalan hissəsinin xitamı üçün qanunvericilikdə müəyyən edilmiş əsasların (borcun bağışlanması, qarşılıqlı əvəzləşdirmə və s.) baş verməsini gözləməlidir. Yalnız bundan sonra zamin öhdəliyi icra etdiyi hissəyə görə kreditorun borcluya qarşı tələb hüququnun, o cümlədən həmin tələbi təmin edən hüquqların ona keçməsini tələb edə bilər. Bu baş vermədən hüquqların öhdəliyi hissəvi icra etmiş zaminə hissəvi keçməsi kreditorun qanunla qorunan mənafeyinə ziddir. Belə halda zamin də kreditor sayılacaq, nəticədə isə borclunun eyni öhdəlik münasibətində 2 kreditoru olacaq. Bundan başqa, əgər öhdəlik ipoteka, girov və s. ilə təmin edilibsə, zamin həm də ipoteka (girov) saxlayan sayılacaq, nəticədə isə eyni öhdəlik münasibətində 2 ipoteka (girov) saxlayan olacaq. Bu isə o deməkdir ki, zamin də kreditor ilə yanaşı borcludan öhdəliyin öz xeyrinə icrasını tələb edə biləcək, o cümlədən öhdəliyin icrasını təmin edən hüquqlardan istifadə edə biləcək. Halbuki, borclunun hazırda malik olduğu maliyyə vəsaiti zaminin deyil, kreditorun təmin edilməsinə yönəlməlidir. Odur ki, öhdəliyin tam icrasına görə məsuliyyət daşıyan, lakin icra edilməmiş öhdəliyi qalan zaminin icra etdiyi hissə üzrə kreditora çevirilməsi kreditorun qanunla qorunan mənafeyinə ziddir. Mülki Məcəllənin 475.2-ci maddəsində “kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə borcludur” ifadəsi də yuxarıda qeyd olunan mövqenin düzgün olduğunu təsdiq edir. Kreditor (bank) borcluya (Cavabdeh) qarşı tələbi təsdiqləyən sənədləri zaminə (İddiaçı) təqdim etməyib. Ümumiyyətlə, zamin (İddiaçı) bu sənədlərin ona təqdim edilməsi üçün banka müraciət etməyib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5137/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5137/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver