Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5138/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmədəli Şəfai küçəsi 31A saylı ev 2002-ci ildən AR DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlərin ona məxsis evdə qeydiyyatları ilə bağlı məlumatı olmamışdır. Onların formal olaraq qeydiyyatda qalmaları səbəbindən əlavə kommunal xidmətlərə görə ödənişlər etmək məcburiyyətində olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-5490/20) iddia təmin olunaraq cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmədəli Şəfai küçəsi 31A saylı evə istifadə hüquqları olmadığı müəyyən edilmişdir. Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Cavabdeh1 şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə digər məhkəmədə mübahisələri getmiş olsa da, ona hazırkı iş barədə məlumat verməmişlər və məhkəmənin tələsik qərar qəbul etməsinə nail olmuşlar. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən onun məhkəmədə iştirakını təmin etməmiş və bununla da onun özünü müdafiə hüququnu kobud surətdə pozmuşdur. İddiaçı iddia ərizəsində onun həmin ünvanda yaşamadığını qeyd etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırkı qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız ona aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmədəli Şəfai küçəsi 31A saylı ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçının tələbi cavabdehlərin həmin evdən istifadə hüquqlarının itirilməsi barədədir. Tələb cavabdehlərin mübahisəli evdə formal qeydiyyatda olmaları, orada yaşamamaları ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq orada yaşamadıqları və mənzildən istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlmiş və göstərilən əsasla da iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mulki Məcəlləsinin 152.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci, 9-cu maddələrinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iddiaçının izahatına əsasən müəyyən etdi ki, iddiaçının tələbi məhz cavabdehin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı ilk öncə Azərbaycan Respublikası DİN-nə müraciət etməli, müraciəti təmin edilmədiyi halda, müvafiq inzibati orqana qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsində iddia qaldırmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə - Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Məhəmədəli Şəfai küçəsi 31A saylı evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi hissəsində ləğv edilməli və ləğv edilən hissədə mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci tarixli qətnaməsi qismən - Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Məhəmədəli Şəfai küçəsi 31A saylı evə istifadə hüququ olmadığının müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə mülki işin icraatına xitam verilsin. İddiaçı izah edilsin ki, Cavabdeh2 qeydiyyatdan çıxarılmasına dair ərizə ilə müvafiq inzibati orqana müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5138/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5138/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver