Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5139/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(004)- 1677/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 7164,51 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********80003 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə 28.12.2020-ci il tarixinə cəmi 1284 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 7164,51 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 7164,51 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Dəfələrlə Cavabdeh həmin borcun ödənilməsi ilə bağlı müraciət olunmuş, lakin cavabdeh tərəfindən həmin borc bu günə qədər ödənilməmişdir. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il, tarixli 2(004)- 1677/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1510,53 (bir min beş yüz on manat 53 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2021 saylı iş üzrə 02.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin edilməsi ilə müşayət olunmuş, həmçinin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olmuşdur. Bildirirlər ki, Cavabdeh adına olan **********80003 saylı abonent kodunun təhlili zamanı onun 7164.51 manat debitor borcu yarandığı, lakin abonent tərəfindən ödənilmiş elektrik enerjisinin dəyəri 470 manat təşkil etdiyi məlum olmuşdur. Qeyd edilən fakt məhkəmə baxışında təqdim edilən invoys (abunə haqqında məlumat) və maliyyə arayışında da öz əksini tapmışdır. Lakin abonent tərəfindən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərinin ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi məhkəmə gəldiyi qərarı ilə invoys və maliyyə arayışında qeyd edilən borc məbləğini lazımınca araşdırmamış, illər üzrə borcu düzgün hesablamamışdır. Belə ki, qətnamədə qət edildiyi kimi borcun hesablanması hətta 18 noyabr 2015-ci ildən hesablasa idi belə yaranmış borc 1510.53 deyil, təqdim edilmiş sübutlara əsasən 3702.59 manat təşkil etməli idi. Nədənsə məhkəmə hesab səhvlərinə yol verərək iddiaçı "xxxx" ASC-yə qarşı açıq-aşkar qərəzli mövqe göstərmişdir. Qətnamənin təsviri hissəsində Cavabdeh iddia tələbini qəbul etmədiyi və onun 470 manat ödəniş etmədiyi göstərilmişdir. Həqiqətdə isə cavabdeh məhkəmə iclası zamanı borcunun olduğunu, lakin bu borcu ödəmək qabiliyyətində olmadığını, xəstə anasına baxdığını və bütün gəlirini ona sərf etdiyini bildirmişdir. Cavabdeh tərəfindən ödənilmiş 470 manat isə məhkəməyə təqdim edilmiş invoysun “ödəmələr” qrafasında olaraq tam aydın oxunur. Məhkəmənin yol verdiyi yanlışlıqlar məhkəmə iclas protokolunda (qeyd edildiyi təqdirdə) və məhkəmə iclasının video çəkilişində də öz əksini tapmışdır. Bundan başqa məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qətnamənin nəticə hissəsi ilə bağlılığı olmayan “Elektroenergetika haqqında” Qanunun 11-ci maddəsinə istinad etmişdir. Qeyd edilən maddəyə əsasən, “enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz”. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş **********B0000 nömrəli abunə haqqında məlumatdan görünür ki, "xxxx" ASC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında 18.11.2015-ci il tarixdə müqavilə bağlanmış və cavabdeh elektrik enerjisindən istifadə etmişdir. Təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh elektreik enerjisindən istifadəyə görə 7164,51 manat məbləğində borcu yaranmışdır. Lakin, 2015-ci ilə olan borc 1350,60 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-texniki ekspertizası ilə bağlı 26 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 16 avqust 2021-ci il tarixli 10/3171 saylı Ekspertiza məktubundan görünür ki, ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. Mülki iş materiallarında elektrik enerjisi işlədicilərinin sayı, növü, gücü və iş rejimləri barədə məlumatlar olmadığına, həmçinin maliyyə arayışında ayrıca illər üzrə hesablanmış məbləğin hesabat qaydası təqdim olunmadığına görə, qərardadın sualları üzrə tədqiqat aparılması mümkün olmadı. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə rnerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya apellyasiyanın dəlilləri ilə bağlı qeyd edir ki,iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi məhkəmə iclasında tələb etdikləri borca dair izahlı –illər üzrə Maliyyə arayışı təqdim etdiklərini bildirmişdir.Təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh elektreik enerjisindən istifadəyə görə 5.769, 48 manat burcu olduğu göstərilir, lakin iddia ərizəsində bildirilir ki, 7164,51 manat məbləğində borcu yaranmışdır, buna baxmayaraq həmin borcun necə yaranması, yəni mənbəsi barədə sübut təqdim edilməmişdir.Apellyasiya baxışı zamanı bir daha tədqiq olunan maliyyə arayışında hesablanan borc məbləğlərində ziddiyyət olduğu müəyyən olunsa da 1-ci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermədiyini, apellyasiya şikayətini yalnız iddiaçı verdiyini nəzərə Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(004)-1677/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(004)- 1677/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5139/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5139/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver