Məhkəmə qərarları › İş №2(103)-5141/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5141/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5141/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılarkən iddiaçı “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə baxılıb nəticə verilənədək, “Mercedes Benz E200” markalı **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması və avtomobilin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cəmi 12.204,94 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul iddiaçı və (hazırki iş üzrə tərəf olmayan) X1 Cavabdeh3 ASC-nin xeyrinə tutulmalı, tutma mübahisəli avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Qətnamənin icrası ilə bağlı avtomobil qiymətləndirilmiş və açıq hərracdan 7.100 manata Cavabdeh4 satılmışdır. Həm avtomobilin qiymətləndirilməsində, həm də hərracın keçirilməsində iddiaçının iştirakı təmin edilməmiş, avtomobil aşağı qiymətə qiymətləndirilmişdir. Bu səbəbdən iddiaçı qiymətləndirilmə rəyinin etibarlılığını və hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirir. İddiaçı hesab edir ki, avtomobildən hazırda istifadə edildiyinə görə avtomobil aşınmaya məruz qala və ya ümumiyyətlə məhv ola bilər. Odur ki, avtomobilin hazırki vəziyyətdə qorunub saxlanılmasi üçün avtomobilin üzərinə həbs qoyulmalı və avtomobil xüsusi dayanacağa yerləşdirilməlidir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. MPM-nin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək məqsədilə məhkəmə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağa edə bilər. Mülki prosessual qanunvericiliyin mənasına görə iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranmasının qarşısının alınmasına yönəlmiş prosessual tədbirdir. Hazırki işin başlanmasına əsas olmuş iddianın məzmunundan görünür ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb, mübahisəli avtomobilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və həmin avtomobilin hərracdan satılmasının nəticələrinin ləğv edilməsi barədədir. Məhkəmə qeyd edir ki, qeyd olunan iddianın gələcəkdə rədd olunması ehtimalı olduğu kimi təmin edilməsi ehtimalı da istisna edilmir. Lakin hazırki mərhələdə buna hüquqi qiymətin verilməsi qeyri-mümkündür, çünki iş araşdırma mərhələsindədir. Əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki, həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri avtomobilin hazırki mülkiyyətçisinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Lakin göstərilənlərlə yanaşı Məhkəmə hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli avtomobil barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir avtomobilin özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə qismən təmin edilməli və hazırki mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi qismən təmin edilsin. “Mercedes Benz E200” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgənikiləşdirilməsinə qadağa qoyulsun. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar