Məhkəmə qərarları › İş №2(103)-5141/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5141/2021

03.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5141/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X1, cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əmrin etibarsız hesab olunması, işə bərpa və əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (DSMF) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35 illik dövlət qulluğu stajı olduğunu və pensiya yaşına çatmasına 6 aya yaxın müddət qaldığını, 2009-cu ildə X3 üzrə Komissiya vasitəsilə imtahan verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Əlillərin Sosial Müdafiəsi Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsində işləməyə başladığını, 2011-ci ilin dekabr ayından Abşeron rayon Əlillərin sosial müdafəsi şöbəsində məsləhətçi vəzifəsində 2019-ci ilin dekabr ayına kimi işlədiyini, 28.10.2019-cu il tarixdə DSMF-nin ləğv edildiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X7 yaradıldığını, uzun müddət dövlət qulluğunda işləməsinə baxmayaraq DSMF Abşeron rayon nümayəndiliyinə ştatdankənar işçi kimi işə qəbul edildiyini, 13 noyabr 2020-ci il tarixdə imzalaması üçün ona əmək müqaviləsi təqdim olunduğunu, artıq testi keçdiyi üçün yeni əmək müqaviləsini imzaladığını zənn edərək müqaviləyə qol çəkdiyini, imza edərkən imzasının altından tarixi də 13 noyabr 2020 olaraq qeyd etdiyini, 2 gün sonra işdən azad edildiyinin bildirildiyini, pandemiyanın kəskinləşməsi ilə əlaqədar tətbiq olunmuş karantin səbəbindən əmək kitabçasını götürə bilmədiyini, 28.01.2021-ci il tarixdə əmək kitabçasını rəsmi olaraq götürdükdə 14 noyabr 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyini öyrəndiyini, 13 noyabr 2020-ci il tarixdə imza etdiyi əmək müqaviləsinin müddətinin 1 gün sonra bitməsinin mümkün olmadığını, əmək kitabçasındakı qeyddə isə onunla 14.08.2020-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi imzalandığının göstərildiyini bildirmiş, əmək müqaviləsinə xitam verməsi barədə əmrin etibarsız hesab olunması, son işlədiyi vəzifəyə bərpa edilməsi, işdən azad olunduğu gündən etibarən işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi və DSMF-nin vəzifəli şəxslərinin İXM-in 192.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə “DSMF-nin vəzifəli şəxslərinin İXM-in 192.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunması” tələbi üzrə icraata xitam verilmiş, eyni tarixli qətnamə ilə digər iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, əmək qanunvericiliyinin tələblərini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçı, 2009-cu ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müxtəlif strukturlarında fəaliyyət göstərmiş, 14.08.2020-ci il tarixdə onunla müddətli əmək müqavilə bağlanaraq 17.08.2020-ci il tarixdən etibarən Cavabdeh Abşeron rayon xidmət nümayəndəliyinə 3 ay müddətinə ştatdankənar işçi vəzifəsinə təyin edilmiş, 20 noyabr 2020-ci il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdiyinə görə tutduğu vəzifədən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinin müddəti 17 noyabr 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək onun əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması arqumentinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni olmaqla, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2142/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar