Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5142/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 İsmail oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun vəkili X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə İddiaçı X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “əşyaların mənzildən çıxarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 13 noyabr 2015-cı il tarixdə Cavabdeh1la rəsmi nikaha daxil olduğunu, ailə qurduqdan sonra cavabdehlərin yaşadıqları və qeydiyyatda olduqları ünvan 1 ünvanındakı yaşayış sahəsinə gəlin köçdüyünü, həmin ünvandakı ümumi həyətdə gəlin köçdüyü yaşayış sahəsi daxil olmaqla bir neçə yaşayış sahəsinin yerləşdiyini, nikahından 21.06.2017-ci il tarixdə Rövşən, 22.07.2019-cu il tarixdə Dilək adını verdikləri uşaqlarının dünyaya gəldiyini, 11 iyul 2020-ci il tarixdə cavabdehlərin onu iki azyaşlı uşağı ilə birlikdə yaşadığı həmin evdən qovduqlarını və yaşayış sahəsinin açarını dəyişərək onları oraya buraxmadıqlarını, onun və azyaşlı uşaqlarının həmin evdə yaşaya bilməmələri üçün yaşayış sahəsinin suyunu, qazını və elektrik enerjisini kəsdiklərini, bütün cehiz əşyalarının sözügedən evdə qaldığını, uşaqlarının hər ikisinin həmin evdə qeydiyyatda olduğunu bildirmiş, ünvan 1 ünvanındakı ayrıca girişi olan, üç otaqdan, ayrıca sanitar qovşağından ibarət ümumi sahəsi 69,32 m2 olan yaşayış sahəsinə istifadə hüququnun tanınması, azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1 istifadəsindəki həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh1 isə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ünvan 1 saylı evdə olan əşyalarının - yataq dəsti mebelinin, künc divanının, çilçırağın, xalçanın, stol-stulun, tozsoranın, soyuducunun, paltaryuyanın, qabqacağın və digər əşyaların oradan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 saylı evdə olan İddiaçı məxsus yataq dəsti mebelinin, künc divanının, çilçırağın, xalçanın, tozsoranın, stol-stul dəstinin, soyuducunun, paltaryuyanın və qab-qacağın İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması ilə bağlı hissələrdə ləğv edilməsini və ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmadığını, sübutları düzgün qiymətləndirmədiyini, evin özbaşına tikili olmasını və cavabdehlərin orada pasport qeydiyyatında olmalarını nəzərə almadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Cavabdeh2 və onun vəkili, habelə digər Cavabdeh1 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, X4 məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qarşılıqlı iddiaçılar qətnaməni mübahisələndirməmişlər və bu səbəblə də qarşılıqlı iddianın təmin edilməyən hissəsi üzrə qətnamə apellyasiya baxışının predmeti deyildir. Kollegiya İddiaçı apellyasiya şikayətinin dəlillərini bu kontekstdə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən ilkin iddiaçı, Cavabdeh1 ilə 13.11.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq onun və ailə üzvlərinin yaşadıqları ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, nikahından 21.06.2017-ci il tarixdə Rövşən, 22.07.2019-cu il tarixdə Dilək adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar İddiaçı himayəsinə verilmiş, onların saxlanılmaları üçün Cavabdeh1 aliment tutulmasına qərar verilmişdir. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən və ilkin iddiaçının köçmək istədiyi ev dövlət reyestrində qeydiyyatdan keçməmiş, ev İddiaçı oraya köməsinə qədər inşa edilməklə onun eskiz layihəsi Cavabdeh1 nənəsinin adına tərtib olunmuş, ilkin iddia üzrə cavabdehlər oraya pasport qeydiyyatına alınmış, evə dair kommunal xidmətlər Cavabdeh2 (ilkin iddiaçının keçmiş həyat yoldaşının qardaşı) adına göstərilmişdir. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, ilkin iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, üzərində mülkiyyət hüququ olmayan evə faktiki sahiblik edən şəxsin razılığı ilə köçmüş və orada yaşamış digər şəxslərin yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Mülkiyyətçi və mülkiyyətçinin iradəsi olmadan hər hansı əşya üzərində digər şəxslərin istifadə hüququnun yaranması nəzəri baxımdan mümkün deyil, istifadə hüququ mülkiyyət hüququ ilə üzvi surətdə bağlıdır. Kollegiyanın qənaətinə görə, ilkin iddia üzrə iddiaçının mübahisəsi gedən evdən istifadə hüququ mövcud olmadığından onun oraya köçürülməsi tələbi əsaslı hesab edilməməlidir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, ilkin iddiaçının ünvan 1 ünvanında yerləşən evə köçdüyü zaman həmin evin hazır tikili olduğu, onun evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etmədiyi və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etmədiyi də müəyyən olunmuşdur; kollegiya onun iddiasını bu baxımdan da əsaslı hesab etmir. İddiaçı uşaqlarının mübahisəsi gedən evdə pasport qeydiyyatında olmaları da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Şərh olunan mövqeyə uyğun olaraq kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni əsaslı hesab edir; nə qədər ki, ilkin iddiaçının evə köçürülmə tələbi əsaslı hesab edilməmişdir, belə halda ona məxsus əşyaların da sözügedən evdə qalması üçün əsas yoxdur. Bu zaman həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və İddiaçı evdən çıxarılmasına qərar verilən əmlaklarının növünə və həcminə məhz qarşılıqlı iddia ərizəsinə münasibətdə qiymət verilmişdir. Başqa sözlə, əgər İddiaçı həmin evdə digər əmlaklarının olduğunu iddia edərsə, bununla bağlı ümumi əsaslarla müvafiq iddia irəli sürmək hüququna sahibdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-620/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5142/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5142/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver