Məhkəmə qərarları › İş №2(103)-5143/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5143/2023

27.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5143/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinin Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-5409/2022 saylı, 08 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5065/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5409/2022 saylı 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 614/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli apellyasiya şikayətləri geri qaytarılmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 yenidən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2(007)- 614/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil2 şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-614/2022 saylı qətnaməsindən apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək apellyasiya qaydasında baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1561/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1766/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5409/2022 saylı 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2022-ci il tarixli, 2(007)- 614/2022 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 614/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli apellyasiya şikayətləri geri qaytarılmış, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 təkrarən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 iyul 2022-ci il tarixli və 17 yanvar 2023-cü il tarixli qərardadlarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən əvvəlki tarixlərdə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilmədiyindən geri qaytarılsa da, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 təkrarən apellyasiya şikayəti verərkən həmin halı nəzərə almamış və vermiş olduğu apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formaya uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya təkrarən qeyd edir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir. (İ cild, iş v. 104) Kollegiya qeyd edir ki, belə olan halda iddiaçı tərəfindən mübahisələndiriyi qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin son günü 01 iyul 2022-ci il hesab olunur. Lakin iddiaçı tərəf hazırkı apellyasiya şikayətini 1 ildən çox müddətdə ötürməklə, yəni xx.xx.2023-cü il tarixdə elektron formada verilmişdir. Göründüyü kimi, iddiaçı tərəf qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüş və müddətin bərpası barədə vəsatət də verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, göstərilən hallar gələcəkdə yenidən təkrarlanarsa iddiaçı tərəf məhkəmə tərəfindən cərimələnə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar