Məhkəmə qərarları › İş №2(103)-5145/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5145/2022

08.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5145/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)- 2202/2021 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət üzrə işə işə yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2021ci il tarixli, 2(009)-2202/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı-1 bağ massivi 85 saylı bağ sahəsindəki 0,25 ha (25 sot) torpaq sahəsinin Ərizəçi Mikayıl oğlunun istifadəsində (sahibliyində) olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamə hüquq və vəzifəlrinə toxunan şəxs Maraqlı şəxs2 vəkili Nümayəndə 01 fevral 2022-ci il tarixdə sorğu ilə məhkəmə müraciət edərək vərəsəlik işi ilə bağlı mülki iş üzrə sənədlərin və qətnamənin onun poçt ünvanına göndərilməsini xahiş etmiş, 08 fevral 2022-ci il tarixdə mülki iş üzrə sənədlər və qətnamə vəkil Nümayəndə poçt ünvanına göndərilmişdir. Maraqlı şəxs2 29 mart 2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(009)- 2202/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs2 mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmış, eyni zamanda məhkəmənin 01 aprel 2022-ci il tarixli digər qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (prosessual müddətin keçməsi və şikayətin verilmə qaydasının pozulması əsasları üzrə). Maraqlı şəxs2 birinci instansiya məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadından şikayət vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə təmin olunmuş, Səbail Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Lakin, Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti yenidən qaytarılmış, Maraqlı şəxs2 həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəifndən apellyasiya şikayətinin eyni əsasla qaytarılması barədə əvvəlki qərardadı Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş, mülki iş verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bununla yanaşı, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən (məhkəmənin 30 mart 2022-ci il tarixli qərardadı) Maraqlı şəxs2 mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmışdır. Yəni, Maraqlı şəxs2 işə baxılarkən icraata cəlb olunmamış, nəticədə qətnamə onun hüquq və vəzifələrinə toxunmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd edilən halların fonunda maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilmə forması ilə bağlı dəlillərini araşdırmamış, nəticədə icraata cəlb olunmamış, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin ədalətli məhkəmə araşdırma hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ji bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə mürajiət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)- 2202/2021 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)- 2202/2021-ci il tarixli qərardadı ləğv edilsin, iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar