Məhkəmə qərarları › İş №2(103)-5146/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5146/2022

16.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5146/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “evə istifadə hüququnun itirilməsi, evin təhvil verilməsi və evdən çıxarılma barədə” ilk iddiasına, iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 321 “C” nömrəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Əvvəl ev 4 nəfərin - Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olub. xx.xx.2018-ci il tarixdə həmin 4 nəfər (satıcılar) ilə İddiaçı (alıcının) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ev 575.000 manata alqı-satqı edilib və ev üzərində mülkiyyət hüququ İddiaçı keçib. İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb. Ev hazırda İddiaçı mülkiyyətindədir, lakin evdə əks tərəf yaşayır. Tələb və onun həlli: İlk iddia ərizəsində tələb olunub ki, 5 nəfərin - Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evdən istifadə hüquqları itirilmiş hesab olunsun və 4 nəfər - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evdən çıxarılsın, ev İddiaçı təhvil verilsin, habelə qətnamədə həmin qətnamənin bu şəxslərin evdən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qeyd aparılsın. İlk iddia onunla əsaslandırılıb ki, İddiaçı evi satın alıb, evin razılaşdırılmış qiymətini notariusun depozit hesabı vasitəsilə satıcı tərəfə ödəyib, lakin satıcı tərəf evi ona təhvil vermir. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, evə dair bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında İddiaçı adına verilmiş reyestr çıxarışı etibarsız hesab olunsun. Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, alqı-satqı müqaviləsi formal və görünüş xətrinə bağlanıb, məqsəd yalnız pul borcunun ödənilməsi olub. Belə ki, 2015-2017-ci illərdə Cavabdeh5 ilə İddiaçı arasında biznes fəaliyyəti ilə əlaqədar iş birliyi olmuş, iş birliyi nəticəsində Cavabdeh5 İddiaçı pul borcu yaranmışdır. İddiaçı tələb etmişdir ki, ev formal olaraq onun adına keçirilsin, pul geri qaytarıldıqdan sonra ev yenidən Cavabdeh5 ailəsinə qaytarılacaq və alqı-satqı müqaviləsi ləğv ediləcək. Alqı-satqı müqaviləsində evin qiyməti kimi göstərilən 575.000 manat formal xarakter daşıyır, evin qiyməti 1.100.000 manatdır. Müqavilə bağlandığı vaxtdan hal-hazıra kimi qarşılıqlı iddiaçılar həmin evdə yaşayır. Müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmasına baxmayaraq İddiaçı mülkiyyət hüququ bu tarixdən uzun müddət keçdikdən sonra - xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Bu hallar da onu təsdiq edir ki, İddiaçı əslində həmin evi almayıb. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, 4 nəfərin - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evdən istifadə hüquqları itirilmiş hesab olunsun, həmin şəxslər evdən çıxarılsın, ev İddiaçı təhvil verilsin, ilk iddia Cavabdeh5 evə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində təmin edilməsin, qarşılıqlı iddia təmin edilməsin. Qətnamədə həmçinin qeyd olunub ki, qətnamə 4 nəfərin - Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı vəkili Vəkil1 isə apellyasiya şikayətinin əsassız oldiğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh-iddiaçı Cavabdeh4 xx.xx.2022-ci il tarixdə, yəni iş üzrə apellyasiya icraatı zamanı ölüb. Ona görə də qətnamənin ona aid hissəsi Bakı Apellyasiya Məhkəməsinin ayrıca qərardadı ilə ləğv edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Qətnamənin yoxlanılması: İlk iddianın həlli qarşılıqlı iddianın həllindən asılı olduğuna görə əvvəlcə qətnamənin qarşılıqlı iddiaya aid hissəsi, daha sonra ilk iddiaya aid hissəsi yoxlanılmalıdır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddianın əsası ondan ibarətdir ki, alqı-satqı müqaviləsi yalan əqddir, başqa əqdi, yəni pul borcunun təminatı olan ipoteka müqaviləsini pərdələmək məqsədilə bağlanıb. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Lakin məhkəmə yalnız satıcı tərəfin izahatına əsaslanaraq müqavilənin yalan əqd olduğunu müəyyən edə bilməz. Alıcı müqavilənin həqiqi olduğunu bildirir, satıcı isə müqavilənin yalan olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Satıcının istinad etdiyi, aşağıda göstərilən hallar qarşılıqlı iddianın təmin edilməsinə əsas ola bilməz. Satıcının istinad etdiyi 1-ci hal ondan ibarətdir ki, müqavilə bağlandıqdan sonra satıcı evdə yaşamaqda davam edib. Bununla bağlı məhkəmə qeyd edir ki, evin alıcıya təhvil verilməsi satıcının vəzifəsidir (Mülki Məcəllə, maddə 568). Satıcının həmin vəzifəni icra etməməsi öz-özlüyündə müqavilənin yalan əqd olduğunu təsdiq etmir. Satıcının istinad etdiyi 2-ci hal ondan ibarətdir ki, müqavilədə göstərilən qiymət evin bazar dəyərindən aşağıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə azadlığı tərəflərə qiyməti azad surətdə müəyyən etmək imkanı verir (Mülki Məcəllə, maddə 390). Qiymət əşyanın dəyərindən aşağı və ya yuxarı ola bilər. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir (Mülki Məcəllə, maddə 398). Ona görə də qiymətin əşyanın dəyərindən aşağı müəyyən edilməsi öz-özlüyündə müqavilənin yalan əqd olduğunu təsdiq etmir. Satıcının istinad etdiyi 3-cü hal ondan ibarətdir ki, alıcının mülkiyyət hüququ müqavilə bağlandıqdan xeyli müddət sonra dövlət reyestrində qeydə alınıb. Bu hal qanunvericiliyə zidd deyil və öz-özlüyündə müqavilənin yalan əqd olduğunu təsdiq etmir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin yalan (əhəmiyyətsiz) əqd olduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcələnin 340.2-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, qarşıqlılı iddia təmin edilə bilməz. Birinci instansiya məhkəmə qarşılıqlı iddianı rədd edərkən Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq edib. Bu, düzgün deyil. Həmin maddəyə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Birinci instansiya məhkəməsi hesab edib ki, qarşılıqlı iddiaçılar bu müddəti ötürüb. Lakin bu müddət o halda tətbiq oluna bilər ki, əqdin əhəmiyyətsiz olduğu müəyyən edilsin. Alqı-satqı müqaviləsi əhəmiyyətsiz olmadığına görə həmin müddət tətbiq edilə bilməz. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsində qeyd olunub ki, 354.1-ci maddədə müəyyən edilmiş 1 illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Həmin qərarın əsaslandırıcı hissəsində isə qeyd olunub ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Ev əvəz edilən əşya hesab edilmir, odur ki, hətta alqı-satqı müqaviləsi əhəmiyyətsiz olduğu təqdirdə belə, həmin müddətin tətbiqi mümkün deyil. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyindən qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İlk iddia barədə: İlk iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq ev üzərində mülkiyyət hüququ satıcılardan alıcıya keçib. Satıcılar və onların ailə üzvləri evdən istifadə hüquqlarını alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq itiriblər və evi boşaldaraq alıcıya təhvil verməyə borcludurlar. Ona görə də məhkəmə Mülki Məcəllənin 567, 568, 572 və 575-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə düzgün nəticəyə gəlib. Məhkəmə həmçinin qeyd edi ki, qətnamənin cavabdeh-iddiaçı Cavabdeh4 aid olan hissəsi Bakı Apellyasiya Məhkəməsinin ayrıca qərardadı ilə ləğv edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Belə ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixdə ölüb və mübahisəli hüquq münasibəti ona aid olan hissədə hüquq varisliyinə yol vermir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. İddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiası rədd olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin Cavabdeh4 aid olan hissəsi Bakı Apellyasiya Məhkəməsinin ayrıca qərardadı ilə ləğv edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar