Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5149/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, əmək haqqının ödənilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-2065/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 28 dekabr 2020-ci il tarixli 07/150 irş saylı əmrinin ləğv edilib, məcburiyyət qarşısında işə çıxmadığı günlərin əmək haqqını ödətdirib, ona dəyən maddi, mənəvi ziyana görə 30.000 manat pulun ödənilməsi, ayrı-ayrı adamlara pul yazıb mənimsədikləri barədə faktı araşdırmaq üçün korrupsiya idarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən 28 dekabr 2020-ci il tarixə kimi Cavabdeh ASC-nin Avtomobil nəqliyyatı və maşın mexanizmlərin istismarı idarəsində işləmişdir. O, Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı fakültəsinin Avtomobil və Avtomobillər Təsərrüfatı ixtisası üzrə təhsil almışdır. Ali təhsilli mühəndisdir. Onun Cavabdeh ASC-də işlədiyi müddətdə heç bir cəzası olmamışdır. 01 sentyabr 2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən iddiaçının ixtisara düşməsi barədə 426 saylı xəbərdarlıq göndərilmişdir. İddiaçı 04 sentyabr 2020-ci il tarixdə həmin xəbərdarlıqla tanış olub öz etirazını bildirmişdir. 12 oktyabr 2020-ci il tarixdə isə Cavabdeh ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən Faiq Ağayevə yazılı müraciət edərək onu işdən azad etməməsini xahiş etmişdir. 23 oktyabr 2020-ci il tarixdə iddiaçıya göndərilmiş məktubda onun ixtisara düşməsi barədə ünvanlanmış 426 saylı 01 sentyabr 2020-ci il tarixli xəbərdarlığın ləğv edildiyi bildirilmişdir. 2015-ci ildə iddiaçı işdən azad edilmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə öz işinə bərpa olunmuşdur. İddiaçı 16 noyabr 2020-ci il tarixdən məzuniyyətə çıxmışdır. Həmin tarixdə iddiaçının nümayəndəsi Fuad Rəhimov ona zəng edib işdən çıxmağa razılıq verməsini tələb etmişdir. Ümumi razılıq vermədiyi halda bölməni ləğv edib hamını işdən azad edəcəklərini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(011)-2065/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 28 dekabr 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatın ixtisar edilməsi) işdən azad olunmuşdur. Həmin əmrdə onun ştat ixtisarı ilə işdən azad olunması əsaslandırılmamışdır. Həmin tarix də daxil olmaqla ondan başqa hər hansı bir işçi işdən azad olunmamış və bölmənin ləğvi barədə hər hansı bir əmr verilməmişdir. Həmin tarixə bölmənin ləğvi və işçilərin işdən azad olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı 16 noyabr 2020-ci il tarixdə məzuniyyətə çıxmış, məzuniyyətə çıxan gündən ona zəng edərək təkidlə işdən çıxması tələb edilmişdir. Məzuniyyətdə olduğu dövrdə, həm də sərt karantin rejimi olmasına baxmayaraq 11 dekabr 2020-ci il tarixdə ona ikinci dəfə ixtisara düşməyi barədə 990 saylı xəbərdarlıq göndərilmişdir. Daha sonra cavabdeh təşkilata dəvət olunmuş və məzuniyyətdə olmasına baxmayaraq məcbur olaraq hazırlanmış ərizə nümunəsinə imza etmişdir. İddiaçı müharibə veteranıdır, onun əvəzinə işə təzə qəbul edilmiş təqaüdçü hərbçilər işdən azad edilməli idi. 25 dekabr 2020ci il tarixdə 70 yaşlı X1 adlı başqa bir şəxsi işdən azad etsələr də, dekabrın sonunda naməlum səbəbdən onu işə bərpa ediblər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, 28 dekabr 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində onun ixtisara düşməsi əsası ilə işdən azad olunmasının əsassız olmasına, onun işdə saxlanılmasına üstünlük verilməli olmasına istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı on ildən artıq olduqda azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ASC-də əmək fəaliyyətinə 2002-ci il tarixdən başlamış, sonuncu dəfə AN və MMİ idarəsində ümumi bölmənin 12-ci dərəcə üzrə mütəxəssisi vəzifəsində çalışmış, 2020-ci ildə həmin ştat vahidi ixtisar edilmiş (ASC-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə) və bununla əlaqədar Azərbaycan Respublikası ƏM-nin 77-ci maddəsinin birinci hissəsinin tələbinə uyğun olaraq cavabdeh ASC tərəfindən İddiaçı 11 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı 24 dekabr 2020-ci il tarixdə ASC-nin rəhbərliyinə yazılı ərizə verərək onunla ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 77-ci maddəsinin 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 3 misli məbləğini bir dəfəyə ödəməklə xitam verilməsini xahiş etmişdir. Bundan sonra, ASC-nin İdarə Heyəti sədrinin 28 dekabr 2020-ci il tarixli əmri ilə İddiaçılə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatın ixtisar edliməsi) xitam verilmiş və ona orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət ödənmişdir. Həmin əmr imzalanarkən digər əsaslarla yanaşı, işçinin razılıq ərizəsi də nəzərə alınmışdır. İşin müəyyən edilən hallarından və Əmək qanunvericiliyinin yuxarıda sadalanan müddəalarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh AZENKO ASC tərəfindən xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona təzyiqlər olduğunu, əmək müqaviləsinə razılıq verməsi barədə ərizəni bu təzyiqlər nəticəsində imzaladığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmiş və göstərilən halların baş verməsi öz təsdiqini tapmamışdır. İddiaçı razılıq ərizəsini məzuniyyətdə olduğu dövrdə imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilməsinə dair ərizənin nə vaxt verilməsi, həmçinin müqaviləyə xitam verilməsinə dair xəbərdarlıq məktubunun nə vaxt (o cümlədən, işçinin məzuniyyətdə olduğu müddətdə) göndərilməsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Əmək qanunvericiliyi yalnız işçi məzuniyyətdə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini müəyyən şərtlər daxilində qadağan etmişdir. Belə ki, ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinə əsasən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin, apellyasiya şikayətində iddiaçı 16.11.2020-ci il tarixdən 23.12.2020-ci il tarixədək məzuniyyətdə olduğunu, lakin həmin müddət ərzində, yəni 16.11.2020 – 05.12.2020-ci il tarixlərdə xəstə olduğunu və əmək qabiliyyətini müvəqqəti itirdiyini, bu səbəbdən də onun məzuniyyətinin 13 yanvar 2021-ci il tarixədək uzadıldığını, beləliklə onun əmək müqaviləsinə o, məzuniyyətdə olduğu müddətdə xitam verildiyini və bununla da ƏM-nin tələblərinin pozulduğunu, lakin birinci instansiya məhkəməsinin bu halları nəzərə almadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ƏM-nin 134-cü maddəsinin 3-cü hissəsinin «a» bəndinə görə, əmək qabiliyyəti müvəqqəti itirildikdə işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Qanunun bu müddəasının tələbindən göründüyü kimi, işçinin əmək məzuniyyətində olduğu müddətdə əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər üzrə əmək məzuniyyəti yalnız işçinin özünün təşəbbüsü ilə başqa vaxta, o cümlədən əmək məzuniyyəti bitdikdən sonrakı günlərə keçirilə bilər. Hazırkı iş materiallarında İddiaçı belə bir təşəbbüsünün olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək məzuniyyətində olduğu müddətdə xəstələnməsi və əmək qabiliyyətini müvəqqəti itirməsi onun əmək məzuniyyətinin avtomatik uzadılması anlamına gəlmir. Bununla da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun məzuniyyətdə olduğu müddətdə xitam verilməsinə dair dəlili öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində onun cavabdeh ASC-də uzun müddət işləməsini, Qarabağ müharibəsi veteranı olmasını, lakin onun tutduğu ştat vahidi ixtisar edilərkən bunun nəzərə alınmadığını, o işdən azad edilən tarixə onların çalışdığı bölmədə ondan savayı heç kimin işdən azad edilmədiyini, bununla da, ƏM-nin 78-ci maddəsinin tələblərinin pozulduğunu, lakin birinci instansiya məhkəməsinin bu hallara qiymət vermədiyini bildirmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun tutduğu ştat vahidinin ixtisar edilməsi səbəbi ilə xitam verilmiş, onunla yanaşı, bölmənin ümumilikdə 5 nəfər digər işçisi ilə bağlanmış əmək müqavilələrinə ƏM-nin 68.2 «a» və 70. «b» maddələrinə əsasən xitam verilmişdir. Apellyasiya şikayətinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş materiallarından görünür ki, iddiaçı maddi və mənəvi zərər tələbi ilə bağlı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Həmçinin, cavabdeh ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən iddiaçıya münasibətdə hər hansı hüquqa zidd hərəkətə yol verməsi halı müəyyən edilməmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin bir dəlili də X3 adlı şəxsin əmək haqqı kartına 1750 manat pul köçürülməsi və bu pulun sonradan cavabdeh tərəfindən həmin şəxsdən geri alınması ilə bağlı araşdırma aparılması və bu fakta dair xüsusi qərardad qəbul edilərək korrupsiya ilə mübarizə idarəsinə göndərilməsi tələbinin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq rədd edilməsinin əsassız olması ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin iddia tələbi iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək mübahisəsinə hər hansı aidiyyatı yoxdur və mahiyyət etibarı ilə mülki hüquqi xarakter daşımır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Mülki prosessual qanunvericiliyin bu müddəalarından göründüyü kimi, iddia şəxsin özünün pozulmuş hüquq və azadlıqlarının, qanunla nəzərdə tutulmuş maraqlarının qorunması və təmin edilməsi məqsədi ilə verilir. Digər tərəfdən isə mülki məhkəmə icraatında xüsusi qərardad işə baxılması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətlərin əlamətləri aşkara çıxarıldığı halda, məhkəmənin öz təşəbbüsü ilə çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən tələbi yuxarıda sadalanan prosessual normaların tələblərinə ziddir. Belə ki, iddiaçı ona heç bir aidiyyatı olmayan şəxsə münasibətdə cavabdeh ASCnin cinayət xarakterli hərəkəti ilə bağlı iddia tələbi irəli sürmüşdür. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu qənaətə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol verməmiş və mübahisənin mahiyyəti üzrə düzgen nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(011)-2065/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Vəfaddin İbayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5149/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5149/2021
15.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver