Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5149/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh MTK-dan 4147 ABŞ dolları pulun xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-104/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 2254,70 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(004)-104/2024 saylı mülki iş üzrə qətnaməsi ilə Cavabdeh MTK cavabdeh qismində məsuliyyətə cəlb olunmuşdur və qətnamə ilə pul tələbinə dair iddia təmin olunmuşdur. Həmin qətnamə barəsində ona yalnız icra məmuru tərəfindən məlumat verilmişdir. Qətnamənin surətini əldə etmək üçün xx.xx.2025-ci il tarixində Yasamal Rayon Məhkəməsinə müraciət etdikdə ona bildirildi ki, qərar elektron məhkəmə sisteminə yerləşdirilib. O, “Elektron məhkəmə” sistemindən istifadə qaydaları barədə məlumatsızdır. heç vaxt həmin sistemə daxil olmamışdır və bu sahədə təcrübəsi yoxdur. Digər məhkəmə işləri ilə bağlı sistemə yalnız vəkili daxil olmuş, ona bu barədə heç bir məlumat verilməmişdir. Nəticə etibarı ilə qətnamə ilə rəsmi qaydada tanış olmamışdır və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Məhkəmə iclasından cavabdehin nümayəndəsi və vəkili vəsatətin təmin olunmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-104/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-104/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh MTK tərəfindən verilmiş ərizənin (vəsatətin) təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə isə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. Həmçinin icra işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2024-cü il tarixdə cavabdehə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində qətnamədən icra mərhələsində xəbər tutduğunu bildirsə də, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlanılmasına və tərəfə tələbin könüllü icra haqqında bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə şikayətlə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-104/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 2254,70 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənedilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə icraatından və qətnamədən iş üzrə Cavabdeh MTK xəbərsiz olmuş həmin qətnamə rəsmi qaydada MTK-ya təqdim olunmamışdır. İş üzrə icra məmurunun bildirməsindən sonra MTK dərhal vəkil ilə müqavilə bağlamış, xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə işə qoşulduqdan sonra qətnamə əldə edilmiş və tanış olunmuşdur. Qətnamə ilə tanış olduqdan sonra pay haqqını tam ödəməyən və bu səbəbdən də mübahisə predmeti mənzilə mülkiyyət hüququ əldə etməyən cavabdehin mübahisə premeti 8 nömrəli mənzilə aid olmayan ödəniş qəbzlərini məhkəməyə təqdim etdiyi anlaşılmışdır. İş üzrə iddiaçı məhkəməni yanıldaraq 13B nömrəli mənzilin ödəniş qəbzlərini təqdim edərək müqavilə üzrə öhdəliyini icra etmiş kimi göstərmişdir. Toplamda 77.337 manat ödədiyi müəyyən olunmuşdur. Ödəniş tarixinə bu məbləğ 104.509 ABŞ dolları edirdi. Mübahisə predmeti mənzilin müqavilə qiyməti 51.845 ABŞ dolları idi. Halbuki, iş materiallarında mübahisə predmeti 8 nömrəli mənzilə dair 3 ödəniş qəbzi var, 3 qəbzin toplamı 39.299 manat təşkil edir və ödəniş günü məzənnəsi ilə 45.585 ABŞ dolları təşkil edirdi. İş üzrə iddiaçının hal-hazırda kooperativə 6.260 ABŞ dolları borcu var. Cavabdeh verilmiş iddiadan, çıxarılmış qətnamədən xəbərsiz olmuşdur ki, bu günə qədər uğramış olduğu ədalətsiz nəticəyə reaksiya verməmişdir. İş üzrə iddiaçının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən mənzilin mülkiyyətçisi olmadığı halda, sahiblik və istifadə hüququnun yaranmadığı halda mənzilə aid olmayan qəbzlərlə məhkəməni yanıltması Cavabdeh MTK-nın hüquq və mənafeini ciddi şəkildə pozmuşdur. Yuxarıda da qeyd edildiyi kimi Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-104/2024 saylı qətnaməsindən Cavabdeh MTK xəbərsiz olmuş, vəkil olaraq elektron kabinetə əlavə edildikdən sonra qətnamə tərəfindən əldə edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-104/2024 saylı qərərdadı ilə həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmasına dair vəsatət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin icra işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2024-cü il tarixdə cavabdehə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bununla da məhkəmə səbəbini anlamadığı xətaya düşmüşdür. İlk olaraq bildirir ki, mülki iş üzrə işdə cavabdeh tərəf Cavabdeh MTK-dır. Qanuni nümayəndə işdə iştirak edən şəxs deyil. MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS vəs. vasitəsi ilə) çatdırılır. Maddənin məzmunundan da anlaşılır ki, məhkəmə sənədləri işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirilir. Qanuni nümayəndə işdə iştirak edən şəxs deyil. Qətnamənin Qanuni nümayəndə elektron kabenetinə yerləşdirilməsi, Cavabdeh MTK-nın həmin qətnaməni alması demək deyil. Mülki Prossesual Məcəllədə belə düzənlənməyib. Cavabdeh MTK hüquqi şəxs olaraq Qanuni nümayəndə fiziki şəxslə eyniləşdirilə bilməz. Qanuni nümayəndə elektron kabineti Cavabdeh MTK-nın elektron kabineti deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması və xx.xx.2024-cü il tarixdə cavabdehə tələbin könüllü icrası haqqında bildiriş göndərilməsi hissəsində bildirir ki, icra sənədi üzrə icraata başlanılması, cavabdehə tələbin könüllü icrası haqqında bildiriş göndərilməsi tərəfin qətnamədən məlumatlı olması demək deyil. İcra sənədi üzrə icraata başlanılması, cavabdehə tələbin könüllü icrası haqqında bildirişin çatması tərəfin qətnamədən məlumatlı olması deməkdir. Borclu tərəfə həmin sənədlər çatdırılmamışdır. Həmin sənədlər cavabdehə çatdırılmış olsa idi iş materiallarında buna dair bildiriş olardı, məhkəmə qətnaməsi 10 ayda icra olunmuş olardı. Təkrarən qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-104/2024 saylı qətnaməsi cavabdeh tərəfə çatdırılmayıb. Həmin qətnamədən cavabdeh xəbərdar olsa idi, mübahisə predmeti mənzilin müqavilə qiyməti 51.845 ABŞ dolları olduğu halda, həmin mənzilə görə 104.509 ABŞ dolları ödənildiyi nəticəsinə gələn məhkəmə qərarını mübahisələndirərdi. Mübahisə predmeti olmayan 13B mənzilinin ödəniş qəbzlərini, mübahisə predmeti 8 saylı mənzilin ödəniş qəbizləri kimi qəbul edilməsi ilə razılaşmazdı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mülki işin sənədlərindən müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə bildirişləri, məhkəmə tərəfindən qəbul edilən məhkəmə aktları “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçən cavabdeh olan hüquqi şəxsin və onun qanuni nümayəndəsi E.D. Dadaşovun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə yerləşdirilmiş, eyni zamanda Cavabdeh MTK-ın hüquqi ünvanına göndərilmişdir. Mülki işdən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-104/2024 nömrəli qətnaməsi Cavabdeh MTK-ın qanuni nümayəndəsi Qanuni nümayəndə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilsə də, həmin qətnamədən Cavabdeh MTK-ın qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən imzalanmaqla verilən etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə, yalnız xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəbi olaraq qanuni nümayəndəsinin (Cavabdeh MTK-ın sədri Qanuni nümayəndə) “Elektron məhkəmə” sistemindən istifadə qaydaları barədə məlumatsız olması, qətnamənin MTK-ın sədrinə təqdim edilməsinin hüquqi şəxs olan Cavabdeh MTK-ya təqdim edilməsi kimi qəbul edilməyini bildirsə də, kollegiya şikayətin bu dəlilləri ilə razılaşmır. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. Hüquqi şəxsin qanuni nümayəndəsi olaraq MTK-ın sədri Cavabdeh MTK-ın fəaliyyətinə rəhbərlik edən şəxs olduğundan cavabdehin X1 Sisteminə qoşulması, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsi təmin edildikdən sonra hüquqi şəxsin həmin ünvanlar üzrə vaxtında sənədlərin göndərilməsi və qəbul edilməsini təmin etmək vəzifəsi daşıyır. Öz vəzifə səlahiyyətlərinin icrasına laqeyid yanaşan qanuni nümayəndənin məhkəmə aktından vaxtında şikayət verməməsi halı isə qanunla müəyyən olunan prosessual müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İstinad olunanlara əsasən kollegiya cavabdehin nümayəndəsinin ərizəsində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-104/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5149/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5149/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver