Məhkəmə qərarları › İş №2(103)-5150/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5150/2024

30.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5150/2024 30.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6585/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi tərəflərin ümumi istifadəsində olan 0,38422 ha həyətyanı torpaq sahəsindən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/73 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq iddiaçıların və cavabdehin istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6585/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçılar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdilər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “MPM-nin 39.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən ər arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Konstitusiya Məhkəməsinin məcburi xarakter daşıyan göstərişlərindən (şərhlərindən) çıxış edərək, məhkəmə aşağıdakı mübahisəsiz halları nəzərə almamışdır. İddiaçılar artıq fərdi yaşayış evinin paylı mülkiyyətçisi (DƏDRX-nin çıxarışları vardır) və həmin evin həyətyani torpaq sahəsinin ümumi istifadəçiləridir. Bu hal aşkar təsdiq edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun tanınmasına dair iddia tələbləri irəli sürülməmişdir. İddiaçılar daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsinə dair iddia tələbi irəli sürməmişlər (ev və torpaq onların sahibliyi və istifadələrindədir). İddiaçılar hüquqlarının pozulmasının aradan qaldırılması barədə də iddia tələbi ilə çıxış etmirlər. İddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbi, artıq onların paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və onların qanuni istifadələrində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsini, başqa sözlərlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsinin həllini ehtiva edir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsinin həllinə dair tələblərə AR MPM-nin 39.1-ci maddəsi tətbiq edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6585/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6585/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridir. DƏDRX tərəfindən tərtib edilən xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən həmin ünvanda yerləşən 0,38422 ha həyətyani torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onların ümumi birgə istifadəsindədir. İddiaçılarla cavabdeh həmin torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı məsələdə ümumi razılığa gələ bilmirlər. Hazırki iddia da məhz bu məsələnin həlli məqsədi ilə qaldırılmış və uğurlu olduğu təqdirdə belə əmlakın hüquqi rejiminin dəyişdirilməsi kimi hüquqi nəticə yaratmış olmur. Bununla belə, hazırki mübahisə ümumi birgə mülkiyyəti təşkil edən daşınmaz əmlakın bölünməsi ilə deyil, artıq əmlak üzərində payları müəyyən edilmiş mülkiyyətçilərin ümumi birgə istifadədə olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Hüquqi nəticə etibarı ilə paylı mülkiyyətçilər qanuni əsaslarla sahibilik etdikləri torpaq sahəsindən istifadə hüquqlarının pozulmasını iddia edərək, pozuntunun aradan qaldırılmasını tələb edirlər ki, bu tələbə də müstəsna aidiyyət qaydalarına uyğun olaraq torpaq sahəsinin olduğu yerin məhkəməsi baxmalıdır. Qeyd edilənlər öz növbəsində hazırki iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi müstəsna aidiyyət qaydalarına istinad edərək, iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6585/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 39-cu, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6585/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar