Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5151/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Dəyanət Abidovanın iştirakı ilə, İddiaçı yyyyyyyyyyyynin Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavoduna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair 2(011)-705/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yyyyyyyyyyyy Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 5-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 18 kv.m olan 85 saylı mənzilə (bundan sonra – Mənzil) dair X1 adına yazılan Bakı “xxxx” İstehsalat Birliyinin 15.04.2004-cü il tarixli, 38 saylı orderin verilməsinə əsas olmuş 32 saylı protokolla rəsmiləşdirilmiş 14.04.2004-cü il tarixli birgə qərarın, Bakı “xxxx” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, mənzilə dair X1 adına yazılan Bakı “xxxx” İstehsalat Birliyinin 15.04.2004-cü il tarixli, 38 saylı orderinin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçıya 12.04.2019-cu il tarixli (22.04 2019-cu il tarixdə M-61 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı "xxxx" İstehsalat Birliyinin 15.04.2004-cü il tarixli, 38 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 85 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəx və sanitar qovşaqların boşluqlu tavanlarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-bi ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, mənzildə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, oğlu X9, gəlini X8 və nəvəsi X10 məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X4 mənzildən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin mənzilin qapısını qanunsuz olaraq bağlamış, lakin bir gün də olsun orada yaşamamışdır. O, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evində yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə mənzilin qapısını qanunsuz olaraq bağlamışdır. X4 tərəfindən təqdim edilmiş 15 aprel 2004- cü il tarixli, 38 saylı orderdə, onun verilməsinə əsas kimi Bakı "xxxx” İstehsalat Birliyinin müdiriyyəti və həmkarlar ittifaqı komitəstnin 32 saylı protokolu ilə rəsmiləşdirilmiş 14 aprel 2004-cü il tarixli birgə qərarı göstərilmişdir. Guya 15 aprel 2004-cü il tarixdə yazılmış 38 saylı orderə əsasən Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 85 saylı mənzilinin Y.B.Məmmədovaya verilməsi qərara alınmışdır. Qeyd edilənlərə diqqət yetirməklə müəssisə tərəfindən yataqxanada orderin verilməsi ilə bağlı mövcud mənzil qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğu öz təsdiqini tapır. Cavabdeh tərəfindən verilmiş bü cür sənədlərin qarşısı qətiyyətlə alınmalıdır. Yataqxanada yaşayış sahəsi yaşayış sahəsi olmayan şəxslərə iş dövrü ərzində müvəqqəti yaşamaq üçün verilir. Y.B.Məmmədova isə ailə üzvləri ilə birlikdə faktiki olaraq Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşayır. Qanunvericiliyin tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar yalnız iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 85 saylı mənzilə dair X2 orderin verilməsinə əsas kimi göstərilmiş 32 saylı protokolla rəsmiləşdirilmiş 14.04.2004-cü il tarixli birgə qərarın, həmçinin 15.04.2004-cü il tarixli, 38 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı "xxxx" İstehsalat Birliyinin adı göstərilməklə Y.B.Məmmədovanm adına yazılmış order 15.04.2004-cü il tarixli 38 saylı order, həmin orderin verilməsinə əsas olmuş 32 saylı protokolla rəsmiləşdirilmiş 14.04.2004-cü il tarixli birgə qərar, Bakı "xxxx" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı birgə qərarı (protokolu), etibarsız hesab edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li Qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 may 1994-cü il tarixli, 4 saylı və 25 dekabr 1998-ci il tarixli, 4 saylı qərarları ilə edilmiş düzəlişlərlə) əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin 29.08.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"yə əsasən yataqxanalarda yaşayış sahəsinə müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Xüsusi təyinatlı mənzil fondu üzrə isə həmin Məcəllənin 106-cı maddəsinin tələbinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Xüsusi təyinatlı mənzil fonduna aid olan yataqxanalarda müvəqqəti yaşamaq üçün verilmiş orderlər üzrə mübahisələrə dair iddia müddətinin tətbiqi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da dövlət mənzil fonduna aid edilməklə Departamentin balansına qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayn-ayn şəxslərin adma orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatlan verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırümışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 85 saylı mənzilində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, oğlu X9, gəlini X8 və nəvəsi X10 məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X4 qeyd edilən binanın 85 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin mənzilin qapısını qanunsuz olaraq bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evində yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən mənzilin qapısını qanunsuz olaraq bağlamış, lakin bir gün də olsun orada yaşamamışdır. O, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi evdə yaşayır. Y.B.Məmmədova qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "xxxx" İstehsalat Birliyinin 15.04.2004-cü il tarixli, 38 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 85 saylı mənzil onun istifadəsinə verilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən isə mənzil növbəsində olan şəxslərin istifadəsinə xüsusi təyinatlı mənzil fonduna aid müvəqqəti yaşayış sahəsi sayılan yataqxanada daimi yaşamaq üçün mənzil verilməsi əsassızdır. Y.B.Məmmədova qeyd edilən orderi müxtəlif yollardan istifadə edərək qanunsuz olaraq əldə etmişdir. O, müəssisənin yataqxanasında (xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahəsi) məcburi köçkün ailəsinin istifadəsində və sahibliyində olan 85 saylı mənzili ələ keçirmək məqqsədilə heç bir hüquqi əsas olmadan bina Bakı Şəhər Mənzil - Kommunal Təsərrüfatı Departamentinin balansında olarkən müxtəlif şəxslərin vasitəsilə qanunsuz yataqxana orderi əldə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013cü il tarixli, 131 s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "xxxx" zavoduna müraciət edilərək məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Cavabdeh" İstehsalat Birliyi "xxxx" zavodu tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, "ünvan 1 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır". Y.B.Məmmədovanın əldə etdiyi 15.04.2004-cü il tarixli, 38 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə Y.B.Məmmədovanın guya mənzil verilməsi haqqında növbəlik siyahısında 204-cü adam olaraq növbəyə alındığını, eləcə də mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai Rayon İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumatlarının olmadığı bildirilmişdir. Belə ki, əmək münasibətlərində olan işçinin mənzil növbəliliyi üzrə protokol müəssisənin əmri ilə, tərtib olunan növbəlilik siyahısı isə ildə bir dəfə aidiyyəti üzrə rayon icra hakimiyyəti tərəfindən təsdiq olunur. Göründüyü kimi, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 85 saylı mənzilə dair X1 əldə etdiyi 15.04.2004-cü il tarixli 38 saylı orderin verilməsinə əsas olmuş 32 saylı protokolla rəsmiləşdirilmiş 14.04.2004-cü il tarixli birgə qərarın, Bakı "xxxx" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı birgə qərarının (protokolun) və 15.04.2004-cü il tarixli, 38 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. X1 adına yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan etibarsız hesab edilməlidir Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxslər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, üçüncü şəxs Yeganə Məmmədova 20.10.1982-ci il tarixdən hal-hazıradək “xxxx” MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Bakı “xxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMKnın birgə növbəti işlasının 14.04.2004-cü il tarixli, 32 saylı protokolu əsasında birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 5-ci mərtəbəsində, 18 kv.m sahəsi olan 38 №-li mənzilin HİK-nin qərarı ilə order əsasında cavabdehə verilməsi qərara alınmış və həmin qərar əsasında üçüncü şəxs Yeganə Məmmədovaya mübahisəli mənzili tutmaq hüququ barədə 15.04.2004-cü il tarixli, 38 saylı order verilmişdir. Orderdə onun verilməsinin əsası kimi “xxxx” İB-nin müdriyyəti və HİK-nin 14.04.2004-cü il tarixli, 32 saylı birgə qərar göstərilmişdir. Həmçinin, Bakı “xxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti işlasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə və qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə və şikayətləri nəzərə alınmaqla, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 4A, Məhsəti küçəsi 3A, və R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması, onlara məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığı əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra, X6 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə 19.01.2007-ci il tarixli akt əsasında “xxxx” İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin xxxxnə təhvil verilmiş, bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamı əsasında isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə Bakı Şəhər MKTD-nin balansına verilmiş, daha sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xxxxnin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş 07.01.2014-cü il tarixli Təhvil-qəbul aktı əsasında ünvan 2 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order 15 aprel 2004-cü il tarixdə verildiyindən hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 107-ci maddəsinin dördüncü bəndinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etməsi - MM, maddə 49) konkret göstərilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Hazırkı iş üzrə mübahisəli mənzilə order 15 aprel 2004-cü il tarixdə verilmişdir. Bu halda, orderin etibarsızlığı ilə bağlı mübahisə orderin verildiyi tarixdən 3 il müddətində irəli sürülə bilərdi. Mənzilin yerləşdiyi ünvandakı yataqxana 01 yanvar 2014-cü il tarixdə iddiaçı yyyyyyyyyyyynin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Bundan başqa, qanunvericilik müddəalarından da göründüyü kimi, yataqxanalarda yaşayış sahəsinin verilməsi üçün əsas şəxsin müəssisənin, idarənin və təşkilatın işçisi olması ilə bağlıdır. Bu halda, müəssisə, idarə və təşkilatda işləyən işçi iş dövründə mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi iş yeri üzrə uçota alınır və ona müdriyyət tərəfindən order verilir. Hazırkı mübahisə üzrə işin mübahisəsiz halından da görünür ki, cavabdeh 15.05.1987-ci il tarixdən hal-hazıradək “xxxx” Zavodu MMC-də işləyir. Həmçinin, Mənzildə məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilməsinin qanunsuz olmasına dair iddiasının dəlili ilə bağlı qeyd edir ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 55 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yyyyyyyyyyyy tərəfindən üç illik mübahisələndirmə müddəti keçirildiyindən iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı yyyyyyyyyyyynin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(011)-705/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5151/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5151/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver