Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5151/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədkəri qızının, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-338/2024 saylı 5 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 60,26 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5-də qeydiyyatdadırlar.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10320/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-5144/2017 saylı qətnaməsi iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilərək, iddiaçılar Cavabdeh2, X2 və Cavabdeh1 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı saylı mənzilinə köçürülmələri təmin edilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-57/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6816/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 57/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (Cavabdeh2 aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. "xxxx" MMC-nin “Qanunçuluq” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2anında yerləşən 5 otaqlı 78 saylı mənzilin 1 aylıq kirayə haqqı 400 manat təşkil edir. İş materiallarında olan “X8” MMC-nin ünvan 3 ünvanladığı arayışdan görünür ki, ünvan 4nda yerləşən eynitipli binalarda yaxşı təmirli mənzlillərin aylıq icarə haqqı bazar qiymətlərini nəzərə alaraq 800 manat təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/604 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.000 manat məbləğində kompensasiya verilməklə onların ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 onun qardaşı oğlu, Cavabdeh2 isə qardaşının keçmiş həyat yoldaşıdır. Onlar hazırda ona məxsus ünvan 5 ünvanında qeydiyyatdadırlar. Rövşən həmin evdə yaşamamışdır. Lakin onların həmin mənzilə istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda onların özünə məxsus yaşayış yerləri vardır və onun mənzilinə ehtiyacları aradan qalxmışdır. Lakin onların həmin evə istifadə hüquqları olduğuna görə onlara kompensasiya verilməklə istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət edir.
10. Daha sonra İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat kompensasiya verilməklə onların ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, onlar 5 nəfər ailə üzvü olaraq, onlardan 2-si azyaşlı körpə nəvələri evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə qalıblar. Qayınatasının qəfil ölümündən sonra qayını Telman tərəfindən onlara qarşı dəfələrlə ciddi qanun pozuntusu olub. O, xx.xx.1987-ci ildə X2 ilə rəsmi nikaha girərək "Cəlilova" soyadını daşımışdır. Nikaha girdiyi tarixdən ailə başçısı qayınatası Cəlilov Ziyafəddin öz istəyi ilə onu yeni aldığı özünə məxsus olan özəlləşməmiş mənzilinə qeydiyyata salmışdır və xx.xx.1987-ci ildə gəlin gələrkən cehizləri də həmin mənzilə yerləşdirilmişdir. Evin böyük gəlini odur. Evin böyük oğlu isə yoldaşıdır. Mənzilin orderi verilən tarixdən yoldaşı orderə əsasən ailə tərkibində olub. Oğlu Cavabdeh1 1988-ci ildə həmin mənzildə dünyaya gəlib. Onu həmin mənzildən şəxsi maşınlarıyla Əfəndiyev adına 1 saylı doğum evinə aparıblar. Oğlunun 3 yaşı olana qədər o mənzildə qayınatası və qayınanası ilə birlikdə yaşamışlar. Mənzilin təmirinə yoldaşı 5 min manat nağd şəxsi vəsaitini sərf edib. Təmir vaxtı qayınanası ilə birlikdə təmizlik işlərini birlikdə görmüşlər. Qayınatasının qəfil ölümündən sonra ailədə özbaşnalıq başladı. Saxta yollarla mülkiyyətçiyə çevrilən Telman sonradan onları mənzilə qoymadı. Onun şəxsi məlumatlarından ondan xəbərsiz istifdə edərək mülkdən imtina, özəlləşməyə razılıq ərizələri yazılıb. Ciddi qanun pozuntusu dəfələrlə təkrarlanıb. Saxta yollarla mülkiyyətçiyə çevrilən kiçik qayını Telman məqsədli şəkildə həyat yoldaşı Sevincin qardaşlarını və qardaşı uşaqlarını - 6 nəfəri həmin mənzilin qeydiyyatına salıb ki, cavabdehlərə heç nə çatmasın. Onlar qayınatasının nə qan qohumu, nə də doğmalarıdılar. Tamam yad adamlardılar. Sevinc özü marağı olduğu üçün bu işlərdə iştirakçıdır. 36 illik ailə həyatından sonra özünü qanunların içində güclü sayan kicik qayını Telman böyük qardaşı Faiqi, yəni onun həyat yoldaşını 2022-ci ildə məcbur edərək boşanmalarını həyata keçirib. Boşanma vaxtı məhkəmə iclaslarında özü tək iştirak edib. Yoldaşı iradəsiz, əqli cəhətdən zəif, hüquqlarını bilməyən, ailəsini, özünü qoruya bilməyən, övladına ata qayğısı göstərə bilməyən aciz adamdır. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-338/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5 (Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evin 78 saylı mənzili İddiaçı məxsusdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi), 5 saylı evin 78 saylı saylı mənzilinə köçürülmələri təmin edilmişdir. Odur ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları vardır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlər isə mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərə kompensasiya verilməsi yolu ilə onların mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır.
14. Ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq məhkəmə hesab etmişdir ki, kompensasiya cavabdehlərin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilin bazar qiymətinə uyğun aylıq kirayə haqqı məbləği nəzərə alınmaqla, cavabdehlərin davamlı surətdə yaşamaq imkanlarının təmin edilməsi üçün 28.800 manat məbləği - bazar qiymətinə uyğun adekvat kompensasiya məbləği hesab olunmalıdır.
15. Bununla da iddiaçının təklif etdiyi 10.800 manat kompensasiya məbləği cavabdehlərin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil və buna görə də həmin məbləğ cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə əvvəl 4.000, daha sonra 10.800 manat məbləğində kompensasiya təklif etməkdə, cavabdehlər isə hər birinə 48.800 manat və daha artıq məbləğdə kompensasiya tələb etməkdə israrlı olmuşlar. Kompensasiya məbləği bazar qiymətinə uyğun olaraq 28.800 manat məblğində müəyyən edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri; zərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
17. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-338/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qismən ləğv edərək, 10.800 (on min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh1Faiq oğlunun və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu,Telnov küçəsi, ev 5, mənzil 78 (Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mənzilində qeydiyyatda olduqları üçün o, öz mənzilindən rahat şəkildə istifadə edə bilmir. Eyni zamanda da bildirir ki, cavabdehlər uzun müddətdir ki, sözügedən mənzildə yaşamır, oraya gəlib-getmirlər. Yəni cavabdehlərin onun mənzilinə heç bir ehtiyacları yoxdur. Buna görə də qanunvericiliyin tələbinə əsasən o da məhkəməyə müraciət edərək 10800 manat məbləğində kompensasiya ödənilməsi müqabilində cavabdehlərin onun mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, olduqca yüksək məbləğdə-28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5 (Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Lakin 28800 manat məbləğində kompensasiyanın verilməsi həmin mənzilin orta bazar qiymətinə uyğun deyildir və bu məbləğ olduqca yüksəkdir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin müvafiq normalarına uyğun olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Həmçinin, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Məhkəmə iş üçün əhəmiyyətli olan cavabdehlərin məhkəmə iclas zalında söylədikləri və iş üçün əhəmiyyətli olan dəlilləri araşdırmamışdır. Belə ki, məhkəmə 28800 manat kompensasiya təyin etməklə ekspert rəyində göstərilən ona məxsus 5 otaqlı evin aylıq kirayə haqqına münasibətdə qətnamə qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə kompensasiyanın məbləği cavabdehin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə iclas zalında cavabdehlərin söylədikləri və protokola düşən ifadələrində göstərilir ki, onlar iddiaçıya məxsus mənzilin yalnız bir otağından istifadə etmişlər. Lakin birinci instansiya məhkəməsi bu halı araşdırmamış və ekspert rəyində göstərilən 5 otaqlı evin kirayə haqqısına münasibətdə kompensasiya təyin etmişdir. Həmçinin məhkəmə qərar qəbul edərkən iş üçün əhəmmiyyətli olan bir otaqlı və ya iki otaqlı mənzilin kirayə haqqısını müəyyən etməmişdir. Bir və ya iki otaqlı mənzilin kirayə haqqısının müəyyən edilməsinin iş üçün əhəmiyyəti ondan ibarətdir ki, Cavabdeh2 öz ifadəsində göstərmişdir ki, həmin mənzilin yalnız bir otağından istifadə etmişdir və onlara xas olmuş şərait bir otaqlı evə nisbətdə kompensasiya təyin edilməli idi. Həmçinin məhkəmə digər halı, həmin evə istifadə hüququ olan şəxslərin olduğunu də nəzərə almamışdır. Belə ki, həmin evə istifadə hüququ olan 4 şəxs-həyat yoldaşı və 3 övladı vardır. Məhkəmənin qənaətindən belə çıxır ki, onlarla da istifadə hüququ üzrə mübahisə yaranarsa o, onlara da qeyd edilən məbləğdə kompensasiya verməlidir. Belə olan halda isə onun mülkiyyət hüququnun heç bir mənası qalmır və hətta istifadə hüququ daha əlverişli şərait alır.
19. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2(011)- 338/2024 saylı qətnaməsini qismən ləğv edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda cəmi 48.000 (qırx səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 5 (Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mübahisəli mənzilə 1987-ci ildə gəlin gəlməklə həmin mənzilə istifadə hüququ olan şəxs olmaqla iddiaçının qardaşının arvadıdır. Uzun müddət ailə üzvü olan Cavabdeh2 birgə nikahdan olan oğlu digər iş üzrə cavabdeh olan Cavabdeh1la həmin mənzildə birgə istifadə hüququ olsa da uzun illər keçdikdə ailə şəraiti dəyişərək Cavabdeh1 da ailə qurmuş və iddiaçıların başqa bir mənzilində uzun müddət yaşayaraq və hazırda da azyaşlı uşaqları dünyaya gəldikdən sonra ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları haqqında qanuni qüvvəsini almış məhkəmə aktı olduğuna görə yaşayış sahəsindən məhrum olmuşdurlar. Məsələnin incəliyi də ondan ibarətdir ki, məhkəmə kompensasiyanın məbləğini qanunun normalarına əsasən müəyyən etmiş olsa da bir ailə üçün nəzərdə tutmuşdur. Halbuki Cavabdeh1la Cavabdeh2 hazırki vəziyyətdə iki ailə hesab edilirlər. Onların mental dəyərlərə əsaslansa da bir otaqlı yaşayış sahəsində yaşamaları mümkünsüzdür. Cavabdeh2 da yaşı və məşquliyyəti, sosial vəziyyəti nəzərə alınmaqla hansısa müddət sonra özünə yaşayış sahəsi əldə etməyə malik olmayan şəxsdir. Kompensasiyanın məqsədi də ondan ibarətdir ki, mülkiyyətçinin hesabına bir müddət yaşayış sahəsi ilə təmin edilsin ki, sonradan da öz hesabına hansısa yaşayış sahəsi əldə etmiş olsun və qeyd edilən əvəzləşdirmənin hüquqi mahiyyəti odur ki, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. 59 yaşı olan Cavabdeh2 3 il müddətinə kompensasiya əvəzləşdirməsindən sonra hansı şəraitdə harada yaşamaq hüququ qazana bilər?! Bu çox absurddur. Ona görə də məhkəmə kompensasiyanın məbləğini 3 il müəyyən etməklə Cavabdeh2 ilə Cavabdeh1 iki ailə olmasını nəzərə alaraq hər birinə ayrı-ayrılıqda 48.000 manat müəyyən etməli idi. İş üzrə tərəflərindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həmin ev ona atasından qalmışdır, qardaşları vərəsəlikdən imtina etdikdən sonra ev onun adına keçmişdir. O, həmin evdə təqribi 1980-ci ildən yaşayır. Cavabdeh gəlin kimi həmin evə qeydiyyata düşmüşdür, daha sonra qarşı tərəf qardaşından boşanmışdır. Məhkəmə qərarından sonra qarşı tərəf 3-4 əşyasını evə qoydu, lakin 3 ay evə gəlmədilər. Bu evin bütün şəraiti ona aiddir, onların orada heç bir əməyi yoxdur. Nəsimidəki evdən qarşı tərəf məhkəmə yolu ilə çıxarılmışdır. Qarşı tərəfin mənzilə köçmək niyyəti yoxdur. O, qarşı tərəfə 10.800 manat, maksimum bankdan 11.000 manat pul alaraq qarşı tərəfə verə bilər. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini məzmununa uyğun izahat verərək təmin olunmasın xahiş etmişdir. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 1988-ci ildən həmin ailənin gəlini olmuşdur, Ayna xanımın oğlu Cavabdeh1 də ayrıca bir ailədir, iki körpəsi və bir yoldaşı vardır. Onlar ayrı-ayrı təsərrüfat aparan bir ailədir. Ona görə də məhkəmə onların hər birinə ayrılıqda kompenasiya kəsməlidir. Məhkəmənin gəldiyini nəticə hesab edir ki, əsassızdır. Məhkəmə nəzərə almalıdır ki, Ayna xanım 1987-ci ldən həmin evdə gəlindir, bunlar iki ayrı ailədir, bir otaqlı evdə yaşaya bilməzlər. Məhkəmə cavabdehlərin evə zərurətini, yaşlarını və s. nəzərə almalıdır. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Məmmədkəri qızı tərəfindən verilmiş apellyaiya şikayətinin təmin olunmasaını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o, bu ailəyə gəlin gəlmişdir, oğlu orada dünyaya gəlmişdir. O, məhkəmə qərarlarına əsasən həmin mübahisəli evə köçmüş, cehizləri də həmin evdədir. Ən azından bir otaqlı evin pulu, təqribi 80-90 min manat verilsə razılaşar. Qarşı tərəf formal olaraq evə bir neçə adamı qeydiyyata salmışdır ki, bölgü olan zaman daha çox pul düşsün. CD disk təqdim edilmişdir. Həmin CD diskə onların həmin evə köçmək istəyən zaman qarşı tərəfin maneələr törədilməsi görünür. Təklif olunan kompensasiya məbləği ilə razı deyildir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, bu məsələnin əsas səbəbi atasının əqli qüsurlu olması və içki düşkünü olmasıdır. Atası iradəsi zəif adamdır, təzyiqlər nəticəsində ata mülkindən imtina etmişdir. Onlar 5 otaqlı evdən tam şəkildə istifadə etmək hüququna malikdir, nəyə görə bir otaqda anası ilə birgə yaşamalıdır. 36 il ərzində atasının içki düşkünü olmasından istifadə edərək ailənin digər üzvləri tərəfindən edilmiş haqsızlığın əvəzini o, 28 min manatla görmək istəmir. Orada 16 nəfər qeydiyyatdadır, onların nə üçün o evə qeydiyyata düşməsi bəllidir, bunun hamısı planlıdır. Onlar iki ayrı təsərrüfatdır, onun ailəsi vardır, iki övladı və yoldaşı vardır. Onlar hamısı bir otaqlı evdə yaşaya bilməz. Təklif olunan kompensasiya məbləği ilə razı deyildir.
Apellyasiya baxışının hədləri
27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 28.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 30.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı və cavabdehlər tərəfindən apellyasiya şikayətləri verildiyindən apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
31.“İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
32.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 34.228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digərşəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 35.228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, ... Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öziddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər...”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
38.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından hər iki şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
41. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi olaraq, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərə kompensasiya verilməsi yolu ilə onların mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına malik olmaları da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən öz təsdiqini tapmışdır. Belə ki, həmin qətnamə ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi), 5 saylı evin 78 saylı saylı mənzilinə köçürülmələri təmin edilmişdir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarının əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmamışdır.
42. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına 10.800 manat kompensasiya verilməklə xitam verilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin kompensasiya məbləğini istifadə hüququna xitam verilməsi üçün kifayət hesab etməyərək mübahisəli mənzilin bazar qiymətinə uyğun aylıq kirayə haqqı məbləği nəzərə alınmaqla, cavabdehlərin davamlı surətdə yaşamaq imkanlarının təmin edilməsi üçün adekvat kompensasiya məbləği olaraq 28.800 manat pulun iddiaçıdan cavandehlərin xeyrinə tututlması qənaətinə gəlmişdir.
43. Bununla əlaqədar kollegiya qeyd edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya ilə xitam verilməsi mümkün sayıldığı təqdirdə, iddiaçının təklif etdiyi məbləğin yetərli olmaması barədə məhkəmənin mövqeyi mübahisənin yekun həlli üçün kifayətedici deyil. Belə ki, məhkəmə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olub-olmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməli, iddiaçının buna dair münasibətini öyrənməli və nəticəsindən asılı olaraq iddianı həll etməlidir.
44. Beləliklə, tərəflər arasında razılıq olmadıqda cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün konkret yaşayış sahəsinə (fərdi yaşayış evinə, mənzilə) münasibətdə zəruri olan yetərli kompensasiyanın məbləğini məhkəmə müəyyən etməlidir. Məhkəmə tərəfindən yetərli kompensasiyanın məbləğinin müəyyən edilməsi, özlüyündə iddiaçı tərəfindən həmin məbləğin ödənilməli olması barədə qərar qəbul etmək üçün əsas deyildir. Bu zamanda iddiaçının məhkəmə tərəfindən müəyyən olunmuş kompensasiyanın ödənilməsi barədə razılığının olub-olmaması nəzərə almalıdır. İddiaçının həmin məbləği ödəməyə razılıq verməməsi, iddianın rədd edilməsi üçün əsas ola bilər.
45. İş materiallarından, o cümlədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı məhkəmənin ədalətli hesab etdiyi kompensasiya məbləği ilə razılaşmayaraq cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya olaraq verilməli məbləğin 10.800-11.000 manat həcmində müəyyən edilməsində israrlıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya araşdırmanın bu mərhələsində də 28.800 manat məbləğində kompensasiya verməklə mübahisəni yekunlaşdırması təklif edilmişdir. Məhkəmə kollegiyası bu məbləğdən az olmayaraq kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Belə ki, həmin məbləğ müəyyən müddət daxilində (üç il) mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
46. Buna baxmayaraq iddiaçı tərəfindən təklif olunan məbləğ qəbul edilməmişdir. İddiaçının həmin məbləği ödəməyə razılıq verməməsi isə iddianın rədd edilməsi üçün əsadır. Belə ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.
47. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
48. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən istifadə hüququna xitam verilməsi üçün ədalətli hesab etdiyi kompensasiya ödəməsinə iddiaçının razı olmadığını nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
50. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-338/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev