Məhkəmə qərarları › İş №2(103)-5152/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5152/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5152/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)-4624/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçınun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)-4624/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yekun akt qəbul edərkən cinayət isi başlanmasının rədd edilıməsi barədə qərarı əsas götürmüşdür. Həmin qərarda göstərilir ki, 12 min manatı qaytaracağına söz vermişdir. Ancaq polis orqanında bu cür izahat verməmişdir. Onun izahatı kifayət qədər təhrif olunmuş şəkildə yazılmışdır. O, Nərminə ilə aralarında olan münasibətlər zəminində ondan müəyyən qədər pul alsa da həmin pulları ona qaytarmış və bəzi pulları isə bir yerdə xərcləmişlər. Lakin məhkəmə tərəfindən yekun qətnamə qəbul edilərkən qanunvericiliyin normaları tətbiq edilməmiş, buna görə də qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Beləliklə, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə bir qətnamənin qanuni qüvvə alması onun və yeni ailəsinin hüquqlarını əsaslı şəkildə pozacaqdır. Bu səbəbdən də həmin qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh pulu götürdüyünü etiraf edib, amma pulu qaytarmayıb. Cavabdehin aldatdığı tək o, deyil. Guya xalası ona ev hədiyyə verib, evin təmiri üçün ondan 15.000 manat pul istədi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh X3 məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin 19.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət müraciət etmiş, cavabdeh polis orqanında verdiyi izahatında göstərmişdir ki, 2019-cu ilin noyabr ayında iddiaçı ilə tanış olmuş, bir neçə müddət sonra iddaiçıdan 2000 manat borca pul almışdır. Bundan sonra avtomobil almaq üçün iddiaçıdan 10000 manat pul istəmiş, iddiaçı onunla razılaşaraq avtomobilin ilkin ödənişini, yəni 10000 manatını verəcəyini və birgə istifadə edəcəkləri barədə razılığa gəlmişlər. O, avtombili aldıqdan bir müddət sonra aralarında mübahisə yaranmış, iddiaçıdan ayrılmış və aldığı 12000 manat pulu qaytaracağına söz vermişdir. Həmçinin, cavabdeh məhkəmə baxışı zamanı da, iddiaçıdan 12000 manat pul aldığını və onu qaytaracağını bildirmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 12000 manat məbləğində borc pul alması onun həm məhkəmə baxışı zamanı, həm də polis orqanında verdiyi izahatları ilə öz təsdiqini tapır. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, müqavilənin formasına əməl olunmaması, əgər bu borc alan tərifindən mübahisələndirilərsə, qaldırılan iddianın uğurlu olmasını istisna etmiş olur. Məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş qaydada borc müqaviləsinin yazılı formada bağlanmasının məcburi olması borc verəni gələcəkdə borcun verilməsini sübut etmək yükündən azad etmək məqsədi daşıyır. Lakin işin mübahisəsiz halından da göründüyü kimi, tərəflər arasında forma əlamətinə əməl edərək yazılı borc müqaviləsi bağlanmasa da, cavabdeh iddiaçıdan pul aldığını etiraf etmişdir. Belə olan halda, tərəflər arasında borc münasibətləri yaranmış, lakin onlar bu münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız müqavilənin formasına əməl etməmişlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Cavabdeh iddiaçıdan aldığı 12000 manat məbləğində pulu restoranlarda xərclədiklərini bildirsə də, bu dəlilini sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə həmin hissədə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin iddia tələbini qismən də olsa etiraf etməsi iddianın əsaslı olduğuna dəlalət edir. Çünki, cavabdehin iddianı etiraf etməsi qanunun tələblərinə uyğun olmuş və hər hansı bir şəxsin, o cümlədən özünün hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır. Cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olması və hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması iş materialları ilə də təsdiq olunmur. Belə ki, cavabdeh iddiaçıdan 12000 manatı borc kimi almadığını, onunla sevgi münasibətində olduğu üçün bir yerdə xərcləmək üçün götürdüyünü və bir yerdə xərclədiyini, yarısını pulu olanda qaytaracağını bəyan edərək (bax.i.v.26;29) iddia tələbinə bu formada etiraz edirsə, etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür, bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. İkincisi, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, iddiaçının şikayəti əsasında cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı da cavabdeh iddiaçıdan 12000 manat aldığını etiraf etmiş və həmin məbləği qaytaracağına söz vermişdir. Cavabdeh polisdə o cür izahat vermədiyini və izahatının təhrif olunduğunu bildirsə də bu dəlillər iddianın əsaslılığına təsir etmir. Çünki, bu araşdırma cinayət məhkəmə icraatı qaydasında aparılmış və həmin izahatın cavabdehə məxsus olub- olmadığı hazırki mülki mühakimə icraatının predmeti olmadığından bu qaydada yoxlanıla bilməz. Eyni zamanda qeyd olunan araşdırma materialı üzrə qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi qərarı da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, yuxarı prokuror yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Bu hallar ona dəlalət edir ki, cavabdeh hüquqdan pis niyyətlə sui-istifadə edərək iddiaçıdan aldığı, tələb olunan pul vəsaitini nəyin bahasına olursa-olsun qaytarmamaqla ona ziyan vurmaq istəyir. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, bu cür rəftar iddiaçının mənafeyinə açıqaşkar ziddir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)- 4624/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar