Məhkəmə qərarları › İş №2(103)-5153/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5153/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5153/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x4 və x1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər x3 və qeyrilərinə qarşı müqavilənin və arayışın etibarsız hesab edilməsi, qohumluq faktının müəyyən edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, əsassız varlanma nəticəsində əldə olunmuş pulun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsinin qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli 2(004)-2688/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər x2 və qeyrilərinə qarşı müqavilənin və arayışın etibarsız hesab edilməsi, qohumluq faktının müəyyən edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, əsassız varlanma nəticəsində əldə olunmuş pulun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli 2(004)- 2688/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov (keçmiş Aşağı Naqornıy) küçəsi dalan 1, 6 saylı fərdi yaşayış evinə dair cavabdehlər x3 ilə Bakı şəhəri Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş 25.04.2019-cu il tarixli 3M-396 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, mübahisələndirdiyi həmin müqaviləni iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin İddiaçı Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov (keçmiş Aşağı Naqornıy) küçəsi dalan 1-də yerləşən 6 saylı fərdi yaşayış evinin hüquqi vəziyyəti barədə sənədləri və həmin evin üzərində onun mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, iddia tələbini tam əsaslandırmamışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli 2(004)- 2688/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin sənədləri əldə etmək imkanı olmamışdır. Bu da onu mübahisələndirmək hüququnu istisna etmir. Belə ki, iddia ərizəsində müqavilənin rekvizitləri qeyd olunmuşdur. Bundan əlavə iddia ərizəsində adları qeyd edilmiş cavabdehlərdən hər birinə qarşı konkret tələb irəli sürülmüşdür. Notariat ofisi də öz növbəsində müqaviləni təsdiq edən orqan kimi cavabdeh qismində cəlb olunmalı idi. Notariat kontoruna müraciət etməməsinin səbəbi isə odur ki, ev sökülmüş və əmlak artıq mövcud deyildir. Belə olan halda da müvafiq notariat kontoruna müraciət edib hər hansı mirası tələb etməyə ehtiyac da yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov (keçmiş Aşağı Naqornıy) küçəsi dalan 1-də yerləşən 6 saylı fərdi yaşayış evinə dair cavabdehlər x3 ilə Bakı şəhəri Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş 25 aprel 2019-cu il tarixli 3M-396 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, mübahisələndirdiyi həmin müqaviləni iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin İddiaçı Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov (keçmiş Aşağı Naqornıy) küçəsi dalan 1-də yerləşən 6 saylı fərdi yaşayış evinin hüquqi vəziyyəti barədə sənədləri və həmin evin üzərində onun mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, iddia tələbini tam əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Yenə həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prossesual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli 2(004)- 2688/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 152.1.3, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli 2(004)- 2688/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar