Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5153/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 438/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, X8 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 6 saylı mənzilinə dair X4 adına yazılan 23.11.2004-cü il tarixli, 0242 saylı orderin verilməsinə əsas olmuş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanında yerləşən yataqxana binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.m olan 6 saylı mənzilə Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən X4 adına yazılan 23.11.2004-cü il tarixli, 0242 saylı orderin etibarsız hesab edilməsi və X4 mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X8 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 12.04.2019-cu il tarixdə yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 23.11.2004-cü il tarixli, 0242 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 6 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 6 saylı otağında 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X9, arvadı X3 və qızı İnci Quliyeva məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018- ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. X8 qeyd edilən binanın 6 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı gələcəkdə ələ keçirmək məqsədilə qapısını bağlamış, lakin bir gün də olsun orada yaşamamışdır. Belə ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən mənzilin qapısını bağlayıb balanssaxlayan təşkilat tərəfindən idarəçiliyin həyata keçirilməsinə maneə yaradır. Hal-hazırda da M.K.Həsənov qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X8 qeyd edilən orderi müxtəlif yollardan istifadə edərək qanunsuz olaraq əldə edərkən Bakı "Radioquraşdırma" İstehsalat Birliyi ilə əmək münasibətlərində olmamış və o, 20.09.1989-cu il tarixdən 07.07.1992-ci il tarixədək, yəni 3 ildən az müddətdə həmin müəssisədə işləmiş, işdən çıxandan 12 il 4 ay 16 gün müddət keçəndən sonra M.K.Həsənov əmək münasibətlərində olmadığı müəssisənin yataqxanasında məcburi köçkün ailəsinin istifadəsində və sahibliyində olan 6 saylı mənzili ələ keçirmək məqqsədilə heç bir hüquqi əsas olmadan qanunsuz order əldə etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 29.08.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2- ci bəndinin İİİ hissəsinə osasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfor yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli 2 yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayn-ayn hallarda birdən artıq otaq verilir". X1 rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 57M/25 ünvanında qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, 23.11.2004-cü il tarixli, 0242 saylı orderi əldə edərək, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 6 saylı otağının qapısım bağlayaraq ələkeçirməyə cəhd edir. Bununla da, "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin tələbləri pozulmuşdur.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailəsi stifadəsində olan mənzildən köçürüldükdən sonra X8 6 saylı mənzili əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 23.11.2004- cü il tarixli, 0242 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 6 saylı mənzil onun istfadəsinə verilmişdir. M.K.Həsənovun əldə etdiyi 23.11.2004-cü il tarixli, 0242 saylı orderlə bağlı Azərbaycan Respublikasının Mülafıə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Üfiiq" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ile M.K.Həsənovun barəsində Dcpartamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, "şəxsin mənzillə təmin edilibedilməməsi barədə məlumatımız yoxdur". Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən 09.11.2004-cü il tarixli, 41 saylı protokola əsasən verilmiş 23.11.2004-cü il tarixli, 0242 saylı yataqxana orderi ilə 6 saylı mənzil ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-438/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 07.01.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə sözügedən orderin verilməsi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi üzrə müddətin ötürdüyü nəticəsinə gəlmişdir. Belə ki, mübahisəli mənzilə order 23.11.2004-cü il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir Bundan başqa Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-438/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5153/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5153/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver