Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5154/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Ləğv prosessindəki İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesindəki İddiaçı ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2949,44 ABŞ dolları əsas, 446,31 ABŞ dolları faiz borcu, 3140,94 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 19.12.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün 544,89 ABŞ dolları illik beş faiz borc olmaqla cəmi 7081,58 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq Fonda ödənilməsi, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus "MG-6” minik markalı, 2011-ci il buraxılışlı, ban LSW24G93BS049991, boz metal rəngli, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin Fonda ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub Fonda ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 11.04.2013-cü il tarixli 30/2013 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2949,44 ABŞ dolları əsas, 446,31 ABŞ dolları faiz borcu (müqavilənin müddətinin bitdiyi 11.04.2016-cı il tarixədək yaranmış), 100 ABŞ dolları cərimə olmaqla cəmi 3495,75 (üç min dörd yüz doxsan beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesindəki İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş "MG-6” minik markalı, 2011-ci il buraxılışlı, ban LSW24G93BS049991, boz metal rəngli, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – cərimə borcunun azaldılması və illik 5 faiz hesabı ilə hesablanan faiz tələbinin təmin olunmaması hisslərində ləğv olunmasını, iddianın həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini xahiş etmiş, lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun iddia tələbinin təmin edilməyən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cərimənin məbləğinin azaldılması” hissəsində dəyişdirilməli, “müqavilənin bitdiyi tarixdən 19.12.2019cu il tarixə kimi gecikdirilmiş vaxt üçün 544,89 ABŞ dolları illik beş faizlə hesablanan faiz borcunun tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin tələb qismən təmin edilməli, qətnamə iddiaçıya münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə 11.04.2013cü il tarixli 30/2013 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 18% hesablanmaqla 36 ay müddətinə 15 400 ABŞ dolları kredit verilmiş, kreditin təminatı olaraq Cavabdeh məxsus olan “MG-6” minik markalı, 2011-ci il buraxılışlı, ban LSW24G93BS049991, boz metal rəngli, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan kollegiya, birinci instansiya məhkəməsinin “müqavilənin bitdiyi tarixdən 19.12.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün 544,89 ABŞ dolları illik beş faizlə hesablanan faiz borcunun tutulması” tələbi üzrə gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun 2949,44 ABŞ dolları əsas borcuna 11.04.2016-cı il tarixdən 19.12.2019-cu il tarixinə (44 ay 8 gün) qədər illik 5%-lə hesablanacaq faiz isə 544,89 ABŞ dolları təşkil edir (2949,44 x 5% = 147,472 (illik) x 44 ay 8 gün = 544,89 ABŞ dolları). Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 2949,44 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 3140,94 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 300 (üç yüz) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosessindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1157/2020 saylı iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsi cavabdehdən 100 (yüz) ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan cərimə borcunun məbləği 300 (üç yüz) ABŞ dolları müəyyənləşdirilsin. Qətnamə “müqavilənin bitdiyi tarixdən 19.12.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün 544,89 ABŞ dolları illik beş faizlə hesablanan faiz borcunun tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi təmin edilsin. Cavabdeh ləğv prosessindəki İddiaçı ASC-nin xeyrinə müqavilənin bitdiyi tarixdən 19.12.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 544,89 (beş yüz qırx dörd dollar 89 sent) ABŞ dolları faiz borcu tutulsun. Qətnamə ləğv prosessindəki İddiaçı ASC-nin mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5154/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5154/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver