Məhkəmə qərarları › İş №2(103)-5154/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5154/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5154/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(011)-1488/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 03 mart 2011-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 08 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır.

3. AZ-İ seriyalı, 386593 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur.

4. Yaşayış yeri üzrə qeydiyyat haqqında 4752847№-li arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzildə Cavabdeh, 01 sentyabr 2010-cu il təvəllüdlü X7 və 18 yanvar 2013-cü il təvəllüdlü X8 qeydiyyatdadır.

5. 133 saylı MKİS-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22, 2 saylı mənzildə qeydiyyatdadır. Qonşuların aktına əsasən 2009-cu ildən bu mənzilə gəlin gəlib 2(iki) uşağı ilə birgə bu mənzildə hal-hazıra kimi yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 01 sentyabr 2010-cu il təvəllüdlü X2 və 18 yanvar 2013-cü il təvəllüdlü X4 ona məxsus ünvan 1 ünvanına istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 08 may 2021-ci il tarixdə onun adına qeydiyyata alınaraq Çıxarış verilmişdir. Mənzilin keçmiş mülkiyyətçiləri X3 və X5 olmuşdur (İddiaçı atası və anası). Cavabdeh X6 (iddiaçının qardaşı) ilə 11 iyun 2010-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurduqdan sonra bir müddət mənzildə yaşamışlar, sonradan tez-tez ailədə söz-söhbət saldıqları üçün Sara İsayeva tərəfindən evdən çıxarılmışlar. Onlar bir müddət müxtəlif ünvanlarda kirayədə yaşadıqdan sonra yenidən mənzilə köçmüşlər. Cavabdeh iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1259/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X6 arasında 11 iyun 2010-cu il tarixdə qeydə alınmış nikah pozulmuş, 01 sentyabr 2010-cu il təvəllüdlü X7 və 18 yanvar 2013-cü il təvəllüdlü X8 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh bir neçə ildir ki, onunla münaqişəli şəraitdə yaşayır. Heç bir əsaslı səbəblər olmadan Cavabdeh ona qarşı xoşagəlməz hərəkətlər edərək onu söyüb təhqir edir və döyür. Onun Cavabdeh tərəfindən döyülməsi faktı ilə bağlı şikayəti Bakı şəhəri Xətai RPİnin 36-cı PB-nin təhqiqatçısı tərəfindən araşdırma zamanı müəyyən edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2(011)- 1488/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hal-hazırda İddiaçı Cavabdeh və övladlarının mübahisəli mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsini tələb etsə də, cavabdeh və övladları mübahisəli mənzildən istifadə hüququna malik olduqlarına görə iddia əsassız olduğunu üçün təmin edilməməlidir. Həmçinin cavabdeh və övladları mübahisəli mənzildə istifadə hüququna malik olan şəxs olduğu, cavabdehin başqa yaşayış yeri olmadığı üçün cavabdehin istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. İddiaçı tərəf isə cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir

10. Məhkəmə gəldiyi nəticəni əvvəlki Mənzil Məcəlləsinin 60, 123, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, 228.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə qətnamə qəbul edərkən bir sıra ciddi yanlışlıqlara yol vermiş, mübahisənin barışıq yolu ilə həll olunmasına imkan yaratmamış, cavabdehin iddianı etiraf etməsini qəbul etməmiş, cavabdehin yanlış düşündüyünü bildirərək mübahisənin uzanmasına imkan yaratmışdır. Bundan başqa mənzilin mülkiyyətçisi İddiaçı, keçmiş mülkiyyətçilər X3 və X5 ilə Cavabdeh arasında mənzilə istifadə hüququnun yaranması ilə bağlı notarial razılaşma, nə də ki, cavabdehin mənzildə yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı olan hər hansı bir məhkəmə qətnaməsinin olmaması nəzərə alınmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi normaların tələbləri pozulmuşdur. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Belə olan halda isə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilir, çünki cavabehin mülkiyyətçi ilə hər hansı formada mənzildə köçüb yaşaması üçün razılığı olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının qardaşı ilə faktiki olaraq 2009cu ildə nikah münasibətlərində olmuşdur. Həmin il övladı dünyaya gəlmişdir. Lakin kirayələrdə yaşamışlar. Bununla belə qaynanası onları mübahisəli mənzilə çağıraraq orada yaşamalarına şərait yaratmışdır. Həmçinin bildirdi ki, yoldaşı ilə xəyanət səbəbindən ayrılmışdır, hazırda qalmağa başqa yeri yoxdur, mübahisəli mənzildən yalnız kompensasiya verilməklə çıxmağa razıdır.

Tətbiq edilən hüquq

17. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır (30.4).

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

22. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur.

23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh X6 (iddiaçının qardaşı) ilə 11 iyun 2010-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olsalar da, faktiki 2009-cu ilin aprel ayında toy etməklə mübahisəli mənzildə birgə yaşamağa başlamışlar. Həmin vaxt evin mülkiyyətçisi iddiaçının atası X3 olmuş, 03 mart 2011-ci il tarixdə həmin mənzil iddiaçının anası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncu vəfat etdikdən sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdehin keçmiş əri iddiaçının qardaşı X6 bacısının xeyrinə öz payından imtina etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh faktiki olaraq 2009-cu ilin aprel ayında toy etməklə mübahisəli mənzildə yaşamağa başlasa da cavabdehlə iddiaçının qardaşı - X6 11 iyun 2010-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olduğundan tərəflər arasında hüquq münasibətləri məhz həmin tarixdən, yəni 11 iyun 2010-cu ildən yaranmış kimi götürülməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

26. MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Məhkəmə kollegiyası tərəflər arasında hüquq münasibətlərinin 2010-cu ildən yaranmasını, həmçinin cavabdehin iddiaçıya münasibətdə ailə üzvü hesab edilməməsini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında formalaşmış mövqeyinə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. Birinci instansiya məhkəməsi isə yanlış olaraq mübahisənin həllinin 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 60 və 123-cü maddələri, cavabdehin övladlarına münasibətdə isə mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları ilə tənzimlənməli olması barədə nəticəyə gəlmişdir.

29. İşin mübahisəsiz halıdır ki, cavabdehlə iddiaçının qardaşı - X6 11 iyun 2010-cu il tarixdə Xətai rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar və mübahisəli mənzildə birgə yaşmağa başlamışlar. Mübahisəli mənzil cavabdehin qaynatasının mülkiyyətində olmuş, həmin mənzilə mülkiyyət hüququ sonradan iddiaçının anası Sara İsayevanın, daha sonra isə vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qardaşı - X6 ilə nikahı məhkəmə qaydasında pozulmuşdur.

30. Göründüyü kimi iddiaçının qardaşı - X6 ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur və Cavabdeh iddiaçıya münasibətdə ailə üzvü hesab edilmir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

32. Belə olan halda cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

33. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

34. İşdən görünür ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir və əvvəlki mülkiyyətçi eləcə də hazırki mülkiyyətçi ilə cavabdeh arasında mənzilindən istifadə etməyə dair yazılı şəkildə bağlanan razılaşma olmamışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin eləcə də 01 sentyabr 2010-cu il təvəllüdlü X2 və 18 yanvar 2013-cü il təvəllüdlü X4 mübahisəli mənzilə istifadə hüquqları 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən saxlanılmadığından iddia əsaslıdır və təmin edilməlidir.

36. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına lazımi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2(011)-1488/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh, 01 sentyabr 2010-cu il təvəllüdlü X7 və 18 yanvar 2013-cü il təvəllüdlü X8 İddiaçı məxsus ünvan 1 ünvanına istifadə hüququnun olmaması müəyyən edilsin. Cavabdeh, 01 sentyabr 2010-cu il təvəllüdlü X7 və 18 yanvar 2013-cü il təvəllüdlü X8 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 22, 2 nömrəli mənzildən çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar