Məhkəmə qərarları › İş №2(103)-5154/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5154/2024

26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5154/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Xızı Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin bağlanılması faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Xızı Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin bağlanılması faktın müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5233/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi Ərizəçi Maraqlı şəxs1 və Xızı Rayon Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi müqavilənin bağlanılması faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmədən X1 ilə X5, X8, X2, Ərizəçi arasında olan “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarilxli 2(011)-5233/2024 nömrəli qərardadına əsasən ərizə geri qaytarılmışdır.

3. 19.06.2024-cü il tarixdə ərizəçinin nümayəndəsi (vəkili) qərardaddan şikayət vermişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarilxli 2(011)-5233/2024 nömrəli qərardadına əsasən şikayət təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarilxli 2(011)-5233/2024 nömrəli qərardadı ləğv edilmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5233/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadına əsasən Ərizəçi Maraqlı şəxs1 və Xızı Rayon Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi müqavilənin bağlanılması faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Təsdiq ediləməsi xahiş edilən fakt “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması ilə bağlı olması ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olmasını, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini təsdiq edən hər hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, bu cür sübutun ərizəyə əlavə edilməməsi həmin hüquq haqqında mübahisənin olub-olmamasını müəyyənləşdirməyi də qeyri-mümkün edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

6. Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5233/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, 22 avqust 2005-ci il tarixli müqavilənin təsdiq olunmuş surətinin təqdim olunması və həminin müqavilənin qüvvədə olub olmaması ilə əlaqədar məlumat verilməsi üçün Maraqlı şəxs1nə tərəflərindən ərizə ilə müraciət olunmuşdur. Lakin Maraqlı şəxs1 həmin sənədlərin Maraqlı şəxs1nə təhvil verilmədiyi üçün ərizəmizi cavabı verilməsi üçün Xızı Rayon Dövlət Notariat Ofisinə göndərmiş və həmin notariat ofisi tərəfindən 30 aprel 2024-cü il tarixdə 04/2024 saylı məktubla onlara bildirilmişdir ki, müqavilə Xızı rayon dövlət notariat ofisinin arxivində aşkar edilməmişdir. Onların müqavilənin təsdiq olunmuş surətini əldə etmək mümkünsüzdür. Digər bir tərəfdən məhkəmə qərardadında qeyd etmişdir ki, təsdiq edilməsi xahiş edilən fakt “İnşaat Təmir- Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması ilə bağlı olması ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktıməhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. İddia tələbi daşınmaz əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin itirilməsi deyil, “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin xx.xx.2005-ci il tarixdə bağlanılması faktının müəyyən edilməsi”-dir. Qərardad tamamilə qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Ərizəçi hazırkı tələbində qaldırdığı faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və həmin sənədin başqa yolla bərpası mümkün deyil, qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydasını nəzərdə tutmamışdır. Ərizədə olan faktın təsdiq edilməsi nəticəsində ərizəçi üçün hüquqlar yaranacaqdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5233/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət 2(011)-5233/2024 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarında qeyd edilir ki, “... Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

14. Hazırkı işin halları ilə müəyyən edilir ki, ərizəçi “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına dair müqavilənin bağlanması faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi “İnşaat Təmir-Tikinti və İstehsal” müəssisəsindəki payların alqı-satqısına müqavilənin məhkəmədənkənar qaydada əldə edilməsinin mümkün olmaması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. Ərizəçi şikayətinin dəlili olaraq qeyd edir ki, tərəfindən müqavilənin təsdiq edildiyi Xızı rayon Dövlət Notariat Kontoruna müraciət edilməsinə baxmayaraq, müqavilənin notariat ofisinin arxivində aşkar olunmaması barədə məlumat verilmişdir.

17. Qeyd olunmalıdır ki, xx.xx.2005-ci il tarixli Müqavilənin sürəti iş materiallarında mövcuddur. Həmin müqavilənin 6-cı bəndində qeyd edilir ki, müqavilə 3 nüsxədən ibarət tərtib edilmişdir, onlardan biri Bakı şəhəri, 9-cu notariat kontorunun işlərində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarında qeyd edilir ki, “...zərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.

19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 153, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5233/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar