Məhkəmə qərarları › İş №2(103)-5155/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5155/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5155/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və qeyrisinin Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “yaşayış evinə köçürülmə və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fəhləliklə məşğul olaraq topladığı pulla özünə ev almaq qərarına gəlmişdir. Arif adlı şəxs vasitəsilə Azər adlı şəxslə tanış oldu və Azər adlı şəxs ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən torpaq sahəsində yarımtikili ev ilə birlikdə yaşayış evini 12000 manata Azər adlı şəxsdən almışdır. Belə ki, Azərlə birlikdə 12 saylı notariat ofisinə getdilər və Azərin adından həyat yoldaşı İddiaçı1 adına həmin torpaq sahəsində yerləşən yarımtikiliyə dair etibarnamə verilmişdir. Həmin vaxt Azər ona Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu üzrə (Mehriban Qonşular) 135 saylı əmrdən xx.xx.1999-cu il tarixli 428 nömrəli çıxarışın əslini də təqdim etmişdir və həmin etibarnamə də həmin sənəd əsasında onun həyat yoldaşının adına verilmişdir. Bundan sonra İddiaçı2 həmin evdə müəyyən tikinti işləri apardı, elektrik sayğacını çəkdirdi və həyətin darvazasını alıb qoydu. Bundan sonra daimi evinə gedib gəlib pul düzəltdikcə müəyyən təmir işlərini həyata keçirirdi. Təxminən 2 ay keçdikdən sonra Cavabdeh adında şəxs peyda olaraq onun evinə qanunsuz girərək zəbt etmiş və onun evindən istifadəsini məhdudlaşdırmışdır. Bu işdə ona kömək edən sahə müvəkkili Ülvi adında polis əməkdaşı ona himayədarlıq edərək onun qanunsuz hərəkətlərinə kömək etmişdir. Belə ki, Ülvi adında polis əməkdaşı onun evinin darvazası Cavabdeh adlı şəxs tərəfindən qanunsuz sökülüb evinə girən zaman orada olmuş və ona himayədarlıq etmişdir. Onun bu hərəkətlərinə son qoymasını tələb etdikdə isə sahə müvəkkili Ülvi onu hədələmiş, evə dair hər hansı müdaxilə edəcəyi təqdirdə onu polis bölməsinə aparacağı ilə hədələmişdir. Belə ki, Cavabdeh sahə müvəkkili Ülvi adında şəxslə, həmçinin Coşqun və Mikayıl adlı şəxslərə birlikdə onun evindən istifadəsinə maneə törədərək qanunsuz hərəkətlər etmiş və evindən istifadəyə qanunsuz maneə törətməkdədirlər. Belə ki, İsgəndər adlı şəxs ona guya evin onun tərəfindən alındığını bildirmişdir. İddiaçı isə ona etiraz edərək evin sənədinin ona məxsus olması, sənədin əslinin onda olması və həmin sənədə dair etibarnamənin onun həyat yoldaşı İddiaçı1 adına olması barədə sənədləri ona göstərsə də, o iddiaçıya heç bir sənəd təqdim edə bilmədi. O da ona etiraz etdikdə polis əməkdaşı və digər ətrafında olan şəxslərlə birlikdə iddiaçını hədələdi və ona məxsus evin darvazasının zorla sökərək zərər vurmuşdur. Hazırda bu onların qanunsuz müdaxilə və maneələrinə görə evindən istifadə edə bilmir. Bildirir ki, o Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən Abşeron rayonu, Donuzkökəltmə Sovxozu tərəfindən verilmiş, xx.xx.1990-cı il tarixli, 135 nömrəli Əmrdən Çıxarışa əsasən Abşeron rayonu, Donuzkökəltmə Sovxozu ərazisində 0.03 ha torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi və digər səlahiyyətləri X4 faktiki olaraq 28 fevral 2022-ci il tarixdə etibarnamə əsasında İddiaçı1 vermişdir. Həmin torpaq sahəsinin üzərində tikilmiş ev də iddiaçılara məxsusdur.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı2 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmada keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X7 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.

10. AR-İİ№ 609053 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 12 iyul 1990-cı il tarixli 426 saylı Əmrlə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda 0,03 ha torpaq sahəsinin üzərindəki hüquqlarını xx.xx.2092-ci il tarixədək İddiaçı1 vermişdir.

11. Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X1 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X8 tanışı X3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12.000 (on iki min) manat pulu almış və həmin tarixdə İddiaçı2 hüquqverən rəsmi sənədi, yəni X2 adından xx.xx.1990-çi tarixli 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs İddiaçı2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 8 noyabr prospektində yerləşən yaşayış evində kirayədə yaşayır. Öz evi olmadığından, fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün "tap.az" sosial şəbəkəsində elanlarda olan bir ünvan diqqətini çəkmiş və həmin elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Özünü Emin kimi təqdim edən şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və sonuncu Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb danışsın. 2022-ci ilir fevral ayının sonlarında Arif adlı şəxsə zəng vurub, torpaq sahəsinə baxmaq istəyini bildirmişdir. Bunun səhərisi gün “Əhmədli” metrostansiyasının yaxınlığında Ariflə goruşmüş onun yanında sonradan adını bildiyi Azər adlı şəxsdə gəlmişdir. Arif bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur, həmn sahəni Azər satır və orada ikilmiş hasar və evi Azərlə birlikdə tikmişdir. Sonra onlarla birlikdə Binə qəsəbəşi, Donuzkökəltmə Sovxozuna getmiş və həmin evi görəndən sonra bəyənmişdir. Orada torpaq sahəsini tikililərlə birlikdə 12.000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. Orada 12.000 manatı sayıb Arifə vermiş, sonuncu da pulu yenidən sayıb Azərə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmş və orada Azərin adından onun həyat yoldaşı İddiaçı1 adına etibarnamə təsdiq etdirərək, ona təqdim etmişdir. X10 etibarnamədən başqa Abşeron Rayon Donuz Kökəltmə Sovxozu üzrə əmrdən çıxarışın surətini də təqdim etmişdir. Bundan təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. Bir neçə gündən sonra aldığı evin əvvəlki sahibi onu axtarıb tapmış və o, üzünü Cavabdeh kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin şəxs ona torpaq sahəsinın sənədini göstərmiş və məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi Cavabdeh məxsusdur. Onda başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onu aldadaraq, 12.000 manat puunu ələ keçirmişlər. Hal-haziradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə təqsirləndirilən şəxs Azər Novruzova qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi.

13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X5 tanışı X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından sui-istifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12000 manat pulu alması və həmin tarixdə İddiaçı2 hüquq verən rəsmi sənədi, yəni X2 adından xx.xx.1990—cı il tarixli, 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə aldadın ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 12000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı müəyyən edilmişdir. Sonra İddiaçı1 cavabdeh X1 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda (Mehriban Qonşular) yerləşən yaşayış evinə köçürülmə, Cavabdeh və digərləri tərəfindən həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması və istifadəsinə maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə əsasında Novruzov Azərdən aldıqları Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasının Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.

17. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

18. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı2 apellyasiya şikayətinə əsasən ona aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.

35. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

36. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»

37. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılması tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və saxta sənəd əsasında iddiaçılara satıldığını nəzərə alaraq həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir.

38. Belə ki, iddiaçıların həmin sahənin və yarımtikilinin saxta sənəd əsasında onlara satılmasından tam xəbərləri olmuşdur. Çünki hazırkı iş üzrə iddiaçı olan İddiaçı2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində bu halı təsdiq etmişdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun olması təsdiq olunmamış, əksinə, torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh X1 ayrıldığı müəyyən olunmuşdur. Nəticə:

40. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı2 özünə aid edilməlidir.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar