Məhkəmə qərarları › İş №2(103)-5156/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5156/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5156/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(005)-1349/2021 saylı qərardadından Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə və X4 tərəfindən verilmiş şikayətlərə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1" MTK, “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsini, 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və cavahdehlər "Cavabdeh1" M İK və "Cavabdeh2" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan yaşayış sahəsinin 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B 02 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 13 aprel 2021-ci il tarixli iclasında cavabdeh “Cavabdeh2'” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək ünvan 3 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan 3 otaqdan ibarət B02 saylı mənzilə üzrə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(005)-1349/2021 saylı qərardadı ilə iddiaçı “Cavabdeh2'” MMC-nin cavabdehlər İddiaçı,“Cavabdeh1" MTK-ya qarşı müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilmişdir. Qərardaddan Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə və X4 şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin 26 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndələri tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 4 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmışdır. Tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququolmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1MTK-nın icraçı direktoru X2 və digərləri tərəfindən müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara bir sıra mənzillərin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir.İddiaçının “Podradçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən Cavabdeh2 MMC-nin “Sifarişçi” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır."Cavabdeh1” MTK-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 5 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri satış hüquqları olmadığı halda vəzifəsəlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi barədə 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır və hal-hazırda istintaq davam edir. Göründüyü kimi ilk iddia ilə qarşılıqlı iddia arasında birbaşa səbəbli əlaqə vardır. Onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə o halda həm iddiaçının, həm də digərlərinin vaxt itkisinə, lüzumsuz gediş-gəlişə və müxtəlif məhkəmə instansiyalarına müraciət etməsinə ehtiyac qalmazdı. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə və X4 apelyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti qəbul etməyərək, onun təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(005)-1349/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə görə isə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156-cı maddəsində isə, qarşılıqlı iddianın qəbul edilməsinin şərtləri sadalanmış və bunlar, qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsi, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırması, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi olaraq göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, MPM-in 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, bununla bağlı iddiaçının cavabdehə göndərdiyi bildirişin və ya müraciət etmək forması hər hansı əhəmiyyət kəsb etməməkdədir. Başqa sözlə, əgər müvafiq bildirişdə və ya müraciətdə cavabdehin öz öhdəliyinə əməl etmədiyi irəli sürülərək bu halın davam edəcəyi təqdirdə və ya hüquqlarının pozulması halında məhkəməyə müraciət olunacağı barədə bəyanat (iradə ifadəsi) yer alırsa və bu bildirişi almış cavabdeh mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün hər hansı aktiv hərəkət nümayiş etdirmirsə, sözügedən qaydaya əməl olunmadığına dair gəlinən qənaət yalnız formal yanaşma kimi qiymətləndirilə bilər. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı müqavilə öhdəliklərinə xitam verilməsi ilə bağlı müraciət etmədiyi üçün iddia verilərkən həm də mübahisənin məhkəməyə qədər pretenziya qaydasını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə və X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(005)- 1349/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar