Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5156/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1987-ci ildən Azərbaycan Respublikası ərazisində yaşamağı və heç bir dövlətin vətəndaşlığana mənsub olmadığı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(005)-2728/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmuşdur. Ərizəçi tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin eynisaylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizənin icraata qəbulunun mümkünlüyünə ərizəçinin iştirakı ilə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Rayon məhkəməsi qeyd etmişdir ki, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanuni əsaslarla və fasiləsiz olaraq daimi yaşaması faktını müəyyən etmək vəzifəsi bilavasitə Dövlət Miqrasiya Xidmətinə aid edilmişdir və bu qurum həmin vəzifəni yerinə yetirmədiyi təqdirdə ərizəçi onun hərəkətlərini (hərəkətsizliyini, qərarını) müvafiq inzibati məhkəmədə mübahisələndirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, 30 oktyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli Qanunu ilə MPM-ə əlavə edilmiş 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Kollegiya istinad edilən normalara əsasən, rayon məhkəməsinin hazırkı mövqeyi ilə razılaşmır və qeyd edir ki, ərizəçinin iştirakı təmin edilməklə ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2728/2022 xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və ərizənin icraata qəbulunun mümkünlüyünə ərizəçinin iştirakı ilə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Vahid Sadıqov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-5156/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5156/2022
18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver