Məhkəmə qərarları › İş №2(103)-5159/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5159/2023

08.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5159/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcova adına X1” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh “K.Fərəcova adına X1” X5 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında əmək münasibəti olub. İddiaçı cavabdeh təşkilatın Yenidoğulmuşların patologiyası şöbəsində şöbə müdiri vəzifəsində işləyib. Cavabdeh təşkilatın direktorunun xx.xx.2023-cü il tarixli 118-K nömrəli əmri ilə əmr edilib ki, iddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildən xitam verilsin. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. Əmrin verilməsinə əsas olan 2 rəsmi sənəd göstərilib: 1) “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı; 2) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsində bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız oluğunu bildirdilər. Qətnamənin yoxlanılması: Əmək müqaviləsinin ləğv edilməsi barədə əmr 4 səbəbdən qanunsuzdur. Birinci: Əmr əsaslandırılmayıb, yəni yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktlar əmrin məzmununda göstərilməyib. Nəticədə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Həmin maddəyə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun. Əsaslandırma məhkəmə icraatında deyil, məhkəmə icraatına qədər edilməlidir. Məhkəmə icraatı əmrin əsaslandırılması üçün deyil, əmrdə göstərilmiş əsaslandırmanın düzgün olub-olmadığının müəyyən edilməsi üçün həyata keçirilir. Məhkəmə işəgötürənin əvəzinə əmri qətnamədə əsaslandırmalı deyil. Qətnamə - əmək müqaviləsinə xitam verən akt deyil, mülki işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır, qətnamədə əmrdə göstərilmiş əsaslandırmanın düzgün olub-olmadığına qiymət verilə bilər. Belə əsaslandırma olmadıqda isə məhkəmə bu imkandan məhrum olur. Ona görə də qanunvericilik məhkəməyə belə məzmunda əmri etibarsız etmək səlahiyyəti verib (Əmək Məcəlləsi, maddə 84, hissə 2). Bundan başqa, əsaslandırmanın olmaması o deməkdir ki, işəgötürən öz öhdəliyini icra etməyib. Belə ki, əmək müqaviləsinin ləğvi barədə əmri əsaslandırmaq qanunda işəgötürənin öhdəliyi (vəzifəsi) kimi müəyyən olunub. İşəgötürən (direktor) işçini (iddiaçını) öhdəliklərini yerinə yetirməməkdə ittiham edir və hüququnu həyata keçirərək onu işdən azad edir, lakin bu zaman özü qanunla üzərinə qoyulmuş öhdəliyi (vəzifəni) icra etmir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasın olduğu əmrin məzmunundan müəyyən edilmir. İkinci: Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi öz-özlüyündə əmək müqaviləsinin ləğvi üçün əsas deyil, bu, həm də qanunda göstərilən nəticələr doğurmalıdır. Lakin belə nəticələrin baş verdiyi əmrin məzmunundan müəyyən edilmir. Üçüncü: Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “Zəruriliyin əsaslandırılması” deyiləndə işçinin yol verdiyi pozuntunun əsaslandırılması nəzərdə tutulmur. Pozuntu əsaslandırılmalıdır, bununla yanaşı, həm də əsaslandırılmalıdır ki, digər növ intizam tənbehinin (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə) tətbiq edilməsi ilə işçini intizamlandırmaq, iş yerində işin normal ahəngini təmin etmək, işəgötürənin, əmək kollektivinin və ya onun ayrı-ayrı üzvlərinin hüquqlarını və mənafelərini qorumaq mümkün deyil. Çünki işçiyə ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğvidir. Bunun nəticəsində o, işini və qazanc mənbəyini itirir. Bundan başqa, 70-ci maddənin “ç” bəndində göstərilən əsasla işdən azad edilən şəxs öz ixtisası üzrə başqa iş tapmaqda çətinlik çəkir, çünki həmin əsas digər işəgötürənlərdə bu şəxsin peşə keyfiyyətləri barədə mənfi rəy formalaşdırır. Dördüncü: Əmr verilərkən “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiyanın xx.xx.2023-cü il tarixli arayışına istinad olunub. İddiaçı bu arayışın tərtib edilməsini cavabdeh təşkilatın yeni rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə izah edir. Müəyyən olunur ki, arayış cavabdeh təşkilata yeni direktor təyin edildikdən qısa müddət sonra tərtib olunub. Belə ki, xx.xx.2023-cü ildə yeni direktor təyin edilib. Bundan 3 gün sonra – xx.xx.2023-cü ildə Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşları (19 nəfər) tərəfindən yeni direktora iddiaçının (şöbə müdirinin) barəsində kollektiv müraciət ünvanlanıb. Bundan 2 gün sonra – xx.xx.2023-cü ildə yeni direktor “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” əmr verərək komissiya yaradıb və öz müavinini komissiyaya sədr təyin edib. Komissiyanın arayışı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Birinci, iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyil. Göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsində başqa əsas var. Belə ki, 70-ci maddənin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Buna baxmayaraq arayışda komissiyanın səlahiyyətinə aid olmayan məsələlərə münasibət bildirilib. Məsələn, arayışın 1-ci bəndində qeyd olunub ki, şöbə müdiri təyin edilənə qədər əmək fəaliyyəti müddətində iddiaçının neontoloq kimi heç bir fəaliyyəti və iş təcrübəsi olmamışdır. Bundan başqa, arayışın 5-ci bəndində qeyd olunub ki, iddiaçının apardığı xəstəlik tarixləri araşdırılarkən peşəkarlığının aşağı səviyyədə olması faktı öz təsdiqini tapmışdır. İkinci, arayışda göstərilən pozuntuların bir hissəsi tarixinə və məzmununa görə qeyri-müəyyəndir, habelə iddiaçının bu pozuntulara yol verdiyi əsaslandırılmayıb. Üçüncü, arayışda qeyd edilən pozuntuların digər hissəsi isə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas deyil. Əgər iddiaçı həqiqətən belə pozuntulara yol vermişdirsə, pozuntular aşkar edildiyi gündən 1 ay ərzində onun barəsində əmək müqaviləsinin ləğvi ilə əlaqədar olmayan intizam tənbehi tətbiq edilə bilərdi. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar