Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5159/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və onun nümayəndəsi Tamerlan Zeynalovun iştirakı ilə, iddiaçı Zeynalov X2 Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)- 1348/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin xx.xx.2025-ci il tarixli 1142 nömrəli əmri ləğv edilsin və iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə - nəqliyyat üzrə koordinator vəzifəsinə bərpa olunsun. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Tamerlan Zeynalov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatda nəqliyyat üzrə koordinator vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işçilərin sayı ixtisar olunduğuna görə işəgötürənin xx.xx.2025-ci il tarixli 1142 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilib. Müəyyən olunur ki, cavabdeh təşkilatda işçilərin sayı ixtisar olunub. Belə ki, işəgötürənin xx.xx.2024-cü il tarixli MM-FE-013-2024 nömrəli əmri ilə əmr edilib ki, bir sıra ştatlar, o cümlədən nəqliyyat üzrə koordinator bir ştat vahidi ləğv olunsun. Əmr onunla əsaslandırılıb ki, “Şahdəniz Mərhələ 2” layihəsi üzrə aparılan işlər tədricən yekunlaşır. İddiaçı da apellyasiya icraatı zamanı verdiyi izahatında işlərin həcminin tədricən azaldığını təsdiq etdi. Bundan başqa, iddiaçı izahatında bildirdi ki, cavabdeh təşkilatda özü ilə birlikdə üç nəqliyyat üzrə koordinator çalışır, digər iki işçi vəzifəsində saxlanılıb, lakin özünün peşəkarlıq səviyyəsinə görə həmin iki işçidən üstün olduğunu iddia etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin tələbinə əməl olunub, ştatın ixtisarı zərurətdən irəli gəlib, iddiaçı hər hansı formada ayrıseçkiliyə və ya qərəzli münasibətə məruz qalmayıb. İşin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Beləliklə, birinci instansiya məhkəmə iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1348/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5159/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5159/2025
03.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver