Məhkəmə qərarları › İş №2(103)-516/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-516/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-516/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisi, Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4690/2024 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Bakı şəhəri 18 saylı Notariat ofisinin notariusunun xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydinə görə, xx.xx.2016-cı il tarixli 3M-77 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borclu İddiaçı tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat, dövlət rüsumunun əvəzi kimi 10 manat tutulmalı, tutma ipoteka predmeti olan, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi, ev № 94-də yerləşən 25 №-li mənzilə yönəldilməli və mənzil hərracda satılmalıdır. 2.İcra qeydi icraya yönəldilib və xx.xx.2019-cu ildə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, icra qeydi ləğv olunsun. İcra qeydi iki əsasla mübahisələndirilib: birinci, icra qeydinin verilməsi proseduru pozulub; ikinci, icra qeydində göstərilən məbləğ düzgün müəyyən edilməyib. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, icra qeydi ləğv olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikaytinin əsassız olduğunu bildirdi. Onlar sonuncu məhkəmə iclasnda iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.İcra qeydinin mübahisələndirilməsi qanunla müəyyən edilmiş müddətin daxilində həyata keçirilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində notariat hərəkətlərindən məhkəməyə şikayət verilməsi hüququ nəzərdə tutulub, lakin həmin hüququn həyata keçirilməsi müddəti müəyyən edilməyib. Odur ki, qanun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Bu qayda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında müəyyən edilib. 8.İddiaçı 10 günlük müddəti ötürüb. Belə ki, icra qeydi xx.xx.2019-cu ildə, iddia ərizəsi isə 4 il 10 ay sonra - xx.xx.2024-cü ildə verilib. Mülki işdə olan, iddiaçı tərəfindən icra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı icra qeydini alıb (iş v. 28). Həmin ərizədə iddiaçı icra qeydi haqqında məlumat verərək onun düzgün olmadığını iddia edir. Göründüyü kimi, iddiaçı özü təsdiq edir ki, xx.xx.2023-cü ildə icra qeydi barədə artıq məlumatlı olub. İddia ərizəsi isə məhkəməyə bu tarixdən 9 ay sonra verilib. 9.Müddət keçdikdə icra qeydini mübahisələndirmək hüququ xitam olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsində müəyyən edilmiş ümumi qaydaya görə, prosessual müddətlər keçidikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Lakin nəzərə alınmalıdır ki, məhkəmə əmrinə etiraz verilməsi üçün MPM-in 282-ci maddəsində müəyyən edilmiş prosessual müddət icra qeydinə analogiya üzrə tətbiq edilir. İcra qeydinin mübahisələndirilməsi müddətinin keçməsinin hüquqi nəticəsi qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə əmrindən fərqli olaraq icra qeydi məhkəmə aktı sayılmadığından, icra qeydinin mübahisələndirilməsi müddət keçidyi halda iddianın (şikayətin) geri qaytarılması barədə qərardad deyil, onun rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. 10.Əgər borclu hesab edirsə ki, icra qeydində göstərilən məbləğ tələbkarın hüququ çatan məbləğdən çoxdur, belə hala o, icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun məbləğini və s.) mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İcra qeydinin ləğv edilməsinə dair tələbin rədd edilməsi barədə qətnamə həmin iddianın qaldırılmasına mane olmur. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində göstərilib: “İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər”. Göründüyü kimi, mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Əgər iddia təmin olunarsa, məhkəmə icra qeydinin tam və hissəvi icra edilməməli hesab olunmasına dair qətnamə qəbul edə və bu qətnamədə müvafiq məbləği göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 224-cü maddəsinə görə, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. 11.Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4690/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisi, Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar