Məhkəmə qərarları › İş №2(103)-5162/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5162/2025

31.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5162/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Rövşən Mərəndskinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1134/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər bacı-qardaşdır. Mübahisə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev № 3-də yerləşən, sahəsi 58,80 kv.m təşkil edən 29 №-li mənzildən (bundan sonra – mənzil) istifadə hüququ ilə bağlıdır. İddiaçı mənzilin mülkiyyətçisidir, cavabdehin isə mənzildən istifadə hüququ var. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərzəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçı tərəfindən cavabdehə 21.600 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilsin və cavabdeh mənzildən çıxarılsın. 3.Cavabdeh iddiaya qarşı yazılı etirazında 54.000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirib (iş v. 47). 4.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçı tərəfindən cavabdehə 21.600 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilsin və cavabdeh mənzildən çıxarılsın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, 1982-ci il təvəllüdlüdür, doğulandan həmin mənzildə yaşayır, ailə qurmayıb, 21.600 manat komensasiya həddindən artıq azdır, 60.000 manat komensasiya ödənilsə istifadə hüququna xitam verilməsinə razı olar. Ona görə də qətnamənin ləğv edilməsini xahiş edir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. 9.Cavabdeh tərəf apellyasiya icraatı zamanı mənzilin bazar dəyərinin 250.000 manat olması barədə qiymətləndirici arayışı təqdim etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı iddia o halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini 21.600 manat müəyyən edərkən ona əsaslanıb ki, həmin ərazidə oxşar şəraitli mənzilin 1 aylıq kirayə haqqı 600 manat təşkil edir, 21.600 manat kompensasiya cavabdehə 3 il oxşar şəraitli mənzildə yaşamağa imkan verəcək (36 ay x 600 manat = 21.600 manat). 11.İddiaçı həmin ərazidə yerləşən oxşar şəraitli mənzilin 1 aylıq kirayə haqqının 600 manat olması barədə qiymətləndirici arayışı təqdim edib (iş v. 52). Cavabdeh isə apellyasiya şikayətində bildirib ki, həmin ərazidə yerləşən oxşar şəraitli mənzilin 1 aylıq kirayə haqqı 2.000-3.000 manat təşkil edir. Lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Ona görə də 1 nəfərin yaşaması üçün zəruri olan sahəyə görə 1 aylıq kirayə haqqının məbləğinin 600 manat təşkil etməsi müəyyən olunmuş sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının təklif edəcəyi kompensasiya cavabdehə oxşar şəriatli mənzildə 5 il yaşamağa imkan verməlidir. Bu hesabla kompensasiyanın məbləği 36.000 manat təşkil edir (60 ay x 600 manat = 36.000 manat). Məhkəmə kompensasiyanın məbləğini 36.000 manat müəyyən edərkən həm də nəzərə alır ki, cavabdeh başqa mənzilin - Yasamal rayonu, T.Şahbazi küçəsi, məhəllə 583, ev № 104a-da yerləşən, sahəsi 31,14 kv.m təşkil edən 27 №-li mənzilin ½ hissəsinin mülkiyyətçisidir (iş v. 55). 12.Beləliklə, cavabdehin istifadə hüququna 36.000 manat kompensasiya ödənilməklə xitam verilə bilər. Lakin iddiaçı həmin məbləğdə kompensasiya təklif etmir. Apellyasiya icraatı zamanı iki dəfə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçı məhkəmə iclaslarına gəlməmiş, təklif etdiyi kompensasiyanın məbləğini artırmamışdır. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-1134/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna 21.600 manat kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə” iddiası təmin edilməsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar