Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5163/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4849/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsinə, İddiaçı müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixində X9 fortepiano peşəsi üzrə 30 nömrəli Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. xx.xx.2019-cu il tarixdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirərək "dirijorluq" ixtisası üzrə bakalavr diplomu, xx.xx.2021-ci ildə isə Azərbaycan Milli Konservatoriyasını bitirərək "dirijorluq" ixtisası üzrə magistr diplomu almışdır. İddiaçı dəfələrlə məktəb rəhbərliyinə ixtisası üzrə dərs saatları üçün müraciət etmiş, lakin hər dəfə iddiaçıya söz versələr də, məktəbdə dirijorluq dərslərinin az olduğunu səbəb göstərərək təmin etməmişdilər. Halbuki həmin ərəfələrdə məktəbdə bəzi müəllimlər 18-20 saat dirijorluq dərsləri tədris edirdilər. İddiaçıya qarşı edilmiş bu haqsızlıqla yanaşı 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktor əvəzi Nümayəndə iddiaçını məcburi şəkildə xx.xx.2025-ci il tarixində keçirilmiş Fortepiano müəllimlərinin attestasiya imtahanına göndərmiş və iddiaçıya narahat olmamasını, bu attestasiyadan keçməsə belə, iddiaçını ixtisasına uyğun dirijorluq dərs saatları ilə təmin edəcəyini bildirmişdir. Lakin attestasiya imtahanının nəticələri bəlli olmamışdan öncə direktor əvəzi Nümayəndə dəfələrlə iddiaçıya və digər müəllim yoldaşlarına könüllü ərizə yazaraq işdən çıxmaqlarını təklif etmiş, əks təqdirdə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən işdən azad olunacaqlarını bildirmişdir. İddiaçı könüllü olaraq işdən çıxmaq barəsində ərizə yazmadığı üçün xx.xx.2025-ci il tarixdə Nümayəndə iddiaçıya 30 nömrəli Uşaq Musiqi Məktəbinin 42 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçıya bildirmişdilər ki, guya o, attestasiyadan yüksək nəticə əldə edə bilməmişdir. Halbuki attestasiyadan sonra müsbət nəticə əldə etdiyi barədə iddaçıya Nümayəndə tərəfindən şifahi bildirilmişdir. İddiaçıya təqdim olunmuş xitamla bağlı 42 nömrəli əmrdə (3-cü abzasda) onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin "1-ci hissəsi ilə müəyyən olunmuş hallara malik olmadığı və imtina etdiyi yazılsa da, bu hal iddiaçı barəsində deyil, Kəmalə Allahveriyeva adlı şəxs barəsində qeyd olunmuşdur. Göründüyü kimi bir əmrdə iki ayrı-ayrı şəxsin adının qeyd edilməsi də, əmrin qanuna zidd olduğunu göstərir. Attestasiyadan əvvəl və sonrakı bütün bu yaşananlar bir-birinə ziddiyət təşkil edir və iddiaçı hesab edir ki, onun hüquqları pozulmuşdur. Həmçinin iddiaçının himayəsində iki azyaşlı övladı var və kiçik övladı 3 yaşındadır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Bundan başqa cavabdehlə aralarında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında "Barışıq Sazişi"nin imzalanmasına cəhd olunmuş, bu baş tutmadığından "ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi" barədə xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilmək haqqında əmr əmək qanunvericiliyinə zidd verilmişdir və əsassızdır. Odur ki, xx.xx.2025-ci il tarixli, 42 nömrəli əmr ləğv edilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi attestasiya adı altında kütləvi şəkildə qərəzli təşkil edilmiş və həqiqətə uygun deyildir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-4849/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim İlahə Abbasova) ilə iddia təmin edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 02 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini pozmuş, qətnamə qanunsuz və əsassız olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bundan başqa, məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməmiş, əksinə iddiaçının məhkəməyə bildirdiyi halların həqiqəti əks etdirməməsinə və işin faktiki halları ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar üzrə araşdırma və hüquqi əsaslandırma aparmamış, işə səthi yanaşaraq, şablon, ümumi ifadələrlə iddianı təmin etmişdir. Rayon məhkəməsi sübutetmə yükünun iddiaçı üzərində olduğunu qətnamədə qeyd etsə də, yalnız iddiaçının uydurma izahatını nəzərə almış, əks olaraq cavabdehin rəsmi sənəd və qanunvericiliyə uyğun qaydada əldə edilmiş və təqdim etdiyi mötəbər sübutları nəzərə almamışdır. Məhkəmə iddiaçının heç bir faktla sübut edilməyən, məntiqsiz və işin predmetinə aid olmayan arqumentlər əsasında detallı araşdırma aparmadan, sübutları tədqiq və təhlil etmədən, məntiqi uzlaşmaya dayanmadan və faktları tutuşdurmadan işə səthi yanaşma göstərərək səhv qənaətə gəlmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
8. İddiaçı ilə 30 nömrəli Uşaq Musiqi məktəbi arasında bağlanmış 15 mart 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Y.Məmmədovaya ünvanlanmış 02 mart 2018-ci il tarixli, 15/138 nömrəli məktubun surətindən görünür ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin 23 fevral 2018-ci il tarixli, 06 nömrəli məktuba əsasən orta ixtisas təhsilli vətəndaş X1 fortepiano ixtisası üzrə 2017- 2018-ci tədris ilinin sonunadək əvəzçi müəllim vəzifəsinə təyin edilməsinə etiraz etməmişlər.
10. 30 nömrəli Uşaq Musiqi Məktəbinin 15 mart 2018-ci il tarixli 26 nömrəli əmrin surətindən görünür ki, X4 həmin tarixdən fortepiano şöbəsinə 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti müəllim vəzifəsinə təyin edilmiş, orta ixtisas dərəcəsi 9-cu dərəcə ilə hesablanmışdır.
11. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş C seriyalı, 039013 nömrəli Bakalavr diplomunun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə X3 dirijorluq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.
12. Azərbaycan Milli Konservatoriyası tərəfindən verilmiş AM seriyalı, 037664 nömrəli Magistr diplomunun surətindən görünür ki, İxtisaslaşdırılmış Şuranın 27 yanvar 2021-ci il tarixli qərarı ilə İddiaçı dirijorluq ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir.
13. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 12 mart 2025-ci il tarixli 1 nömrəli protokolun surətindən görünür ki, attestasiyada 15 nəfər əməkdaş - Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Nigar Abbasova, müəllimlər Lalə Qədirova, Nəzakət Quluzadə, Vəzifə Ramazanova, Ülviyyə Mikayılova, Mirvari Qasımova, İradə Qasımova, Svetlana Hasilova, Kəmalə Allahverdiyeva, Zəminə İbrahimzadə, Nənəxanım Bağırova, Gülçin Məmmədova, Günay Rizvanova, İddiaçı, Tamilla Əliyeva iştirak etmişdir.
14. Həmin protokoldan müəyyən edilir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Nigar Abbasova, müəllimlər Lalə Qədirova, Vəzifə Ramazanova, Svetlana Hasilova, Zəminə İbrahimzadə, Tamilla Əliyeva tutduqları vəzifələrə uyğun hesab edilmiş, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Nəzakət Quluzadə, Ülviyyə Mikayılova, Mirvari Qasımova, İradə Qasımova, Kəmalə Allahverdiyeva, Nənəxanım Bağırova, Gülçin Məmmədova, Günay Rizvanova, İddiaçı tutduqları vəzifələrə uyğun hesab edilməmişdirlər.
15. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə və həmin məktəbin müəllimləri Gülnarə Həsənova, Səbinə İsazadə, Nigar Abbasova, Gülnar Rəcəbova tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən bu məktəbin müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri ilə tanış edilmiş, bu hallara malik olmaması haqqında müəssisənin məlumatı olsa da, o, bu haqda yazılı məlumat verməkdən imtina etmişdir.
16. Bakı şəhər Mədəniyyət Baş İdarəsi 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarını və Kəmalə Allahverdiyevanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
17. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur).
18. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı 12 avqust 2020-ci il təvəllüdlü X5 və 08 noyabr 2021-ci il təvəllüdlü X6 adında azyaşlı övladları var. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
19. Maddə 11. İşəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır.
20. Maddə 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
21. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
22. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
23. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
24. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
25. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
26. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
27. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
28. Maddə 66 Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiyası keçirilmir.
29. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Maddə 67.2 İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
31. Maddə 67.3 İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
32. Maddə 67.4 İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
33. Maddə 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
34. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
35. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
36. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Maddə 74. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
38. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
39. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
40. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
41. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
42. Maddə 85.1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.
3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.
43. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.
44. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
45. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının:
46. 2.1-ci maddəsinə attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.
47. 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
48. 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
55. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
56. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
60. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
62. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
64. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Rayon məhkəməsində təqdim olunan sübutlarla müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin 15 mart 2018-ci il tarixli 26 nömrəli əmrinə əsasən həmin məktəbdə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmrə əsasən iddiaçı 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir. İddiaçıya dirijorluq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi Dövlət Attestasiya Komissiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə, dirijorluq ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi 27 yanvar 2021-ci il tarixli qərarı ilə verilmişdir. Buna baxmayaraq iddiaçı ixtisasına uyğun işlə təmin edilməmişdir. 12 mart 2025-ci il tarixdə 30 saylı Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin 02 aprel 2025ci il tarixli 42 nömrəli əmrinə əsasən Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, mübahisələndirilən əmr qəbul edilərkən iddiaçının 3 və 4 yaşı olan iki azyaşlı uşağı olmuş, eləcə də iddiaçı sonuncu analıq məzuniyyətindən yeni qayıtmışdır.
67. Rayon məhkəməsi qeyd etmişdir ki, İddiaçı dirijorluq ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. 15 mart 2018-ci il tarixdə iddiaçı 30 nömrəli Uşaq Musiqi Məktəbində 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir. İddiaçının 12 avqust 2020-ci il tarixdə və 08 noyabr 2021-ci il tarixdə övladları olmuş və 2023-cü ilədək sosial məzuniyyətdə olmuşdur. İşə qayıtdıqdan sonra məktəbin direktoruna ona öz ixtisasına uyğun olaraq ona xor-dirijor dərslərini verilməsini xahiş etsə də, ona sentyabr ayından öz ixtisası üzrə dərs saatlarının veriləcəyi, hazırkı attestasiyada iştirak etməsi bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda dərs saatlarının az olduğu üçün iddiaçıya dirijorluq dərslərinin verilməməsini təsdiq etmişdir. Beləliklə, iddiaçının fortepiano ixtisası üzrə müvəqqəti müəllim kimi işləməsi və öz ixtisasına uyğun olaraq attestasiya edilməməsi iş materialları ilə təsdiq edilmişdir. Bundan başqa da müəyyən olunmuşdur ki, iddiaçı uşaqlarının doğulması ilə əlaqədar olaraq son üç ildə sosial məzuniyyətdə olmuş, demək ki, həm də yerinə yetirdiyi və ixtisasına uyğun olmayan işi üzrə də xeyli müddət üzürlü səbəblərdən fəliyyət göstərməmişdir. Lakin işəgötürən tərəfindən attestasiya zamanı mühüm əhəmiyyəti olan bu hallar nəzərə alınmamışdır. Digər tərəfdən işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq 30 nömrəli Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir.
68. Cavabdeh apellyasiya şikayətində attestasiya imtahanı keçirilən zaman iddiaçının suallara cavab vermədiyinə görə işlədiyi vəzifəyə uyğun hesab olunmadığını qeyd etmişdir.
69. Məhkəmə qeyd edir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı, həm də dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.
70. Belə ki, mülki iş materiallarında olan Attestasiya vərəqəsindən görünür ki, iddiaçı forpepiano ixtisasını 2015-ci ildə, dirijorlug ixtisasını 2019 və 2021-ci ildə almış, ixtisasartırmada iştirak etməmiş, ona verilən bütün suallar fortepiano ixtisası üzrə olmuşdur. Beləliklə, Komissiya iddiaçının fortepiano ixtisası üzrə ali təhsilinin olmamasına diqqət yetirməyərək, iddiaçının ali təhsili dirijorlug ixtisası ilə bağlı olduğunu nəzərə almadan, həmçinin iddiaçının uzun müddət analıq məzuniyyətdə olduğunu, hətta işlədiyi peşə üzrə də xeyli müddət fəliyyət göstərmədiyini və işlədiyi müddətdə ixtisasartırma kursuna cəlb olunmadığını nəzərə almadan, eləcə də onunla bağlı heç bir tövsiyyə, yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir.
71. Həmçinin işəgötürən iddiaçının öz ixtisasına uyğun olaraq attestasiyadan keçməməsini, himayəsində xx.xx.2020-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı olduğu üçün iddiaçının işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən, onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən isə 02 aprel 2025-ci il tarixli, 42 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.
72. Beləliklə də, hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normalarını nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz.
73. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
74. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
75. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
77. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
78. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4849/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.