Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5166/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil, Cavabdeh iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında 10 iyul 2023-cü il tarixdə “Xaricdə təhsil proqramı” adlandırılan müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, X3 (tələbə) Türkiyə Respublikasında ali təhsil müəssisəsinə - Tokat Gaziosmanpaşa universiteti bakalavr pilləsinə qəbul prosesinin təşkili ilə bağlı prosesləri başa çatdırmağı, Cavabdeh isə tələbənin qəbul prosesi tamamlandıqdan sonra MMC-nə 1500 manat ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 7.1-ci bəndində göstərilmişdir ki, müqavilə tələbə və ya tələbənin qanuni nümayəndəsi, qəyyumu (himayəçisi) tərəfindən imzalandığı andan qüvvəyə minir.
3. X5 Gaziosmanpaşa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbul sənədindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Nadir Əliyev "Halkla İlişkilər və Reklamçılıq” bölümünə qəbul edilmişdir.
4. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmiş, məktubda xidmət haqqının ödənilməsinin 3 gün ərzində təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. "Beynəlxalq Təhsil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə müqaviləyə əsasən cavabdehdən 1500 (bir min beş yüz) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manatın və ödənilmiş 35 manat dövlət rüsumunun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında X8 Respublikasında Tokat Gaziosmanpaşa universitetinə qəbul prosesinin həyata keçirilməsi ilə bağlı 10 iyul 2023-cü il tarixində müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq MMC, üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmişdir. X4 X1 Öğrenci Koordinatörlüğü tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli “X10”ndan da görünür ki, X2 İlişkilər və Reklamçılıq bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda Cavabdeh 1500 (bir min beş yüz) manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin 3.1.6-ci maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş məbləği ödəmədiyi təqdirdə "Beynəlxalq Təhsil mərkəzi” MMC-nin tələbəyə xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq o, borcunu ödəməmişdir.
7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, uşaqla hər hansı bir qohumluq əlaqəsi yoxdur, hadisənin şahidi olmuşdur. Uşaq rus bölməsində oxuduğu üçün həmin sənədin tərcüməsi ilə bağlı sənəd tələb etmişlər, valideyninin üzərində olmadığı üçün o, sənədini təqdim etmişdir. Ondan xahiş etmişlər ki, sürücü kimi onları Şüvəlan qəsəbəsindən Bakı şəhərinə gətirsin, bundan başqa onlarla əlaqəsi olmamışdır.
9. Birinci instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilənin bağlandığı 10 iyul 2023-cü il tarixdə tələbə - xx.xx.2005-ci il təvəllüdlü X7 18 yaşına çatmamışdır. Müqavilənin şərtlərinə əsasən belə olan halda, yəni tələbə 18 yaşına çatmayıbsa müqavilə tələbənin qanuni nümayəndəsi, qəyyumu, himayəçisi tərəfindən bağlanılmalıdır. İş materialları ilə Cavabdeh tələbə kimi qeyd edilmiş X3 qanuni nümayəndəsi, qəyyumu, himayəçisi olması faktı müəyyən olunmur. Belə ki, buna dair sübutlar iş materiallarına əlavə edilməmiş, məhkəmə araşdırması zamanı qeyd olunan sübutların məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, bununla belə, cavabdehin müqaviləni imzalamağa səlahiyyətli şəxs olması - X3 qanuni nümayəndəsi, qəyyumu, himayəçisi olması faktı sübut olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, uşaqla - X7 ilə hər hansı bir qohumluq əlaqəsi yoxdur. Uşaq rus bölməsində oxuduğu üçün həmin sənədin tərcüməsi ilə bağlı sənəd tələb etmişlər və valideynin üzərində olmadığı üçün sənədi özü təqdim etmişdir. O sadəcə sürücü kimi onları Şüvəlan qəsəbəsindən Bakı şəhərinə gətirmişdir. Bundan başqa onlarla əlaqəsi olmamışdır. Digər tərəfdən qeyd olunan müqavilə üzrə iddiaçı "Beynəlxalq Təhsil” MMC tərəfindən Cavabdeh qarşı hər hansı bir xidmət göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tələbənin qanuni nümayəndəsi, qəyyumu, himayəçisi olmadığından qeyd olunan müqaviləni bağlamaq səlahiyyəti olmamış, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə hər hansı bir xidmət göstərilməmişdir və bu səbəbdən qeyd olunan müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddiaçının tələbi də məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz.
11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 33.1-ci, 33.3-cü, 33.5-ci, 33.6-cı, 33.7-ci, 331.1-ci, 385.1-ci, 387.3-cü, 389.1-ci, 390.2-ci, 404.1-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, işin müəyyən olunmuş hallarını təhrif etdiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
14. İddiaçının məhkəmə iclasında iştirak edən vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
19. Maddə 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
20. Maddə 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
21. Maddə 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
22. Maddə 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
23. Maddə 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.
24. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
25. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
26. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
27. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
44. Birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1426/2024 saylı iş üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov