Məhkəmə qərarları › İş №2(103)-5167/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5167/2022

31.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5167/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi və son haqq-hesab) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və son haqq-hesab” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)-854/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Samux Rayon Təhsil Şöbəsinin baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 28 sentyabr 2021 -ci il tarixdən ləğv edilməsi barədə əmr verilmişdir.

2. Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin Samux rayonu, Təhsil Şöbəsinin metodisti Z.Həsənova №38 saylı, 08 fevral 2022-ci il tarixli məktubunun surətindən görünür ki, AHİK-n sədri, millət vəkili S.Möhbalıyevə ünvanladığınız xx.xx.2022-ci il tarixli elektron ərizənizə cavab olaraq bildiririk ki, ATİAHİ Samux rayon komitəsinin sədri N.Hüseynovun və ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü B.Hacıyevin rəsmi məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə Samux rayonu Təhsil Şöbəsinin X10nın növbəti iclası keçirilmişdir. İclas təlimata uyğun aparılmış və açıq səsvermə yolu ilə komitə üzvləri seçilmiş, H.Hüseynova X10 komitəsinə sədr seçilmişdir.

3. Samux rayon Təhsil Şöbəsinin X10 Komitəsinin H.Ş.Hüseynovanın 09 sentyabr 2021-ci il tarixli, 02 saylı qərarından görünür ki, Samux rayon Təhsil Şöbəsinin müdiri tərəfindən X10 təşkilatına təqdim edilmiş təqdimat nəzərə alınsın. Samux rayon Təhsil Şöbəsinin işçisi (baş mühasib) İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinə (ç bəndi) əsasən xitam veriməsinə razılıq verilsin..

4. Azərbaycan Respublikası TN-nin İnsan resursları şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, hal-hazırda Samux RTŞ-də baş mühasib vəzifəsini icra edən İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitəcəkdir. Fəaliyyətində buraxdığı nöqsanlara və verilən tapşırıqları vaxtında icra etmədiyinə görə onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsini xahiş edilmişdir. Həmçinin mühasibatlıq sahəsində 29 il iş təcrübəsi olan X1 müddətli müqavilə əsasında Samux RTŞ-nin baş mühasibi vəzifəsinə təyin edilməsini xahiş edilmişdir.

5. 06.09.2021-ci il tarixli, 53-114 saylı Samux Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, Samux RTŞ-nin baş mühasibi vəzifəsini icra etmiş İddiaçı fəaliyyəti dövründə aşağıdakı nöqsanlara yol vermişdir: 1. Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra etməmişdi. Bununda nəticəsində müxtəlif dövlət orqanlarından haqlı iradlar daxil olmuş, həmçinin cərimə və maliyyə sanksiyası tətbiq edilmişdir. 2. Öz vəzifə funksiyasından şəxsi meyarları üçün istifadə edərək dövlət quluqçusu olmadığı halda İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə uyğun olaraq 2021-ci ilin fevral ayınadək vəzifə maaşına əlavələr yazaraq maliyyə pozuntusuna yol vermişdir.3. Əsas vəsait və az qiymətli tez köhnələn əşyaların uçot və inventarizasiyası 2016-cı ildən indiyənədək aparmamışdır. Nəticədə maliyyə təşkilatlarına verilməli olan hesabat və məlumatlar rəsmi sənədlərə əsaslanmadan təqribi verilmişdir.4. Satnux Rayon Təhsil Şöbəsi üzrə əsas vəsaitlər və mal-material qiymətləri mühasibatlıqda maddi-məsul şəxslərin hesabatlarına mədaxil olunmamış və onların cavabdehliyinə verilməmişdir. 5. 2016-cı ildən, ƏMHM-lər yaradıldıqdan sonra RTŞ balansında olan əsas vəsaitlərin az qiymətli, tez köhnələn əşyaların, idarə müəssisə və təşkilatlarla hesablaşmaların uçotu kitabına işlənilməmişdir. Göründüyü kimi İddiaçı çalışdığı müddət ərzində mühasibatlıq işini düzgün qura bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq onunla növbəti müddətə müddətli əmək müqaviləsinin bağlanılması məqsədə uyğun hesab edilmir.

6. xx.xx.2021-ci il tarixli, 00-01-119/10 saylı Samux Rayon Təhsil Şöbəsi tərəfindən Samux RTŞ X5 ünvanlanmış məktubdan görünür ki, Məlumat üçün bildiririk ki, Samux RTŞ-nin müddətli müqavilə ilə işləyən baş mühasibi İddiaçı fəaliyyətində nöqsanlar aşkarlanmışdır. Belə ki, o vəzifə funksiyalarından istifadə edərək dövlət qulluqçusu olmadığı halda öz vəzifə maaşına “2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə və staja görə əlavələr yazaraq 2021-ci ilin fevral ayınadək olan müddətdə pul vəsaitlərini mənimsəmişdir. Həmçinin 2016- cı ildə ərazi X3 yaradıldıqdan sonra Samux Rayon Təhsil Şöbəsində İnventarizasiya və balansa alınma aparılmamışdır. Yuxarıda qeyd olunan nöqsanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinin ləğvedilməsinə münasibət bildirməyinizi Sizdən xahiş edilmişdir.

7. 06 dekabr 2021-ci il tarixli Dövlət əmək X2 ərazi idarəsinin məktubundan görünür ki, Samux rayon Təhsil Şöbəsinin xx.xx.2021-ci il, tarixli 00-01-156/10 nömrəli cavab məktubunda, həmçinin şöbənin müdiri X6 regional ərazi-şöbəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli yazılı məlumatında, xx.xx.2021-ci il tarixdə Sizə təqdim etmək üçün Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinizin şöbəyə göndərildiyi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinizin eyni zamanda əmək kitabçanızın Sizə təqdim olunmasına baxmayaraq, xitam bildirişinizi, əmək kitabçanızı götürməkdən imtina etdiyiniz öhdənizdə olan maliyyə sənədlərini və elektron imzanı təhvil verməyərək işdən getdiyiniz bildirilmişdi. Dəfələrlə telefon vasitəsi ilə Sizinlə əlaqə saxlanıldığı, şifahi olaraq şöbəyə dəvət olunmağınıza baxmayaraq şöbəyə gəlmədiyiniz, xx.xx.2021-ci il tarixdə öhdənizdə olan maliyyə sənədlərini təhvil vermək habelə əmək kitabçanızı təhvil almaq adı altında şöbənin binasına daxil olduğunuz işə davamiyyət jurnalının saxlandığı qəbul otağında böyük mütəxəssisin olmamasından istifadə edərək işçilərin işə davamiyyət tabelinə xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərinə imza edərək getdiyiniz, xx.xx.2021-ci il tarixdən sonra işdə olmadığınız, işdən azad olunduğunuzu bildikdən sonra xidməti kompüterinizdə maliyyə sənədlərini bilərəkdən silib korladığınız, xx.xx.2021-ci il tarixədək öhdənizdə olan sənədləri təhvil vermədiyiniz, xx.xx.2021-ci il tarixdə öhdənizdə olan sənədləri və inventarları təhvil verdikdən sonra maliyyə işlərinin şöbənin müavininə həvalə edildiyi, bu barədə Maliyyə Nazirliyinin Xəzinədarlıq filialına məlumat verildikdən sonra maliyyə əməliyyatlarının aparılmasının mümkün olduğu, bu səbəbdən də şöbənin işçilərinin 2021ci ilin sentyabr ayı üzrə əmək haqlarının eyni zamanda işəgötürənin son haqq-hesabının xx.xx.2021-ci il tarixdə ödənildiyi cavab məktubunda və məlumatda bildirilmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq işdən çıxarkən Sizə düşən bütün ödənclər işdən çıxdığınız gün verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Odur ki, yuxarıda qeyd olunanlarla razılaşmadığınız təqdirdə işəgötürənlə aranızda yaranmış mübahisəli halın həlli məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci bəndinə əsasən məhkəməyə müraciət etmək hüququnuz vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək hüquqlarının kobud şəkildə pozulduğunu nəzərə alaraq iddia ərizəsində göstərdiyi qanun pozuntularının araşdırılmasını və hüquqi qiymət verilərək iddiaçının işə bərpa olunmağı və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi, əmək kitabçası ona təqdim olunan xx.xx.2021-ci ilədək əmək haqqının ödənilməsi və son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ona ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdən Samux rayon Təhsil Şöbəsində katibə-makinaçı kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.2001-ci il tarixdən Samux rayon Təhsil Şöbəsinin xx.xx.2001-ci il tarixli 01 nömrəli əmrinə əsasən 0,5 ştat vahidi mühasib vəzifəsinə təyin olunmuş və həmin vəzifədə xx.xx.2011- ci ilədək işləmişdir. 02 noyabr 2011-ci il tarixindən isə Samux rayon Təhsil Şöbəsində vakantda olan tam ştat vahidi ilə aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşam. Aparıcı məsləhətçi vəzifəsi Dövət qulluğu nomenklaturasına aid olan vəzifə hesab olunduğundan işlədiyi dövr ərzində ona 2-ci dərəcəli dövlət qulluqçusu dərəcəsi verilmiş və əmək haqqı dövlət qulluqçularına şamil olunan əlavələr tətbiq olunmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixdə Samux rayon Təhsil Şöbəsinin xx.xx.2016-cı il tarixli 04 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 59 nömrəli əmri əsas götürülərək Əmək Məcəlləsinin heç bir maddəsi tətbiq olunmadan, rəsmi xəbərdarlıq olunmadan və strukrur dəyişikliyə görə kompensasiya ödənilmədən əmək müqaviləmə birtərəfli qaydada xitam verilmişdir. Hansı ki,Təhsil Şöbəsinin mühasibi vəzifəsi saxlandığı halda həmin əmr ona şamil olunmurdu . Onun mək müqaviləsinə xitam verilərkən təxminən 2 ay müddətində işdən kənarda qalmış və Əmək Məcəlləsinin 77-ci maddəsində işçilərin əmək müqaviləsinə xitam verilərkən nəzərdə tutulan təminatlar ona tətbiq olunmamışdır. Nəhayət tutduğu vəzifəyə yenidən təyin olunmağı üçün ərizə ilə müraciət etmişdir. Onun ərizəsi və Samux rayon Təhsil Şöbəsinin xx.xx.2016-cı il tarixli məktubu nəzərə alınaraq Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun xx.xx.2016-cı il tarixli, 11/200-1 nömrəli əmrinə əsasən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanaraq Samux rayon Təhsil Şöbəsinə baş mühasib vəzifəsinə təyin olunmuşdur.O, eyni zamanda Təhsil Şöbəsində kadr işləri üzrə mütəxəssis ştatı olmadığından əlavə əmək haqqı ödənilmədən həmin vəzifəni də yerinə yetirmişdir. Onunla, müddətli əmək müqaviləsi bağlanarkən baş mühasib vəzifəsinin müddətli xarakter daşıyan vəzifə olmadığı nəzərə alınmamış və ƏM-nin 47-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi Samux rayon Təhsil Şöbəsində işlədiyi dövrdə onun əmək hüquqları mütəmadi olaraq pozulmuşdur. Samux rayon Təhsil Şöbəsinə 2021-ci ilin fevral ayından X4 müdir vəzifəsinə təyin olunduqdan sonra ona qarşı qərəzli münasibət göstərərək onun işdən azad olunmağı istiqamətində fəaliyyətə başlamışdır. Belə ki, öz ətrafına yaxın olan şəxslər vasitəsi ilə ona "onsuzda mən Aynurla işləməyəcəyəm, öz yaxın adamımı gətirəcəyəm " kimi xəbərlər göndərirdi. O, xx.xx.2021-ci il tarixidə daxil olmaqla işə gedərək iş vaxtının uçotu tabelinə imza etmiş və Maliyyə idarəsinə onlayn qaydada hesabatlar göndərərək öz elektron imzası ilə təsdiq etmişdir . xx.xx.2021-ci il tarixdə iş vaxtının sonunda ona rəhbərlik tərəfindən bildirildi ki , onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən birtərəfli qaydada xitam verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq əmrin surətini və əmək kitabçasının hansı səbəbdən ona təqdim olunmamasını soruşduqda ona rəhbərlik tərəfindən bildirildi ki məktəblərdə olan mal və materiallar sənin tərəfindən təhvil verilməli və sənə hesablanmış və ödənilmiş artıq əmək haqqı geri qaytarıldıqdan sonra son haqq hesabın ödənilərək əmək kitabçan və əmr sənə təqdim ediləcəkdir. Bildirir ki, Samux rayon Təhsil Şöbəsinin tabeçiliyində olan mal-materiallara görə o heç bir maddi məsuliyyət daşımır və işlədiyi dövr ərzində ona artıq əmək haqqı ödənilməmişdir. Əgər ona artıq əmək haqqı hesablanmışdırsa Maliyyə idarəsi hansı səbəbdən hesabatları qəbul edərkən hesabatı geri qaytararaq yenidən işlənməsini tələb etmirdi? Onunla, işəgötürən arasında maddi məsuliyyət üzrə müqavilə bağlanmamışdır. Məktəblərdə mövcud olan malmateriallara görə məktəb direktorları maddi məsuliyyət daşıyırlar.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)- 854/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvəlki vəzifəsinə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən suiistifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Bundan əlavə əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Habelə iş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitəcəyi və bu səbəbdən də müddətli əmək müqaviləsinə xitam verilməsi xahiş olunsa da, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hansı ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi halına qiymət verilmədən əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin məktubundan müəyyən olunur ki, Samux RTŞ-nin X10 Komitəsinin 09 sentyabr 2021-ci il tarixli qərarını imzalayan sədr həmin tarixdə səlahiyyətli olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, işəgötürənin təqdimatı Həmkarlar ittifaqı təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı üçün №02, xx.xx.2021-ci il tarixli qərar mötəbər sayıla bilməz. Əgər №02, xx.xx.2021-ci il tarixli X10 komitəsinin qərarı mötəbər deyildirsə, bu zaman ƏM-nin 80.1 və 80.2-ci maddəsinin imperativ tələblərinin işəgötürən tərəfindən gözlənilmədiyi, yəni həmin müddəaların pozulduğu müəyyən olunur. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Eyni zamanda iddia tələbinin “son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ödənilməsi” hissəsində qeyd edilməlidir ki, bu hissədə iddia tələbi heç bir hüquqi əsasa söykənmir. İddiaçı hansı əsaslardan çıxış edərək, gecikdirilmiş vaxt üçün 2 faiz ödənc tələb etməsini əsaslandıra bilməmiş, habelə məhkəmənin bu sahədə ixtisaslı biliklərə malik olmadığı halda həmin ödəncin hesablanması üsulu və qaydasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbinin “son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ödənilməsi” hissəsində iddia təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 45, 71, 72 və digər maddələrə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, Samux Rayon TŞ-nin başmühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədəyinə görə əmək müqaviləsi ləğv edilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 3.3cü bəndində qeyd edilir ki, İşçi ƏM-nin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. ƏM-nin və müqavilənin qeyd edilən müddəalarından göründüyü kimi, əmək funksiyasının yerinə yetirilməsi həm də işçinin əsas vəzifəsidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ƏM-nin yalnız bir maddəi ilə 70-ci maddəsinin ç bəndi ilə ləğv edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş materiallarına əlavə edilmiş SamuxRayon TŞ-nin Samu rayon RTŞ-nin Həmkarlar Təşkilatına ünvanladığıxx.xx.2021-ci il tarixli 00- 01-119/10 saylı məktubundan görünür ki, əmr verilərkən ƏM-nin 80-ci maddəsinin tələbləri pozulmamışdır. ş materiallarına əlavə edilmiş Təhsil Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı baş mühasib vəzifəsini icra edərkən vəzifə funksiyalarında sui-istifadə edərək dövlət qulluqçusu olmadığı halda vəzifə maşını 2-ci dərəcə dövlət qulluqçusu” ixtisas və staja görə əlavələr yazaraq pul vəsaitlərini mənimsəmişdir. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Bu maddənin tələbinə uyğun olaraq, yalnız ixtisas dərəcəsi verilmiş dövlət qulluqçusu vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə hüququ vardır. Lakin iş materiallarından göründüyü kimi, İddiaçı dövlət qulluqçusu olmadığı hada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünə əlavə güzəştlər tətbiq etmişdir. İddiaçının vəzifə funksiyayasına aid olmasına baxmayaraq, 2016cı ildən Təhsil Şöbəsində əsas vəsaitlərin və az qiymətli tez köhnələn əşyaların uçot və inventarizasiyası aparılmamış və əmlak balansa götürülməmişdir. Təhsil şöbəsi üzrə əsas vəsaitlər və malmaterial qiymətləri mühasibatlıqda maddi - məsul şəxslərin hesabatlarına mədaxil olunmamış və onların cavabdehliyinə verilməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı vəzifə funksiyalarını qanunvericiliyin tələblərə uyğun təşkil edə bilməmişdir. İşə baxanməhkəmə iddiaçının fəaliyyəti dövründə yol verdiyi qanun pozuntularına əhəmiyyət verməyərək, hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhkəmə iddiaçının fəaliyyəti dövründə yol verdiyi ciddi qanun pozuntularını formal və ümumi mülahizələrdən ibarət əsaslar kimi qəbul etmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdə nöqsanların əsaslı olmasına baxmayaraq, məhkəmə bu pozuntlara hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı öz izahatında özünə İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə uyğun əmək haqqı və ona əlavələr yazaraq maliyyə pozuntusu törətdiyini təsdiq etsə də, lakin məhkəmə buna əhəmiyyət verməmişdir. İddiaçının bu əməli vəzifə səlahiyyətlərindən sui-istufadə etdiyini, vəzifə funksiyalrını yerinə yetirmədiyi təsdiq olunmasına baxmayaraq, onun işə bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, işçinin vəzifə səlahiyyətlərindən suiistifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamuşdur. ƏMnin 70-ci maddəsinin “Ç” bəndinə qeyd edilir ki, “işçi özünün əmək funksiyasını və ya müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə” … əmək vəzifələrini kobud şəkildə pozulması əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə qətnamədə iddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin pozulmadığını bildirsə də, lakin bu pozuntular işçinin əmək funksiyalarına aid olmasına münasibət bildirməmişdir. Belə ki, “Bütün sahələr üçün ümumi olanqulluqçu vəzifələrinin X11 Kitabçası”na əsasən, Baş mühasibin əmək funksiyası- mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun təyin edilməsinin, aktivlərin və ödəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasının qaydalarına riayət edilməsinə nəzarət edir. İddiaçının vəzifə funksiyayasına aid olmasına baxmayaraq, 2016-cı ildən Təhsil Şöbəsində əsas vəsaitlərin və az qiymətli tez köhnələn əşyaların uçot və inventarizasiyası aparılmamış və əmlak balansa götürülməmişdir. Təhsil şöbəsi üzrə əsas vəsaitlər və mal-material qiymətləri mühasibatlıqda maddi - məsul şəxslərin hesabatlarına mədaxil olunmamış və onların cavabdehliyinə verilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, yalnız ƏM-nin 70-ci maddəsinin tətbiqi ƏM-nin 76-cı və 80-ci maddələrinin pozulması qənaətinə gələrək formal əsaslarla qərar qəbul etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələbinin dəlillərini müdafiə etməklə, apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

18. 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

19. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

20. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

21. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

22. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

23. 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir.

24. 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

25. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

26. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

27. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

28. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, ayhq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, iddiaçı isə qətnaməni – iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmiş, belə olan halda qətnamə cavabdehə münasibətdə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir.

33. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə xx.xx.2020-ci il tarixdə Samux Rayon Təhsil Şöbəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, K-1232 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü, 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Samux Rayon Təhsil Şöbəsinə baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 28 sentyabr 2021-ci il tarixdən ləğv edilmişdir.

34. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

35. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

36. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

37. Lakin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

38. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən suiistifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır.

39. Bundan başqa əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi.

40. Habelə iş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitəcəyi və bu səbəbdən də müddətli əmək müqaviləsinə xitam verilməsi xahiş olunsa da, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hansı ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

41. Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi halına qiymət verilmədən əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir.

42. Bununla yanaşı iş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin məktubundan müəyyən olunur ki, Samux RTŞ-nin X10 Komitəsinin 09 sentyabr 2021-ci il tarixli qərarını imzalayan sədr həmin tarixdə səlahiyyətli olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, işəgötürənin təqdimatı Həmkarlar ittifaqı təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı üçün №02, xx.xx.2021-ci il tarixli qərar mötəbər sayıla bilməz. Əgər №02, xx.xx.2021-ci il tarixli X10 komitəsinin qərarı mötəbər deyildirsə, bu zaman ƏM-nin 80.1 və 80.2-ci maddəsinin imperativ tələblərinin işəgötürən tərəfindən gözlənilmədiyi, yəni həmin müddəaların pozulduğu müəyyən olunur.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

44. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

45. 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

46. Göründüyü kimi işəgötürən ƏM-nin yuxarıda qeyd olunmuş müddəalarını da pozmuşdur.

47. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1 -ci maddəsində deyilir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin ....70-ci .... maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə .... çıxarır.

48. Birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarına istinad etməklə düzgün olaraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır.

49. Həmçinin Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, xx.xx.2021-ci iltarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilməsi barədə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir.

51. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud olmamışdır.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, işin qeyd olunan halları ilə iddia tələbinin mübahisələndirilən hissədə əsaslı olması müəyyən edilmişdir, eyni zamanda apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır.

53. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)-854/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar