Məhkəmə qərarları › İş №2(103)-517/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-517/2023

01.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-517/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər:sığorta pulu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh "xxxx" ASC-də sığorta olunmuş və ona TİOG23140 saylı, xx.xx.2019-cu il tarixli “Səyahət Sığortası Şəhadətnaməsi” verilmişdir. Sığorta məbləği 50.000 manat, azadolma məbləği 30 manat, sığorta haqqı 120 manat müəyyən olunmuşdur. Həmin müqavilədə sığortanın müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müəyyən edilmişdir. İddiaçı ABŞ-da ailə üzvünün ziyarətinə gedərkən halının pisləşdiyini, baş vermiş halın qəfil xəstəlik olub gözlənilmədən baş verdiyini, xx.xx.2020-ci il tarixində ABŞ-da yerləşən X6 Center (Boston, MA) tibb mərkəzində sol ayağında əməliyyat icra edildiyini bildirir və əməliyyatın xərclərinin ödənilməsini tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ABŞ-da olarkən müalicəsinə xərclədiyi 30253.88 ABŞ dolları sığorta haqqının, 2020-ci ilin 24 fevralından məhkəməyə müraciət olunan tarixə, 25 avqust 2021ci il tarixə kimi 540 gün üçün hər günə 0,1 faizi dəbbə pulu, cəmi 16335 ABŞ dolları və vəkil üçün ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 30 manat döblət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X2 ABŞ-ın Boston şəhərində Masaşutes Universitetini bitirib və uzun illərdir ki, ABŞ-da yaşayır və ailəlidir, 2 nəvəsi orada yaşayır. 2019-cu ilin mart ayında həyat yoldaşı ilə nəvələrinin yanına getmişlər. Səyahətə çıxmamışdan əvvəl hər il səyahət sığortası bağlayırlar ki, qəfil xəstəliklər, bədbəxt hadisələr baş verərsə ailə üzvləri çıxılmaz vəziyyətdə qalmasın. Bu dəfə də səyahət sığortasını Beynəlxalq sığorta fəaliyyətini həyata keçirən "xxxx" ASC ilə bağladılar və həyat yoldaşı ilə hər biri 50.000 ABŞ dolları məbləğində sığortalandılar və Tİ-OG23140 saylı, xx.xx.2019-cu il tarixli “Səhayət Sığortası Şəhadətnaməsi” aldılar. Həmin müqavilədə sığortanın müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müəyyən edilmişdir.

4. Onun qəfləti xəstəliyini cavabdeh tərəf sığorta hqqını ödəməkdən yayınmaq üçün öz düşündükləri kimi yozmağa çalışmış, sığorta ödənişinin verilməsindən əsassız imtina etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-113/2022) iddia təmin olunmamışdır.

6. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tərəflər arasında bağlanmış səhayət sığortası müqaviləsinin şərtlərinə uyğun olduğundan və imtina zamanı tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələbləri pozulmadığından, iddia tələbinin təmini üçün əsas mövcud deyildir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 887, 922-ci, Səfər Sığortası Qaydalarının 4.2, 5.1.5, 8.4-cü bəndləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində iddiaçının düçar olduğu xəstəliyin konkret olaraq necə əmələ gəlməsini əsaslandıra bilməmişdir. Ekspertin gəldiyi nəticədən belə məlum olur ki, o, iddiaçının düçar olduğu xəstəliyin qəfil xəstəlik olmasını da istisna etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmişdir.

12. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıda olmuş xəstəliklər endokrin xəstəlik – şəkərli diabet mənşəli olub qəfil xəstəlik hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina qərarı tam əsaslıdır. Qeyd olunan şəhadətnamə üzrə sığorta hadisəsi baş verməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

16. Maddə 887. Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər.

17. Maddə 922. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

Səfər Sığortası Qaydaları

18. Bənd 4.2. Sığorta olunanın - qəfil xəstəliyə məruz qalması, və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi sığorta hadisəsi hesab olunur.

19. Bənd 5.1.5. 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır.

20. Bənd 8.4. Qəfləti xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda sığorta olunanın aldığı tibbi xidmətlərə, profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərcləri sığortaçı ödəmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Hazırkı iş üzrə iddiaçı ABŞ-da ailə üzvünün ziyarətinə gedərkən halının pisləşdiyini, baş vermiş halın qəfil xəstəlik olub gözlənilmədən baş verdiyini, xx.xx.2020-ci il tarixində sol ayağında əməliyyat icra edildiyini bildirir və əməliyyatın xərclərinin ödənilməsini tələb edir.

28. Cavabdeh isə baş vermiş hadisənin qəfil xəstəlik olmadığını və sığorta hadisəsinin baş vermədiyini bildirərək iddiaya etiraz etmişdir.

29. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, T306/2022 saylı rəyi ilə 1958-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlmişdir: vətəndaş İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən “nekrotik fassiit” streptokok infeksiya, “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” endokrin xəstəlik-şəkərli diabet mənşəlidir. Qanda qlükozanın yüksək səviyyədə və həmin səviyyənin nəzarətinin çətin, eləcə də hiperlipidemiya olması vətəndaş İddiaçı ABŞ-in “X5 Medical Center” Tibb Mərkəzi tərəfindən qoyulmuş “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” diaqnozunun qəfil xəstəlik nəticəsində deyil, dücar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən yaranması haqqında fikir söyləməyə əsas verir.

30. Səfər Sığortası Qaydalarının 4.2-ci bəndinə əsasən sığorta olunanın - qəfil xəstəliyə məruz qalması, və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi sığorta hadisəsi hesab olunur. Qaydaların 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır. Qaydaların 8.4-cü bəndinə əsasən qəfləti xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda sığorta olunanın aldığı tibbi xidmətlərə, profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərcləri sığortaçı ödəmir.

31. İşdən və ekspert rəyindən görünür ki, hadisə qəfil xəstəlik nəticəsində deyil, İddiaçı uzun müddət mövcud olan diabet xəstəliyi səbəbindən baş vermiş, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuşdur.

32. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar