Məhkəmə qərarları › İş №2(103)-5171/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5171/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5171/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı; X3 cavabdeh İddiaçı qarşı mülki iş (Açar sözlər: «müqavilənin ləğv edilməsi, pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 864 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2.23 hektar torpaq sahəsinin 99 il müddətinə icarə qaydasında X9 ayrılması təsdiq edilmişdir.

2. xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əsasən podratçı X1 Quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tikintisini - işin keyfiyyətli şəkildə yerinə yetirilməsini, sifarişçi İddiaçı isə müqavilədə nəzərdə tutulan məbləği podratçıya ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi İddiaçı podratçı X4 ümumilikdə 14.200 manat məbləğində ödəniş etdiyi göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Birinci tələb üzrə İddiaçı cavabdeh X4 pul tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, 14.200 manat əsas məbləğ və 132.6 manat dövlət rüsumu olmaqla cəmi 14332.6 manatın cavabdehdən tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli “Podrat müqaviləsinə” əsasən “Podratçı” Abşeron rayonu, quşçuluq sovxozu ərazisində yerləşən 02,0 ha torpaq sahəsində 50 kv.m sahəli fərdi yaşayış evinin (evin layihəsi əlavə olunur) təmirli tikintisini həyata keçirməli, “Sifarişçi” isə 27.000 (iyirmi min) manat məbləğində vəsaiti hissə-hissə ödəməli idi. “Sifarişçi” faktiki olaraq, xx.xx.2019-cu il tarixindən etibarən Müqavilə üzrə nəzərdə tutulan 27000 (iyirmi yeddi min) manat məbləğin 14200 (on dörd min iki yüz) manat məbləğini, yəni, 52,6%-ni ödədiyinə (ödəniş cədvəli və ödəniş qəbzləri əlavə olunur) baxmayaraq, “Podratçı” “Görüləcək işlərin siyahısında (Görüləcək işlərin siyahısı əlavə olunur) nəzərdə tutulan 2-ci işi hələ də həyata keçirməmişdir. Tikinti işlərinin aparılmamasından, tikinti işlərinin sürətləndirilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etmişdir. İlk öncə cavabdeh tərəfindən ona bildirilmişdir ki, onun maliyyə sıxıntıları var ona görə hələ ki, tikintini həyata keçirə bilmir. Daha sonra isə cavabdeh ona aybaay 500 manat geri qaytarmaqla tam məbləği qaytaracağını vəd vermişdir. Verilən vədlər “puça çıxdıqdan” sonra o, 19 iyul 2019-cu il tarixli, “Podrat müqaviləsi”nin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması barədə xx.xx.2022-ci il tarixdə cavabdehə yazılı bildiriş (bildirişin surəti və tərəfə çatması barədə qəbz əlavə olunur) göndərmişdir. Lakin həmin bildirişin alınmasından 20 gündən və icra üçün tərəfimdən müəyyən edilmiş 1 gündən cəmi 21 gündən artıq keçməsinə baxmayaq, ona heç bir şifahi və ya yazılı cavab göndərilməmişdir. Eyni zamanda, qeyd edir ki, artıq cavabdehin işlərin görülməsinə dair rəftarından məlum olur ki, o işləri həyata keçirmək istəmir və keçirərsə bu işləri “başdan sovdu” yalnız “görünüş” üçün həyata keçirəcəkdir. Bununla yanaşı hesab edir ki, cavabdeh onun tərəfindən ödənilmiş vəsaiti geri qaytarmaqla özünə heç bir ziyan etmir. Belə ki, torpaq bilavasitə onun mülkiyyətindədir və istədiyi vaxt həm tikiləcək fərdi evi həm də onun altındakı torpaq sahəsini istənilən digər şəxsə sata bilər. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

6. İkinci tələb üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 19 iyul 2019-cu il tarixli Podrat müqaviləsi üzrə ödənilməyən 12.800 (on iki min səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bu iddiada göstərilir ki, tərəflər arasında 19 iyul 2019-cu il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, evin tikintisini başa çatdırıb İddiaçı təhvil verməli idi. Aralarında müqavilə ilə bağlı ödəniş cədvəli tərtib edilmiş və tikintinin ümumi dəyəri 27.000 manat müəyyən edilmişdir. İddiaçı 800 manat ilkin ödəniş etməklə, sonradan hər ay 48 ay müddətində 500 manatdan aşağı olmamaq şərtilə qalan məbləği ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 30 sentyabr 2021-ci ilədək 14.200 manat ödəniş etmiş və bundan sonra ödəniş etməməklə öhdəliyini yerinə yetirməmişdir. O, tikintinin təxminən 70 faizini işləmişdir. Cavabdeh ödəniş etmədiyinə görə də o, da tikintini dayandırmışdır. Aralarında olan razılığa görə İddiaçı ona sifariş etdiyi tikili üçün 27.000 manat verməli, həmin məlbəğin 70 faizini, yəni 18.900 manat ödədikdə ona sifariş etdiyi tikilini təhvil verməli idi. O, İddiaçı ödəniş qabiliyyətinin olmamasını görüb tikilini başa çatdırmamışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, 07 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) birinci iddianın təmin edilərək İddiaçı ilə X5 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, cavabdeh X2 14.200 manat pul və 132.6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair ikinci iddianın isə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun cavabdeh X4 aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasında yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Sifarişçi pulun yarı hissəsini ödəyib, lakin birinci iddia tələbinə əsasən tikinti plan üzrə getmədiyinə görə birinci iddiaçı podratdan imtina edir və müqavilənin ləğvini tələb edir. İkinci iddiaçı da digər tərəfi müqavilə şərtini pozmaqda ittiham edərək faktiki olaraq o, da müqavilədən imtina etmiş olur. Müqavilənin ləğvi məsələsinə qiymət vermək üçün ilk növbədə həmin müqavilə etibarlı əqd kimi tanınmalıdır. Çünki, yalnız etibarlı müqavilənin ləğvi məsələsinə baxıla bilər. Ona görə də, məhkəmə ilk öncə tərəflər arasında bağlanmış podrat müqaviləsinin əhəmiyyətli olub-olmamasını yoxlamağı zəruri hesab edir. İş materiallarının tədqiqi və tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, podrat müqaviləsinə əsasən üzərində yaşayış evi tikilməli olan torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 864 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına uyğun olaraq Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2.23 hektar torpaq sahəsi həcmində 99 il müddətinə icarə qaydasında X9 ayrılmışdır. İş materiallarının tədqiqindən və tərəflərin izahatlarından aydın olur ki, podrat müqaviləsi bağlanan zaman torpağın mülkiyyət hüququ ilə məxsus olduğu subyektdən və ya torpağa məhdud əşya hüququ olan X7 hər hansı bir razılıq alınmamışdır. Faktiki olaraq, həmin əkinçilik təyinatlı torpaq sahəsinin X8 istifadəsində olduğu halda, tərəflər arasında başqa şəxsə məxsus torpaqda fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi imzalamışlar. İşdən aydın olur ki, X11 hazırki iş üzrə tərəflər arasında onun istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı bağlanmış müqavilədə iştirak etməmiş, subyektiv iradəsini ifadə etməmiş, eyni zamanda həmin tikilinin aparılmasına hər hansı bir razılıq ərizəsi verməmişdir. Eyni zamanda, dövlət torpağında tikili aparılması ilə bağlı, torpağa dair sərəncam vermək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı ilə də, hər hansı razılıq və ya sövdələşmə olmamışdır. Deməli, əqd subyekt tərkibinə dair etibarlılıq şərtlərinə cavab vermir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərə məxsus torpaq sahəsində yaşayış evi tikintisi ilə bağlı podrat müqaviləsinin etibarlı hesab edilməsi mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə zidd olar. Bu baxımdan həmin müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edilməlidir. Məhkəmə İddiaçı tərəfindən cavabdeh Firutan Məmmədova verilmiş 14200 manatın geri qaytarılması tələbinə münasibətdə isə tələbi əsaslı hesab etmişdir. Belə ki, 14200 manatın İddiaçı tərəfindən Firutan Məmmədova verilməsi işin mübahisəsiz halıdır. Çünki, bu faktı cavabdeh tərəf də özünün iddia tələbində və izahatlarında təsdiq edir. Həmin pulun Firutan Məmmədovda qalmasını şərtləndirən hüquqi əsaslar isə yoxdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd hesab edilmişdir. Beləliklə, birinci tələb üzrə İddiaçı tərəfindən birinci tələb üzrə cavabdeh X4 verilmiş 14200 manat məbləğində pul əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarına görə geri qaytarılmalıdır. F.Məmmədov tərəfindən inşa edilmiş yarımçıq tikilinin dəyərinə gəldikdə isə, həmin tikili İddiaçı istifadəsində olan torpaq sahəsində deyil. Ona görə də, İddiaçı həmin tikiliyə sahiblənmədiyinə görə hər hansı əmlak əldə etmiş olmur. Bu baxıman, həmin yarımçıq tikilinin dəyəri İddiaçı tutulmamalıdır. Məhkəmə ikinci iş üzrə iddianın pulun tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıda sadalanan xüsusatları rəhbər tutaraq təkrarən qeyd etmişdir ki, tərəflər arasında imzalanmış həmin müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edildiyindən iddiaçının etibarsız müqavilə üzrə icra edilməmiş öhdəliyin əvəzinin ödənilməsini tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Hətta müqavilə münasibətləri mövcud olsaydı belə, işin hallarından aydın olur ki, podratçı Firutan Məmmədov üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, birinci iddianın rədd, ikinci iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını düzgün müəyyən etsə də, tərəflər arasında yaranmış podrat münasibətlərinə düzgün qiymət verməmiş, bu səbəbdən bağlanmış podrat müqaviləsini əhəmiyyətsiz hesab etmişdir. İşin mübahisəsiz halları bunlardır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, Abşeron Quşçuluq sovxozu ərazisində İddiaçı məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar X5 ilə cavabdeh İddiaçı arasında 19 iyul 2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin Podrat müqaviləsinə əsasən üzərində yaşayış evi tikilməli olan torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 864 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına uyğun olaraq Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2.23 hektar torpaq sahəsi həcmində 99 il müddətinə icarə qaydasında X9 ayrılmışdır. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi İddiaçı podratçı X4 ümumilikdə 14.200 manat məbləğində ödəniş etmişdir. Həmin Podrat müqaviləsinə əsasən İddiaçı müqavilə üzrə ödənilməmiş 12.800 manat pul vəsaiti qalmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/371 nömrəli rəyinə əsasən Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən, iş üzrə tərəflərin naturada təqdim etdiyi 0.02 ha torpaq sahəsində ölçüləri 5.0 m x 5.0 m olan mişar daşından inşa edilmiş yarımçıq tikilinin mövud olduğu müəyyən edilmişdir. Tədqiq olunan ünvanda aparılan tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3074 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilmiş və işin mübahisə edilməyən halıdır. Lakin məhkəmə iş üzrə qiymət verilməli olan digər hallara qiymət verməmişdir. Belə ki, məhkəmə əsasən tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinin kimin tərəfindən pozulmasına qiymət verməli idi. Məhkəmə həmin müqaviləni əhəmiyyətsiz hesab etdiyinə görə bu hallara qiymət verməmişdir. Yəni, məhkəmə müqavilənin subyekt tərkibinə dair şərtlərin pozulması qənaətinə gəlmiş, müqavilə üzrə inşa edilməsi nəzərdə tutulan tikilinin üçüncü şəxsə məxsus olan torpaq sahəsi üzərində tikilməsini əsas götürərək həmin üçüncü şəxsə də müqavilənin sübyekti kimi qiymət vermişdir. Halbuki, podrat müqaviləsinin tərəfləri yalnız Sifarişçi və Podratçı ola bilər və yalnız bu şəxslər bir-biriləri qarşısında həmin müqavilə üzrə öhdəlik daşıyırlar. Sifarişçi müqavilənin əhəmiyyətini mübahisələndirməmiş, əksinə həmin müqaviləni tanıyaraq həmin müqavilə üzrə yaranmış öhdəliklərin pozulmasına istinad etmişdir. Podrat müqaviləsi üzrə tikilməli olan tikilinin üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində tikilməsi isə tərəflərin həmin müqavilə üzrə yaranmış hüquq və vəzifələrinə təsir etmir. Bu halda tərəflərin üçüncü şəxs qarşısında müqaviləyə əsasən deyil, yalnız qanuna əsasən hüquq və vəzifələri yaranır ki, bu hal tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, podrat müqaviləsinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulan işi icra etməyi podratçıya sifariş verir və podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Tikinti işləri aparan zaman tikinti üçün zəruri sənədləri tələb etmək podratçının vəzifəsi deyil. Podratçı yalnız icra etdiyi işlər üçün muzd alır və inşa etdiyi tikiliyə dair verilmiş icazənin və ya yaranmış hüquqların ona aidiyyəti yoxdur. Şəhərsalma və tikinti qanunvericiliyində Sifarişçi və podratçının hüquq və vəzifələri göstərilmiş, müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqinin təmin edilməsi, tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsinin təmin edilməsi, tikinti obyektinin tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlımüvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir. Hazırki vəziyyətdə üzərində tikinti işləri aparılan torpaq sahəsinin icarədarı X11 həmin müqavilə üzrə tikinti işləri aparılmasına razılıq vermişdir və bu müqavilə onun razılığı ilə bağlanmışdır. Hətta belə bir razılıq olmasa idi belə, bunun üçün məsuliyyəti Sifarişçi daşıdığına görə həmin müqavilənin bağlanması ilə dəyən zərər də onun tərəfindən aradan qaldırılmalı idi. Əgər məhkəmə podrat müqaviləsi bağlanan zaman X8 razılığının olmamasına əsaslanırdısa, bu zaman onu üçüncü şəxs qismində işə cəlb etməli və ya onun podrat müqaviləsinə münasibətini müəyyən etməli idi. Çünki, qanunvericiliyin tələbinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məhkəmə müqaviləni əhəmiyyətsiz hesab edərkən bütün məsuliyyəti podratçının üzərinə qoymuş, podratçının həmin müqavilə üzrə çəkdiyi xərclərin kim tərəfindən ödənilməli olmasına qiymət verməmişdir. Əgər başqa şəxsin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması əsası ilə müqavilə əhəmiyyətsiz hesab edilirsə, bu zaman məhkəmə əhəmiyyətsiz müqavilə üzrə tərəflərin əldə etdiklərinin bir-birinə qaytarılmasını qət edə bilərdi. Yəni, ekspert rəyi ilə müəyyən edilir ki, podrat müqaviləsi üzrə Sifarişçinin sifarişi əsasında podratçı 3074 manat məbləğində tikinti işləri aparmışdır. Göründüyü kimi, sifarişçinin podratçıya ödədiyi 14.200 manat məbləğində pul vəsaitinin 3074 manat hissəsi tikinti işlərinə sərf edilmiş, podratçı 14.200 manat məbləğində pul vəsaitinin hamısını əldə etməmişdir. Tikintiyə dair sənədlərin hazırlanması, icazələrin alınması sifarişçinin öhdəliyidir və podratçı bu öhdəliyin pozulması üçün məsuliyyət daşımır. Belə olduqda isə müqavilə bağlanan zaman sifarişçinin qanunla ona məxsus vəzifələrini yerinə yetirməməsi müqavilənin əhəmiyyətsiz hesab edilməsi üçün əsas ola bilməz. Podratçı sifarişçidən sifariş aldıqdan sonra yalnız tikinti işlərinin yerinə yetirilməsi üzrə məsuliyyət daşıyır və tikintinin harada və ya kimin üçün tikilməsinə, gələcəkdə kimə məxsus olacağına cavabdeh deyil. Yəni, sifarişçi üçüncü şəxsə məxsus torpaq sahəsində tikinti işləri aparmasını sifariş verirsə, inşa edilmiş tikilinin gələcəkdə kimə məxsus olacağı sifarişçinin məsuliyyəti dairəsindədir. Hazırki işin halından da görünür ki, X9 məxsus torpaq sahəsi sifarişçi və podratçı arasında bağlanmış podrat müqaviləsinin predmeti deyil, bu müqavilənin predmeti fərdi yaşayış evidir və həmin evin tikintisinə və evin hüquqi rejiminə dair məsuliyyəti sifarişçi daşıyır. Evin tikintisi ilə əlaqədar sifarişçi ilə torpaq sahəsinin sahibi arasında olan və yaxud gələcəkdə yaranacaq münasibəltərin podratçıya aidiyyəti yoxdur. İşin hallarından da görünür ki, sifarişçi podratçıya ərizə ünvanalayaraq müqavilənin dayandırılmasını xahiş etmiş, bununla da müqavilədən imtina etməyini ifadə etmişdir. Belə olduqda isə podratçının sifarişçidən yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini tələb etmək hüququ yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş “REAL TV”-nin X5 barədə çəkilmiş video-reportajdan görünür ki, X5 tərəfindən müqavilə bağlamış digər şəxslər də tikdirdiyi evləri dövlət qeydiyyatına ala bilmirlər. X5 onunla sözügedən müqaviləni bağladığı vaxtda torpaq sahəsinin onun mülkiyyətində olmasını dəfələrlə israr etmişdir. Əks təqdirdə onunla müqavilə bağlamazdı. Hesab edir ki, kənd təsərrüfatlı təyinatlı torpaq üzərində yaşayış evinin tikintisi Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci iddianın rədd, ikinci iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 324.1, 324.2, 324.3 və 324.4. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1, 337.2, 337.3, 337.4, 337.5. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, birinci iddia təmin, ikinci iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Birinci iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından; ikinci iddianın faktiki əsası isə (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə birinci iddia üzrə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı, ikinci iddia üzrə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından haqlı sayılmırdı. 23.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

24. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbi fərqli göstərməsi iddiaya yalnız bu qaydada baxılması və ancaq tələbdə göstərilən məzmuna uyğun qərar qəbul olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə, eləcə də əqdin etibarlılığını yoxlaya bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

25. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün hesab edir. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə podrat müqaviləsini əhəmiyyətsiz əqd hesab edərkən haqsız olmamışdır. Çünki, podrat müqaviləsinin predmeti fərdi yaşayış evinin tikintisi olsa da, bu ev nəinki tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, həm də dövlət mülkiyyətində olan və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilməsi planlaşdırılırdı. Ona görə də müqavilənin predmeti fərdi yaşayış evinin tikintisi ilə bağlı olsa da həmin evin tikiləcəyi torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmadığından və kənd təsərrüfatı təyinatlı olduğundan bu cür əqdin predmetinin tərkib hissəsi ola bilməzdi. Çünki, əqdin predmeti qanuna ziddirsə həmin əqd əhəmyyətsiz sayılr. Başqa sözlə, əqdin predmeti olan ev heç bir halda həmin torpaqda tikilə bilməzdi. Ancaq cavabdeh bunu bildiyi halda iddiaçı ilə əhəmiyyətsiz əqd bağlamağa nail olmuşdur.

27. Bir anlığa nəzərə alınsa ki, tərələr arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, yenə də bu müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən pozulmuşdur. Çünki, iş üzrə keçirilmiş ekspertizanının rəyi ilə də təsdiq olunur ki, cavabdeh iddiaçıdan müqavilə üzrə 14200 manat alsa da, yerinə yetirdiyi tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3074 manat məbləğində müəyyən edilir. Ona görə də bu faktın özü də iddiaçıya əsas verirdi ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə ödədiyini geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən demək olar ki, həm də icra olunmamışdır, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək ödədiklərini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır.

28. Bundan əlavə, cavabdeh inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və sonuncu tərəfindən üzərində fərdi yaşayış evi tikilməsi üçün ona sifariş vediyini qeyd edir. Lakin bu dəlillər açıq-aşkar əsassız hesab edilir. Çünki, torpaq sahəsi hər hansı bir hüquqla iddiaçıya məxsus olmamış və onun tərəfindən üzərində ev tikilməsi üçün cavabdehə sifariş verilməmişdir. Əksinə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsini cavabdeh iddiaçıya təklif etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının izahatından da bəlli oldu ki, o, ümumiyyətlə Bakı şəhərində deyil, Salyan rayonunda yaşayır və orada işləyir. Bakı şəhərini yaxşı tanımasa da övladının tələbə olması ilə əlaqədar kirayədə yaşamaması üçün elan vasitəsilə cavabdehi tanımışdır. Məhz cavabdeh özünə aid torpaq sahəsində müqavilədə razılaşdırdıqları evi tikib torpaq sahəsi ilə brlikdə iddiaçıya verəcəyi barədə öhdəlik götürmüşdür. Ancaq iddiaçıdan aldığı vəsaitin əvəzində öhdəliyini demək olar ki, icra etməmişdir. Bu cür vəziyyətdə yarımçıq qalmış tikilinin iddiaçının sahibliyində və istifadəsində qalacağı da mümkünsüz sayılır. Ona görə də yarımçıq tikili cavabdehin sahibliyində və istifadəsində qaldığından ona çəkilmiş xərcin əvəzi də özünə aid edilir.

29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdin nəticələri, müqavilədən imtina, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

30. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar