Məhkəmə qərarları › İş №2(103)-5173/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5173/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5173/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 Gennadi oğlunun, onun vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(011)-219/2021 saylı qətnaməsindən Cavabdeh1 Gennadi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Gennadi oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Gennadi oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10.000 ABŞ dolları əsas borcun və gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 5 faiz miqdarında faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2018-ci ilin əvvəllərində işlədiyi 278 saylı orta məktəbdə müəllimə yoldaşı Zenfira Rzayeva həftənin hər birinci günü 100 ABŞ dolları çıxararaq oğlu Cavabdeh1 Gennadi oğlunun tanışı Cavabdeh2 ilə birlikdə “xxxx” ASC-də hesab açdıqlarını, İsveçrə bankları ilə işlədiklərini və yüksək gəlir əldə etdiklərini iddiaçıya bildirmişdir. O, həmçinin iddiaçıya banka 4.000 ABŞ dolları pul yatırdığını və bu səbəbdən hər həftənin beşinci günü “xxxx” ASC-dən 100 ABŞ dolları götürdüyünü də bildirmişdir. İddiaçı Zenfira Rzayevaya pulunu banka yatırıb gəlir əldə etmək istədiyini bildirmişdir. 16 fevral 2018-ci il tarixdə iddiaçı Cavabdeh1 Gennadi oğlu ilə Bakıxanov qəsəbəsində görüşüb 6.000 ABŞ dolları pulu ona vermişdir. Onlar birlikdə “xxxx” ASC-yə getmiş, iddiaçı plastik kart əldə etmişdir. Verdiyi pul isə Cavabdeh1 qalmışdır. Cavabdeh1 iddiaçıya 6.000 ABŞ dollarını dünya birjasında istifadə edib oradan gəlir əldə edəcəklərini və həmin gəlirdən həftədə 150 ABŞ dolları pulun “xxxx” ASC-nin vasitəsi ilə iddiaçının plastik kartına oturacağını bildirmişdir. İddiaçının plastic kartına hər həftə 150 ABŞ dollar yüklənmişdir. O, hər həftə 6.000 ABŞ dollarından əldə etdiyi gəliri kartdan çıxarmışdır. 2018-ci ilin may ayında Cavabdeh2 iddiaçıya mesaj göndərərək onun bank işlərinin Cavabdeh3 tərəfindən idarə olunacağını bildirmişdir. Cavabdeh3 iddiaçının iş yoldaşı Həcər Şükürovanın qızı olmuşdur. 03 may 2018-ci il tarixdə Cavabdeh3 iddiaçı Cavabdeh2 qohumu olduğunu, bundan sonra iddiaçının bank işlərini özü həll edəcəyini bildirmişdir. İddiaçı 04 may 2018-ci il tarixdə Cavabdeh3 ilə birlikdə “xxxx” ASC-nin Əhmədli filialına getmiş, 4.000 ABŞ dollar pul vəsaitini banka yatırmışdır. Onun “xxxx” ASC-də olan bank hesabına verdiyi 6.000 ABŞ dollar pulun gəliri olaraq karta qoyulmuş 1.590 ABŞ dollar pulun 1.500 ABŞ dollarını iddiaçı kartdan çıxarmışdır. Cavabdeh3 04 may 2018-ci il tarixdə iddiaçıya məxsus bank kartının şəklini çəkib özündə saxlamışdır. 11 may 2018-ci il tarixdə Cavabdeh3 iddiaçının işlədiyi məktəbə gələrək idarəetmə müqaviləsini ona təqdim etmiş və 10.000 ABŞ dollar pulunu özü idarə edəcəyini iddiaçıya bildirmişdir. Həmin müqavilədə həftənin beş iş günü 54 ABŞ dolları, yəni həftəyə 270 ABŞ dollar pul vəsaitinin gəlir olaraq iddiaçının kartına oturacağı göstərilmişdir. İddiaçı “xxxx” ASC-yə getdiyi zaman 04 may 2018-ci il tarixdə onun hesabından pul vəsaitinin Cavabdeh2 hesabına köçürüldüyü ona bildirilmişdir. O, Cavabdeh3 pulu tələb etmişdir. Göstərilən şəxslər 29 oktyabr 2018-ci il tarixdən iddiaçının telefon zənglərinə cavab vermirlər və müxtəlif bəhanələr gətirərək verməli olduqları 10.000 ABŞ dollar pul vəsaitini iddiaçıya geri qaytarmırlar. Həmin tarixdən bu günə kimi 10.000 ABŞ dollar pul məbləğindən Cavabdeh3 anası Həcər Şükürova 1.200 ABŞ dollar pulu geri qaytarmışdır. Cavabdehlər iddiaçını aldadaraq verdiyi 10.000 ABŞ dolları pulu ələ keçirmişlər və geri qaytarmamışlar. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gennadi oğlundan 6.000 ABŞ dolları borcun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2.800 ABŞ dolları əsas borcun və gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 5 faiz miqdarında faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(011)-219/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 Gennadi oğlundan 6.000 (altı min) ABŞ dolları, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2.800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 730 (yeddi yüz otuz) ABŞ dolları pul vəsaitinin 500 (beş yüz) ABŞ dollarının Cavabdeh1 Gennadi oğlundan, qalan 230 (iki yüz otuz) ABŞ dollarının isə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 Gennadi oğlu apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 Gennadi oğlundan 6000 ABŞ dolları məbləği pul vəsaitinin, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 500 ABŞ dolları məbləği pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə bu qənatə gələrkən, iş materiallarına əlavə edilmiş iddiaçı ilə digər Cavabdeh3 arasında yazılı formada bağlanmış, 11 may 2018-ci il tarixli idarə etmə müqaviləsini unutmuşdur. Bununla da, iddiaçı ilə hüquqlarını Cavabdeh1 Gennadi oğlu arasında iddia tələbində qeyd olunmuş 6000 (altı min) ABŞ dolları məbləği ilə bağlı hər hansı bir yazılı və ya şifahi razılıq olmamışdır. İş materiallarından da görünür ki, iddiaçının iddia etdiyi 10000 (on min) ABŞ dolları dəyərində pulun ödənilməsi barədə yazılı razılıq, yalnız iddiaçı ilə digər Cavabdeh3 arasında 11 may 2018-ci il tarixdə bağlanmış idarətmə barədə müqavilədə əks olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən qərəzli olaraq, digər Cavabdeh3 birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu, iş materiallarına əlavə edilmiş 22.02.2021-ci il tarixli iddia ərizəsinə etiraz qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Həmin iddia tələbinə etirazda, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 Gennadi oğlunun iddiaçıdan hər hansı məbləğdə ödənişin qəbul edildiyi öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin hakimi qətnamə qəbul edərkən, iddiaçı ilə digər Cavabdeh3 arasında olan ilkin iddia tələbi üzrə 10000 (on min) ABŞ dolları məğləğində idarətmə müqaviləsinin olduğunu qəbul etsədə (adı idarətmə müqaviləsi olsada, hüquqi mahiyyəti borc müqaviləsidir), sonda iddiaçının cavabdehlərdən (hüquqlarını müdafiə etdiyi Cavabdeh1 Gennadi oğlunu da bu siyahıya qanunsuz olaraq daxil edərək) ödədiyi pulu geri tələb etməkdə guya haqlı olduğundan, cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi, pulun geri qaytarmaması guya tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından guya iddianı əsaslı hesab etmişdir. İddiaçı tərəfindən 6000 (altı min) ABŞ Dolları məbləğində pulun Cavabdeh1 Gennadi oğluna verməsi iş materiallarında olan sübutlarla təsdiqini tapmadığından, Cavabdeh1la iddiaçı arasında hər hansı bir yazılı və şifahi müqavilə olmadığından, iddiaçının Cavabdeh1 Gennadioğluna qarşı hazırki iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Qanunvericiliyin tələbinə riayət olunmaqla bağlanmış müqavilə iş materiallarına əlavə olunmuş iddiaçı ilə digər Cavabdeh3 arasında bağlanmış, 11 may 2018-ci il tarixli idarəetmə müqaviləsidir. Bu halda iddiaçının digər Cavabdeh3 qarşı pretenziyası ola bilər, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 Gennadi oğluna qarşı isə iddiaçının bu cür iddia qaldırmağa nə mənəvi və hüquqi haqqı yoxdur. qətnamənin əsaslılığı ilk növbədə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması ilə izah olunmalıdır. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (MPM-nin 217.l-ci maddəsi). Hazırkı işdə isə, qətnamənin əsaslılığı qeyd olunan prosessual hüquq normasının tələblərinə cavab vermir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Gennadi oğlu, onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclaslarında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbini onun izahatı kimi qəbul edilməsini xahiş edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, 3-cü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən- Cavabdeh1 Gennadi oğlundan 6000 ABŞ dolları məbləği pul vəsaitinin, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 500 ABŞ dolları məbləği pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnaməni həmin hissələrdə mübahisələndirməklə, digər cavabdehlərin adından qətnaməni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri və vəkili dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X2 izahatında bildirmişdir ki, İddiaçı onun atasıdır. Onun bu hadisə barədə məlumatı olmamışdır. Məsələni öyrəndiyi zaman Raminlə əlaqə saxlamış, Ramin ona İddiaçı ona 4.000 ABŞ dolları pulu verdiyini bildirmiş, qalan 6.000 ABŞ dollarını isə Rzadan almasını demişdir. O, Rza ilə də dəfələrlə danışmışdır. Rza pulu alıb Raminə verdiyini bildirmişdir. Kollegiya apellyatorun tərəflər arasında hər hansı bir yazılı və ya şifahi razılıq olmaması, borc münasibətlərindən irəli gələn məbləğə görə yazılı müqavilənin bağlanmalı olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər arasında şifahi razılaşma olmuş, tərəflər arasında borc münasibətləri olmamış, hər bir tərəf üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən “xxxx” KB ASC-də 16 fevral 2018-ci il tarixdə bağlanmış ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə əsasında adsız kart iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin 16 fevral 2018-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin bağlanması zamanı banka iddiaçı ilə birgə Cavabdeh1 getmişdir. Həmin bu dəlil bank tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərdə də öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçı ilə banka getməyinin kömək məqsədilə edildiyini, ona heç bir pul vəsaitinin verilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, 19 fevral 2018-ci il tarixdən iddiaçının hesabına müxtəlif vaxtlarda müxtəlif vəsaitlər köçürülmüşdür. Belə ki, 03 may 2018-ci ilə qədər iddiaçıya məxsus hesab kartına 1.590 ABŞ dolları məbləğində vəsait köçürülmüş, 04 may 2018-ci ildə həmin hesaba 4.000 ABŞ dolları qoyulmuş, həmin gün də 4.000 ABŞ dolları pul vəsaiti hesabdan çıxarılmışdır. Daha sonra 04 maydan 27 iyun 2018-ci il tarixə qədər hesaba 600 ABŞ dolları, eyni ilin iyun ayından oktyabr ayına qədər isə hesaba 370 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Kollegiya apellyatorun pulun ona verilməməsi, iddiaçının ona qarşı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş üzrə təqdim edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı ilə pulun verilməsinə istinad edilən gündə banka getməsi, onunla uzun müddət bankda vaxt keçirməsi və bu tarixdən sonra həmin açılmış hesaba müəyyən ödənişlərin gəlməsi cavabdehin istinad etdiyi (pulun ona verilməməsi) halı təkzib etməklə, iddia tələbinin Cavabdeh1 münasibətdə əsaslı olması qənaətinə gəlməyə əsas yaradır. Eyni zamanda məhkəmə iclasında təhlil edilmiş sübutlar arasında iddiaçının oğlu Qoşqar Məmmədtağıyev ilə digər cavabdehlərin anası arasında whatsapp sosial şəbəkəsində səsli mesaj vasitəsilə aparılan danışıqların mətnindən görünür ki, Cavabdeh3 anası Həcər Şükürova 6.000 ABŞ dolları pul vəsaitinin Cavabdeh1 tərəfindən, digər 4.000 ABŞ dollarının isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən götürülməsinə istinad edilmişdir və həmin vəsaitin sığortalanmış vəsait olmasını, sığortanın bu vəsaiti cavabdehlərə qaytarması ilə onların iddiaçının pulunu qaytaracaqları barədə vədlər vermişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi Gəray Məmmədtağıyev 4.000 ABŞ dolları puldan 1.200 ABŞ dolları hissəsinin iddiaçıya verilməsini təsdiqləmiş və iddianın həmin hissədə həcmini azaltmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş idarəetmə müqaviləsindən də görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında idarəetmə müqaviləsi bağlanmış, müqavilənin predmetini 10.000 ABŞ dollarının dünya bazarında idarə edilməsi təşkil etmişdir. Cavabdeh3 və Cavabdeh2 müqaviləyə əsasən 10.000 dolların idarə edilməsini üzərinə götürmüşlər. Belə ki, müqaviləni Cavabdeh3 özü imzalamış, lakin müqavilədə Cavabdeh2 məxsus olan firmanın möhürü və rekvizitəri istifadə olunmuşdur. Məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən xüsusatlara və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki iddiaçı cavabdehdən ödədiyi pulu geri tələb etməkdə haqlı olduğudundan, cavabdehin öhdəliklərini yerinə yetirməməsi, yəni iddiaçının pulunu geri qaytarmaması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır və ona görə də təmin edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 5 faiz miqdarında faiz borcunun tutulması hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. MM-nin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun miqdarının hesablanması qaydasını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçının kart hesabına sonuncu ödəniş 29 oktyabr 2018-ci il tarixdə edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 11 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda 29 oktyabr 2018-ci il tarixdən 11 iyun 2020-ci il tarixə qədər (20 ay) illik beş faiz olmaqla cəmi 730 ABŞ dollar pul alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tutulmalı olan əsas borca münasibətdə 730 ABŞ dolları pul vəsaitinin 500 ABŞ dolları hissəsi Cavabdeh1 Gennadi oğlundan tutularaq iddiaçıya ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Gennadi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(011)- 219/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar